Seyid Camal Əzimbəyli: “Problem ondadır ki, İran məsələsində müsəlman ölkələri arasında həmrəylik yoxdur”
Yaxın Şərqdə gərginlik pik həddə çatıb. İsrail və İran arasında qarşılıqlı hava və raket zərbələri davam edir, tərəflər bir-birini daha sərt cavabla hədələyir. ABŞ-ın bölgədəki hərbi qüvvəsi və İranın regional müttəfiqlərinin prosesə qoşulması münaqişənin miqyasını genişləndirir.
Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Endirilən zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb.
Diqqəti çəkən məqam odur ki, İrana endirilən zərbələr fonunda dünyanın 56 ölkəsinin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatının varlığı hiss edilmir. Belə ki, fevralın 28-dən bu günə qədər İƏT tərəfindən müharibə ilə bağlı heç bir bəyanat yayılmayıb. Bəzi üzv ölkələr baş verənlərlə bağlı bəyanat versə də, İƏT-dən heç bir təşəbbüs ortada yoxdur. Məsələn, Azərbaycan bununla bağlı bəyanat verdi, narahatlığını bildirdi. Ancaq bəzi başqa İƏT üzvləri Amerika-İsrail zərbələrinə dəstək verdi. Bu ona gətirib çıxara bilərmi ki, İƏT bir təşkilat kimi sıradan çıxsın?
Sözügedən məsələyə aydınlıq gətirən şərqşünas Seyid Camal Əzimbəyli baki-xeber.com-a açıqlamasında İƏT-in belə zəif vəziyyətə düşməsini bir sıra amillərlə əlaqələndirdi: “Bunun müxtəlif səbəbləri var. Səbəblərdən biri onunla əlaqədardır ki, son vaxtlar İƏT-in fəaliyyətində bir passivlik var. Əvvəlki illərdə olduğu kimi, İƏT müsəlman ölkələri arasında fəallıq göstərmir, mövcud problemlərlə bağlı ortaya mövqe qoymur. Digər bir səbəb onunla əlaqədardır ki, İƏT yeni təşəbbüslərlə çıxış etmir. Başqa bir tərəfdən İƏT-də qərarlar konsensus yolu ilə əldə edilir. Problem ondadır ki, İran məsələsində müsəlman ölkələri arasında həmrəylik yoxdur. Bir sıra ərəb ölkələri İrana qarşı düşmən mövqe sərgiləyir, bu dövləti region üçün təhdid hesab edir. Bunun başlıca səbəbi Tehranın regional ambisiyaları və bəzi müsəlman dövlətlərin daxili işlərinə müdaxilə etməsi ilə əlaqədardır. Elə İƏT üzvləri var ki, onlar açıq şəkildə ABŞ-ın İranı vurmasını dəstəkləyir. Eləsi var ki, bunu açıq dəstəkləməsə də, susqun mövqe sərgiləməklə analoji mövqedən çıxış edir. Bu səbəbdən İranla bağlı məsələ İƏT-in müzakirəsinə çıxarılmır. İƏT-in İranla bağlı susqunluğu bu təşkilatın özünü buraxmasına gətirib çıxarmayacaq, amma beynəlxalq nüfuzu daha da zəifləyəcək”.
Vidadi ORDAHALLI