Bazar günü günü, 21 iyun 2026
     

İlham Əliyev: "Azərbaycanda ilk dəfə olaraq ...bu sistemi yaradırıq"... - FOTO/YENİLƏNDİ

Image


Yanvarın 8-də Bakıda, “Gülüstan” sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

- Hörmətli xanımlar və cənablar.

Hörmətli qonaqlar.

Sizin hamınızı ürəkdən salamlayıram. Bu gün ölkəmizin həyatında əlamətdar bir gündür. “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsini qeyd edirik. Bu, çox önəmli hadisədir. Ölkəmizin enerji potensialını gücləndirəcək stansiya bu gün artıq fəaliyyətə başlayır. Əminəm ki, 240 meqavat gücündə stansiya ölkəmizin ümumi inkişafına öz töhfəsini verəcəkdir.

Mən yaxşı xatırlayıram ki, düz dörd il bundan əvvəl - 2022-ci ilin yanvar ayında bu salonda bu stansiyanın təməlini qoymuşduq. Bu illər ərzində fəal iş aparılmışdır və bu gün biz bu gözəl hadisəni birlikdə qeyd edirik. İlk növbədə, bu stansiyanın tikintisində əməyi keçmiş bütün insanlara, şirkətlərə təşəkkürümü bildirmək istəyirəm, ilk növbədə, investor olan “ACWA Power” şirkətinə, onun rəhbərliyinə. Bu, “ACWA Power” tərəfindən Azərbaycanda inşa edilmiş birinci bərpaolunan elektrik stansiyasıdır, ancaq sonuncu deyil. Şirkətin daha böyük planları var və Azərbaycan dövləti bu planları tam dəstəkləyir. Onu da bildirməliyəm ki, “ACWA Power” şirkəti bu sahədə dünyada aparıcı şirkətlərdən biridir və eyni zamanda, Azərbaycan qurumları ilə əməkdaşlıq əsasında yeni layihələrin icra edilməsində maraqlıdır. O cümlədən ölkəmizdə ilk dəfə inşa ediləcək Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsini də yenə də bu şirkət investor kimi icra edəcəkdir.

Bu stansiyanın tikintisində baş podratçı kimi iştirak edən “Power China” şirkətinin fəaliyyətini qeyd etməliyəm. Bu şirkət bu layihədə podratçı kimi iştirak edir, ancaq digər layihələrdə, o cümlədən investor kimi iştirak edəcək. Əminəm ki, bu şirkətin nəzərdə tutduğu bütün planları Azərbaycanda həyata keçəcəkdir.

Təbii ki, Azərbaycan energetiklərinin əməyini qiymətləndirməliyəm. Çünki son illər ərzində ölkəmizdə yeni generasiya güclərinin istismara verilməsi həm çox mürəkkəb, həm məsuliyyətli bir prosesdir. O cümlədən bərpaolunan enerji növlərinin böyük həcmdə ümumi enerji sistemimizə inteqrasiya etməsi də, əlbəttə ki, böyük peşəkarlıq tələb edir, böyük vəsait tələb edir. Nəzərə alsaq ki, bundan sonrakı illərdə bərpaolunan enerji stansiyalarının Azərbaycanda tikintisi çox geniş vüsət alacaq, əlbəttə, Azərbaycan energetiklərinin fəaliyyəti daim yüksək səviyyədə olmalıdır. Yəni burada biz çox uğurlu beynəlxalq əməkdaşlıq nümunəsini görürük. Onu da bildirməliyəm ki, bundan sonra bərpaolunan enerji növlərinin yaradılması ilə daha çox xarici investorlar məşğul olacaqlar. Halbuki Azərbaycan şirkətləri də bu məsələyə maraq göstərməyə başlamışlar və artıq bir neçə Günəş elektrik stansiyasının tikintisinə də başlanılmışdır.

Bütövlükdə deyə bilərəm ki, Azərbaycanda enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi, inkişafı son illər ərzində əsas prioritetlərdən biri kimi qəbul edilmişdir. Demək olar ki, son 20 il ərzində bizim enerji sistemimiz, yəni generasiya gücləri, böyük dərəcəli yarımstansiyalar və ötürücü xətlər tamamilə yenilənmişdir.

