Günlərdir Türkiyə mediası "İmralı" dedikləri məlum mənbədən gələn məktubu söz-söz, cümlə- cümlə təhlil etməklə məşquldur... Əslində İmrali adasında ömürlük cəza çəkən PKK lideri Öcalanın tv-lərdə didik-didik araşdırılan məktubu "yola vermək" ," baş qatmaqdan" başqa şey deyil.
Bu sözləri “Bakı-Xəbər” media qrupunun rəhbəri, politoloq Aydın Quliyev özünün Facebook sosial hesabında yazıb. Politoloq daha sonra bildirir:
- Öcalanın məktubda "şiddət dövrü keçdi, demokratik siyasi çərçivədə hüquqi həll tapılmalıdır" məzmunlu fikirlərinin üstündə baş sındırılır... Sanki Abdulla Öcalan İmralı həbsxanasından Türkiyənin siyasi gündəmini idarə və müəyyən edir...
Adını "İmralı" qoyduqları terrorçubaşı Öcalanın cızma-qaralarında olmayan "dahiyanə məzmunları" axtarmaqdansa, onu hər şeyi açıq deməyə vadar etmək, bununla da Öcalanın 85 milyonluq ölkə ilə sıçan-pişik oynamasına son qoymaq olmazmı?..
SAMİRƏ