Son 20 il ərzində ölkəmizdə yaradılmış generasiya gücləri bütün əvvəlki dövrlə müqayisədə təxminən üç dəfə artmışdır. Bu gün bizim generasiya gücümüz təxminən 10 min meqavata bərabərdir. Bu, əgər belə demək mümkündürsə, tarixi rekorddur. Ancaq nəzərə alsaq ki, bundan sonra növbəti illər ərzində bir çox yeni bərpaolunan enerji generasiya gücü yaradılacaq, əlbəttə ki, bu rəqəm daha da artacaq və bizə imkan verəcək ki, həm artan daxili tələbatı lazımi səviyyədə təmin edək, həm də elektrik enerjisini daha böyük həcmdə ixrac edək.

Onu da bildirməliyəm ki, keçən il Mingəçevirdə yeni elektrik stansiyasının açılışını qeyd edərkən bir daha əmin olduq ki, Azərbaycanda bu iki proses, yəni ənənəvi generasiya gücləri və bərpaolunan generasiya gücləri paralel şəkildə aparılmalıdır. Ancaq o təqdirdə biz istədiyimiz nəticəyə nail ola bilərik. Keçən il Mingəçevirdə istismara verilmiş ənənəvi elektrik stansiyasının generasiya gücü təxminən 2000 meqavata bərabərdir və bu gün Azərbaycan enerji təminatı, enerji təhlükəsizliyi nöqteyi-nəzərindən özünü çox rahat hiss edir. Bu yaxınlarda 230 meqavat gücündə Günəş elektrik stansiyası istismara verilmişdir. Bu gün 240 meqavat gücündə külək elektrik stansiyası, işğaldan azad edilmiş ərazilərdə - Cəbrayıl rayonunda hazırda üç Günəş elektrik stansiyası inşa edilir. Bu üç stansiyanın ümumi potensialı 340 meqavatdır.

Bu gün ölkəmizin müxtəlif yerlərində bərpaolunan enerji növləri inkişaf edir. Növbəti böyük stansiyaların açılışı Biləsuvarda, Neftçalada, Naxçıvanda, işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulur. Bu günə qədər Qaradağ rayonunda açılıb, bu gün Xızı, Abşeron rayonlarında. Yəni Azərbaycanın coğrafi vəziyyəti elədir ki, istənilən bölgədə bərpaolunan enerji növlərini istehsal etmək mümkündür. Mən hələ Xəzər dənizinin potensialını demirəm. Xəzər dənizinin Azərbaycan sektorundakı külək potensialı beynəlxalq qiymətləndirməyə görə, 157 giqavat səviyyəsindədir. Yəni növbəti illərdə artıq bu proses Azərbaycanda geniş vüsət alacaq. Azərbaycan bölgənin çox etibarlı və böyük elektrik generasiya gücünə malik ölkəsi olacaq. Mən buna şübhə etmirəm. Ona görə xarici investorları həm bu sahəyə, həm də böyük həcmdə elektrik enerjisi tələb edən digər sahələrə dəvət edirəm. Xüsusilə süni intellekt, data mərkəzlərinin yaradılması və böyük enerji gücünə tələbat olan digər sahələrə investisiya qoymağa dəvət edirəm. O cümlədən Azərbaycan şirkətlərini də.

Ölkəmizdə gözəl investisiya iqlimi vardır. Biz ölkəmizə 300 milyard dollardan çox xarici sərmayə cəlb edə bilmişik. Bu gün ölkəmizin maliyyə vəziyyəti çox müsbətdir. Mən bu yaxınlarda bu məsələ ilə bağlı geniş danışmışam. Sadəcə olaraq, onu bildirməliyəm ki, bizim bu sahədə apardığımız islahatlar, əldə edilmiş uğurlar dünyanın aparıcı reytinq agentlikləri tərəfindən də qiymətləndirilir. Təsadüfi deyil ki, bu gün bizim kredit reytinqimiz daha da artırılıb, investisiya və müsbət proqnozu olan reytinq səviyyəsinə qaldırılıb.

Bizim xarici borcumuz çox aşağı səviyyədədir, ümumi daxili məhsulumuzun təqribən 6 faizindən bir qədər çoxdur. Valyuta ehtiyatlarımız xarici borcu 16-17 dəfə üstələyir və bu göstəriciyə görə, Azərbaycan dünya miqyasında aparıcı ölkələr sırasındadır. Yəni bütün bu və başqa amillər deməyə əsas verir ki, Azərbaycana qoyulan sərmayə xeyir gətirəcək, mənfəət gətirəcək. Bu gün Azərbaycan sərmayə qoyuluşu üçün çox gözəl bir məkandır. Ölkəmizdə siyasi, iqtisadi və sosial sabitlik hökm sürür. Beş ildir ki, ölkəmiz rəsmən sülh şəraitində yaşayır, ölkəmizdə genişmiqyaslı quruculuq işləri aparılır. Ona görə bugünkü mərasimin timsalında xarici şirkətlərin bizə olan inamını da görürük və bu inam tam əsaslıdır.

Gələcək planlarla bağlı. Nəzərə alsaq ki, bizdə bərpaolunan enerji potensialı çox artacaq, əlbəttə, biz bu enerjini saxlamaq üçün infrastruktur yaratmalıyıq. Bu məqsədlə ölkəmizdə tarixdə ilk dəfə olaraq Batareya Enerji Saxlanc Sistemi də yaradılır. Birinci layihə 250 meqavatlıqdır. Bunu “AzərEnerji” öz vəsaiti hesabına icra edir. Ancaq bizim artan potensialımız tələb edəcək ki, belə Batareya Enerji Saxlanc sistemlərinin sayı daha da çoxalsın və mən xarici investorları da bu işə dəvət edirəm.

Generasiya gücləri ilə bağlı isə təkcə bunu demək kifayətdir ki, imzalanmış kontraktlar əsasında 2030-cu ilə qədər altı, 2032-ci ilə qədər isə, ümumiyyətlə, 8 giqavat gücündə külək və Günəş elektrik stansiyaları inşa ediləcək. Əgər biz su elektrik stansiyalarının potensialını əlavə etsək, bizim potensialımız təbii ki, daha da böyüyəcək. Biz son beş il ərzində Qarabağda və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına 40-a yaxın kiçik su elektrik stansiyası inşa etmişik. Bu gün onların ümumi potensialı 300 meqavatdan çoxdur.

Azad edilmiş ərazilərin potensial su elektrik stansiyalarının xəritəsi də tərtib edilib və ancaq o bölgədə biz təqribən 500, bəlkə də 600 meqavat gücündə kiçik su elektrik stansiyalarını inşa edəcəyik. Demək olar ki, bunun yarısı artıq hazırdır və bütün ölkə, o cümlədən azad edilmiş ərazilər vahid şəbəkə ilə birləşdirilib və enerji axınının istənilən istiqamətə göndərilməsi, qəbul edilməsi də təmin olunubdur.

Bu gün isə biz bu gözəl hadisəni qeyd etməklə həm görülmüş işlərə bir növ yekun vururuq və ən əsası gələcək planlarla bağlı da öz baxışlarımızı bölüşürük. Çünki yenə də deyirəm, Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması xarici investorlar tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrdir. Bu layihələrə bu günə qədər 100 milyonlarla dollar vəsait qoyulub. Mən bir daha həm xarici, həm yerli investorların fəaliyyətini bu qərara görə qiymətləndirirəm və onlara bir daha deyirəm ki, Azərbaycana sərmayə qoyun. Azərbaycan dövləti xarici sərmayələri daim qoruyur, bizim bir çox neft kontraktlarımız artıq uzun illərdir icra edilir və qəbul edilmiş qərarlarda, kontraktlarda bir dənə də olsun nəinki paraqraf, nəinki maddə, hətta bir söz də dəyişilmir və dəyişilməyəcək. Bu da xarici investorları ölkəmizə cəlb etmək üçün çox vacib bir amildir. Çünki Azərbaycan etibarlı dövlətdir. Sözümüz imzamız qədər dəyərlidir və qanunidir.

Bütövlükdə energetika sahəsində gedən proseslərə nəzər saldıqda görürük ki, bu gün bəlkə də enerji təhlükəsizliyi məsələləri daha qabarıq şəkildə ortaya çıxır. Biz uzun illərdir bu istiqamətdə fəaliyyət göstəririk. Bizim neft ixracımız, qaz ixracımız, neft məhsullarının ixracı, elektrik enerjisinin ixracı, neft-kimya məhsullarının, gübrələrin ixracı bu gün bir çox ölkələr üçün, onların enerji təhlükəsizliyini təmin etmək üçün imkan yaradır. Azərbaycan burada çox məsuliyyətli və etibarlı tərəfdaş kimi özünü göstərir, dünya miqyasında gözəl imic və etibarlı tərəfdaş adı qazanmışdır.

Əziz dostlar, bu gözəl hadisə münasibətilə sizi bir daha təbrik edirəm. Stansiyanın fəaliyyətinə uğurlar arzulayıram. Sağ olun.

x x x

Səudiyyə Ərəbistanı Krallığının energetika nazirinin müavini Nasser Əl-Qahtani çıxış edərək dedi:

-Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Zati-aliləri Prezident İlham Əliyevin iştirakı ilə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının bu gün açılışında sizinlə olmaq şərəfdir.

Bərpaolunan enerji sahəsində bu aparıcı layihə Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan Respublikası arasında tərəfdaşlığın gücünü və dərinliyini nümayiş etdirir. Krallıq bunları, bu tərəfdaşlığı xüsusən energetika sahəsində uzunmüddətli strateji münasibətlər kimi görür. Tərəfdaşlığımız daha geniş, sistemli əməkdaşlığa doğru fərdi layihələrin hüdudlarını keçir. Mövcud çərçivə sazişlərində əlavə külək gücləri, o cümlədən elektrik enerji şəbəkəsinin çevikliyini və etibarlığını artırmaq üçün batareyalarda enerji saxlanılması sistemləri əsasında quruda və dənizdə həyata keçiriləcək layihələri nəzərdə tutan uzunmüddətli inkişaf yolu əks olunur. Bu, dayanıqlı energetika sistemlərinin planlaşdırılması və inkişafı sahəsində ümumi öhdəliyimizi göstərir. Əməkdaşlığımız enerji istehsalından əlavə, həmçinin elektrik enerjisinin ötürülməsini, şəbəkənin inteqrasiyasını və kadr hazırlığını əhatə edir. Krallıq enerji stansiyaları sisteminin planlaşdırılması, bərpaolunan enerjinin şəbəkəyə daxil edilməsi və enerjinin ötürülməsi işlərinin inkişafında ekspert biliklərini Azərbaycanla mübadilə etmək üçün ölkənizlə sıx çalışır.

Biz, həmçinin regional enerji təhlükəsizliyini artıra biləcək, təmiz enerjinin daha geniş bazarlara ixracını mümkün edəcək regional interkonnektor təşəbbüsləri, həmçinin yaşıl dəhliz üzrə əməkdaşlıq üçün geniş imkanlar görürük.

Biz, həmçinin gələcək təşəbbüsləri, o cümlədən planlaşdırılan 200 meqavatlıq külək enerjisinin genişləndirilməsi layihəsində enerjinin batareyada tam yığılmasında və nəhayət, regional və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərək Xəzərdə külək potensialının qiymətləndirilməsində əldə olunmuş irəliləyişi alqışlayırıq. Bu təşəbbüslər güclü tərəfdaşlıq və etibarlı texniki təməl əsasında Azərbaycanı regional təmiz enerji qovşağına çevirməkdə ümumi məqsədimizin təzahürüdür.

Zati-aliləri, “Xızı-Abşeron” Külək Elektrik Stansiyası layihəsi aydın mesaj verir ki, Səudiyyə Ərəbistanı və Azərbaycan nəinki bugünkü enerji layihələrinin icrasında, o cümlədən dayanıqlı enerji sistemlərinin gələcəyində tərəfdaşdırlar. Burada qarşılıqlı etimad, güclü təsisatlar, həmçinin iqtisadi inkişaf, enerji təhlükəsizliyi və ətraf mühit üzrə məsuliyyət sahələrində ümumi öhdəliklər nəzərdə tutulur.

Səudiyyə Ərəbistanı Krallığının Hökuməti adından mən Azərbaycan Respublikasının Hökumətinə, tərəfdaşlarımıza, həmçinin bu layihənin uğurlu olmasına töhfə vermiş bütün şəxslərə dərin təşəkkürümüzü çatdırıram. Biz gələn illərdə bu əməkdaşlığı daha yüksək səviyyədə davam etdirməyi və tərəfdaşlığımızı inkişaf etdirməyi səmimiyyətlə arzulayırıq. Sağ olun.

X X X

Sonra Çin Xalq Respublikasının Azərbaycandakı səfiri xanım Lu Mey çıxış edərək dedi:

-Hörmətli Prezident, Zati-aliləri.

Hörmətli qonaqlar, xanımlar və cənablar, salam, sabahınız xeyir.

240 meqavatlıq “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılışında iştirak etməkdən olduqca məmnunam. Bu, böyük nailiyyətdir və bərpaolunan enerji sektorunda Çin, Azərbaycan və Səudiyyə Ərəbistanının uğurlu əməkdaşlığının bariz nümunəsidir. Mən belə bir mühüm layihənin həyata keçirilməsinə görə Azərbaycandakı Çin səfirliyi adından sizə təbriklərimi çatdırıram. Belə bir mühüm layihənin həyata keçirilməsinə dəstək vermiş bütün dostlara, yorulmadan çalışan və uğurlar qazanan bütün tərəflərə səmimi təşəkkürümü bildirirəm. Burada Çinin "Power China", Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətlərinə minnətdaram ki, onlar bu inanılmaz uğurun qazanılmasında yorulmaz fəaliyyət göstərmişlər. Yaşıl keçid və dayanıqlı inkişaf həm Çin, həm də Azərbaycan üçün prioritetdir. Hər iki tərəf məhz yaşıl və aşağıkarbonlu inkişaf, enerjinin inkişafı sahəsində Anlaşma Memorandumu imzalamışlar. Azərbaycan COP29 tədbirinə uğurla sədrlik etmişdir və o vaxtdan etibarən yaşıl enerji sahəsində inkişafa sadiq qalır. Bu, həmçinin aparıcı qlobal yaşıl enerjinin inkişafında Azərbaycanın çox mühüm rolunu göstərir.

Çin və Azərbaycan bu gün yaxşı dostlar və etibarlı tərəfdaşlardır. İllər boyu müxtəlif sahələrdə aparılan məhsuldar əməkdaşlıq bizim hərtərəfli münasibətlərimizin inkişafına böyük təkan vermişdir və xalqlarımızın faydasına xidmət edir. Prezident İlham Əliyev ötən il Çinə iki dəfə səfər etmişdir və Sədr Si Cinpin ilə hərtərəfli strateji tərəfdaşlığın məhz qurulması ilə bağlı Birgə Bəyannaməyə imza atmışdır. Beləliklə, iki ölkə arasında münasibətlərdə yeni bir səhifə açılmışdır. Məhz Sədr Si Cinpinin və Prezident İlham Əliyevin birgə rəhbərliyi ilə Çin və Azərbaycan əhatəli strateji tərəfdaşlığı inkişaf etdirir. Bu işlər sürətlə gedir. Bu, siyasi qarşılıqlı iradəyə əsaslanır və bizim praqmatik əməkdaşlığımız tarixən ən yüksək səviyyəyə çatmışdır. Məhz ikitərəfli iqtisadi-ticari əməkdaşlığımızın miqyasına gəldikdə, bu gün o davam edir, infrastruktur, yaşıl enerji, rəqəmsal innovasiyalar və maşınqayırma sahələrinə investisiyalar yatırılır. Biz “Bir kəmər, bir yol” layihəsində də çox yüksək səviyyədə əməkdaşlıq edirik. O cümlədən Çin-Avropa dəmir yolu bağlantısı və Trans-Xəzər dəhlizi istiqamətində işlər sürətlə davam edir və burada Azərbaycanın rolu güclənir.

Prezident İlham Əliyevin ilin yekunları ilə bağlı mətbuata verdiyi müsahibəsində qeyd edildiyi kimi, Çin şirkətləri Azərbaycanda bərpaolunan enerjinin inkişafı sahəsində fəaldırlar və Azərbaycan Çin şirkətlərini strateji tərəfdaş kimi seçib. Bu da onların peşəkarlığı, işinin keyfiyyəti və layihənin sürətlə icra olunması ilə bağlıdır. Bu layihə, əslində, Azərbaycanda həyata keçirilən ilk və çox böyük külək elektrik enerjisi layihəsidir. Bir halda ki, bu artıq istismara verilir, deməli, 300 minə yaxın ailə məhz bundan faydalanacaqdır. Bu, Azərbaycanın, həmçinin regionun səmərəli və davamlı inkişafına dəstək olacaqdır.

Yaşıl inkişaf hər zaman Çində müasirləşmənin bir hissəsi olubdur. Biz artıq XV beşillik planımıza başladığımız bir vaxtda Çin yaşıl enerjinin inkişafını prioritetləşdirən məsələlərə xüsusi diqqət yetirir. Çin iqtisadiyyatı qlobal səviyyədə artır və daha dayanıqlı şəkildə inkişaf edir. Çinin elm və texnologiya sahəsində dayanıqlı şəkildə əldə etdiyi nailiyyətlər bu gün qlobal iqtisadiyyata yeni bir güc gətirir. Ən vacibi isə odur ki, Çinin texnoloji innovasiyası inklüzivdir və hamı üçün açıqdır. Buna görə də biz istərdik ki, Çinin inkişaf imkanlarını da sizinlə bölüşək, Azərbaycanla və Səudiyyə Ərəbistanı ilə mübadilə edək.

Yekun olaraq vacib bir məsələni qeyd edim. 2026-cı ili biz “At İli” kimi qeyd edirik. Çin mədəniyyətində bu, uğur deməkdir. Biz bu ildə Azərbaycana da uğur arzu edirik. Bir halda ki, at varsa və həmin ünvana gəlirsə, deməli, o, özü ilə uğur gətirir. İstərdik ki, Azərbaycanda da uğurlar bol olsun.

Çox sağ olun.

x x x

Daha sonra "ACWA Power" şirkətinin təsisçisi və İcraçı direktoru Məhəmməd Əbunəyyan çıxış edərək dedi:

-Zati-aliləri.

Sizin qarşınızda çıxış etməkdən böyük şərəf və sevinc hissi duyuram. Olduqca mühüm bir layihədə iştirak edirik. Bu layihə Sizin rəhbərliyinizlə həyata keçirildi.

Cənab Prezident, Azərbaycan çox xoşbəxtdir ki, Sizin kimi rəhbəri var. Uzaqgörənliyi ilə seçilən şəxs kimi Siz islahatların necə aparılmasında, inkişafın necə təmin edilməsində, insanların, vətəndaşların həyatının yaxşılaşdırılmasında ən yaxşı nümunəsiniz. Bunlarla ölkəniz çox böyük nailiyyətlərə imza atmışdır. Onlar çox yüksəksəviyyəli nəticələrdir və məhz yaşıl enerji də bu istiqamətdə inkişaf etmişdir. Bu gün biz artıq başa çatdırılmış işi qeyd edirik və yaşıl enerji sahəsində bu addımı atırıq.

İcazənizlə, cənab Prezident, mən əvvəlki dövrə qayıdım. COP29-da Siz çox mühüm bir çıxış etdiniz. Müxtəlif tərəflər müəyyən strategiyalar haqqında danışırdılar, fikirlərini bölüşürdülər. Amma Siz söylədiniz ki, dünya ən yaxşı formada necə inkişaf etməlidir, hansı istiqamətdə getməlidir. Siz qeyd etdiniz ki, bu, məhz müxtəlif enerjilərin ümumi kombinasiyası sayəsində mümkündür. Düşünürük ki, bu, ümumiyyətlə, Azərbaycanın zəngin ehtiyatları ilə yanaşı, qlobal inkişafa verdiyi çox yaxşı bir töhfə idi. Bu da, əslində, böyük bir üstünlükdür ki, Azərbaycan belə zəngin ehtiyatlara malikdir. Siz öz açılış nitqinizdə bunu qeyd etdiniz və məhz bir neçə giqavatlıq güclər haqqında danışdınız.

Cənab Prezident, Siz bu planı müəyyən etdiniz. Siz ölkənizdə həmin bu ekosistemi yaradırsınız. Əslində, bu addımları atmaqla, bu işləri görməklə Siz Azərbaycana gələn hər bir xarici sərmayədar üçün əlverişli mühit yaradır, onların işlərini daha da asanlaşdırırsınız. Buna görə də ölkələrimizin bu qədər sıx münasibətlər qurmasına müvəffəq olursunuz. Ona görə də bizim kimi insanlar Sizin ölkənizə gəldikdən və fəaliyyət göstərdikdən sonra Azərbaycanın nailiyyətlərinin, uğurlarının carçısına çevrilirik. Biz burada - Azərbaycanda ona görəyik ki, Siz çox gözəl rəhbərlik keyfiyyətlərinizi göstərirsiniz və dünyada hər bir kəsin maraqlarına xidmət edəcək vacib qərarlar qəbul edirsiniz. Sizin rəhbərlik etdiyiniz Azərbaycan çox gözəl ölkədir. Azərbaycan xalqı çox qonaqpərvərdir və uğur hər zaman sizinlə olacaqdır.

Cənab Prezident, bu yaşıl enerji layihəsi məhz Sizin planınız əsasında həyata keçirildi və gördüyünüz kimi, biz bunu yerlərdə işləyərək reallığa çevirdik. Əlbəttə ki, bu, həmçinin yaşıl enerjinin gələcək inkişafı ilə bağlı məsələdir.

Mən çox əminəm ki, Azərbaycan böyük ölkə kimi bundan sonra da bir tərəfdən neft və qaz ixracatçısı, digər tərəfdən yaşıl enerji ixracatçısı olacaqdır. Buna görə də kralımızın və şahzadəmizin rəhbərliyi, onların təlimatları ilə bu enerji imkanlarını genişləndiririk və görürük ki, biz dünyada ən iri neft hasilatçısı olmaqla yanaşı, həmçinin yaşıl enerji sahəsində də irəlidə gedirik. Cənab Prezident, əlbəttə ki, bu işdə Sizin rəhbərliyiniz çox labüd və lazımlı idi. Biz görürük ki, məhz düzgün rəhbərlik olanda hər bir ölkənin xalqı rifah içində yaşayır və uğurlar qazanılır.

Cənab Prezident, biz bu gün buraya bu layihənin açılışı münasibətilə gəldik. Biz buraya gəldik, öz uğurlarımızı bölüşdük, bütün məsələləri həll etdik. Cənab Prezident, Siz öz rəhbərliyinizlə bizi çox şərəfləndirdiniz. Biz hamımız bir araya gəldik, layihə çərçivəsində çalışdıq, əl-ələ verdik ki, bu uğur əldə olunsun və bu gün həmin uğur artıq göz qabağındadır. Biz onu burada qeyd edirik. Bu, bizim tərəfdaşlığımızın və nümunəvi işgüzar münasibətlərimizin yaxşı bir göstəricisidir. Energetika Nazirliyinin bu işdə bizim etibarlı tərəfdaşımız olmağından çox məmnunuq.

Cənab Prezident, Sizə təşəkkürümüzü bildiririk. O cümlədən Çin şirkətlərinə minnətdarıq ki, onlar da bizimlə birgə işlədilər. Mən, həmçinin Azərbaycan şirkətlərinə də minnətdarlığımı bildirirəm. Onlar da təchizat zəncirində bizə dəstək verdilər, digər xidmətləri göstərdilər. Cənab Prezident, biz “ACWA Power” şirkəti olaraq şahzadəmizin və energetika nazirimizin rəhbərliyi ilə sizin müəyyənləşdirdiyiniz planları həyata keçirdik və əlimizdən gələni edəcəyik ki, bütün bu texnologiyalar burada tətbiq edilsin. Çünki Sizin rəhbərliyinizlə Azərbaycan strateji baxımdan irəliyə doğru getməlidir. Bununla bağlı bizim məhdudiyyətlərimiz yoxdur və planlarımız davam edir. Çünki ölkələrimizin gözəl rəhbərləri var və cənab Prezident, biz xoşbəxtik ki, burada - Azərbaycandayıq. Biz xoşbəxtik ki, Siz bizə etimad göstərmisiniz. Siz bizə bu fürsəti yaratdınız. Siz bizə öz dəstəyinizi göstərdiniz.

Biz, həmçinin burada duzsuzlaşdırma layihəsi ilə bağlı məsələləri də müəyyən etdik. Qeyd etdik ki, bu da bizim növbəti gözəl layihəmiz ola bilər. Biz bu nadir layihəni Xəzər dənizində icra edəcəyik. Dünyada bir çox ölkələr bu kimi layihələri hələ həyata keçirməyib.

Cənab Prezident, Siz, həmçinin su ehtiyatlarının təhlükəsizliyi haqqında düşünürsünüz. Bu haqda hələ heç bir tərəf düşünmür. Lakin biz buradayıq, biz sizin ölkənizi və xalqınızı sevirik. Sizə hər bir məsələdə uğurlar arzu edirik. İstərdik ki, bu planlar reallığa çevrilsin, hətta hələ digər tərəflərin görmədiyi, hazırlaşmadığı bu planları, bu işləri Sizinlə birgə həyata keçirək və hər hansı bir böhrandan sığortalanaq. Təbii ki, bilirik, Azərbaycanı bu gün bu gözəl vəziyyətdə saxlayan məhz Sizsiniz. Sizin rəhbərliyiniz nəinki bu region üçün, bütün dünya üçün ən yaxşı nümunədir. Siz göstərirsiniz ki, uğur uğurun üzərində dayanır. Siz ölkəniz, xalqınız üçün çalışırsınız. Biz Sizə minnətdarıq.

Cənab Prezident, təşəkkür edirik ki, bu gün bu tədbirdə Sizinlə olmaq fürsətini bizə yaratdınız. Təşəkkür edirik ki, bizimləsiniz və arzu edirik ki, bundan sonra da biz digər layihələrin həyata keçirilməsində uğurları birlikdə qeyd edək. Azərbaycanla tərəfdaşlıqdan və uğurlu əməkdaşlıqdan qürur hissi duyuruq.

x x x

Daha sonra "Xızı-Abşeron" Külək Elektrik Stansiyası layihəsi haqqında qısa videoçarx nümayiş olunub.

x x x

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və "ACWA Power" şirkətinin təsisçisi və İcraçı direktoru Məhəmməd Əbunəyyan 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasını işə saldılar.

x x x

Qeyd edək ki, bu stansiyanın tikintisi üçün Abşeron rayonunda 14,2, Xızı rayonunda isə 22,6 hektar olmaqla ümumilikdə 37 hektara yaxın torpaq sahəsi bərpaolunan enerji mənbələrinin ərazisi müəyyən edilib. Layihə üzrə burada hər biri 6,5 MVt olan ümumilikdə 37, o cümlədən Abşeronda 12, Xızıda 25 turbin, həmçinin ölçü-müşahidə stansiyaları, quşların mühafizəsi sistemləri quraşdırılıb. Layihənin icrasına təxminən 340 milyon ABŞ dolları xarici investisiya yönəldilib. Stansiyanın illik enerji istehsalı həcmi təqribən 1 milyard kilovat-saat nəzərdə tutulur ki, bunun da nəticəsində 220 milyon kubmetr təbii qaza qənaət olunacaq və 400 min tondan çox karbon qazının atmosferə atılmasının qarşısı alınacaq. Layihənin baş podratçısı Çinin “Power China Group”un törəmə şirkəti olan “Power China Huadong Engineering Co., Ltd.”dir.

x x x

Sonda birgə foto çəkdirildi.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

"Trampla İranın gizli razılaşdıqları başqa bir mətn var" - İddia...

Tramp dünyanı yenə heyrətləndirdi...

SON XƏBƏRLƏR

21.06.2026 / 22:58
Kılıçdaroğlunun məlum müsahibəsinə daha bir baxış - “…sualların ağırlığı altında əzilən bir siyasətçi gördüm”…

21.06.2026 / 22:13
İran nümayəndə heyəti Trampın təhdidləri üzündən danışıqları yarımçıq tərk etdi

21.06.2026 / 21:25
Ünlü rəssam CHP qərargahına bağışladığı Atatürk rəsmlərini geri aldı -Klıcdaroğlunun yanında dura bilmərəm...

21.06.2026 / 20:38
Starmer istefa verir? – Trampdan ŞOK İDDİA…

21.06.2026 / 20:10
ABŞ-İran danışıqlarının 80 dəqiqəlik ilk mərhələsi başa çatdı – DETALLR ORTAYA ÇIXDI…

21.06.2026 / 19:25
Masazırda motosiklet sürücülərinə qarşı reyd - 45 nəfər saxlandı....

21.06.2026 / 18:59
Tramp Pezeşkianı təhdid etdi - danışığına fikir versə yaxşı olar, yoxsa…

21.06.2026 / 18:30
İran heyəti İsveçrədə ABŞ nümayəndələri ilə şəkil çəkdirməkdən imtina etdi…

21.06.2026 / 18:09
Milli dəyərləri rəmzləşdirən orden-medalları əcnəbi dövlət xadimlərinə verəndə, axırı elə bu cür urvatsız olur...

21.06.2026 / 17:46
Dübəndi sahilində neft sızması aşkarlandı - sualtı kəmərlə neft nəqli dayandırıldı...

21.06.2026 / 17:13
Məşhur yazar Səbahəddin Onkibar Kılıçdaroğlunun 2,5 saatlıq çıxışını yerlə bir etdi

21.06.2026 / 16:26
İsveçrədə ABŞ-İran anışıqları başladı – Tehrandan Vaşinqtona Hörmüz şərti...

21.06.2026 / 16:06
İranın Qətərdə saxlanılan 6 milyardı geri qaytarılır...

21.06.2026 / 16:05
Yaponyada “Azərbaycan adlı strategiya” kitabının təqdimatı keçirilib

21.06.2026 / 15:45
"Məbədlərin divarlarındakı qədim alban dilində olan kitabələr və relyeflər qaşınaraq məhv edilib" -Rizvan Qarabağlı

21.06.2026 / 15:31
"Azərbaycanda istənilən alimlə Urartu mövzusunu müzakirə etməyə hazıram..." -Ramin Əlizadə

21.06.2026 / 15:17
Birbank ödəniş sistemi bu gün sübh tezdən çöküb...

21.06.2026 / 14:27
Məktəblilərin Respublika İdman Olimpiadasında velosiped idmanı üzrə ilk qaliblər müəyyənləşib

21.06.2026 / 13:33
İran və İsveçrə XİN rəhbərləri görüşüblər

21.06.2026 / 13:22
Azərbaycan Ermənistana 1000 tona yaxın dizel göndərdi...

21.06.2026 / 13:08
200 mindən çox suriyalı qaçqın könüllü olaraq geri qayıdıb

21.06.2026 / 13:04
Azərbaycan boksçusu Dünya kubokunda qızıl medal qazanıb

21.06.2026 / 12:45
Kılıçdaroğlu qurultaya getsə, SARAY ona qarşı bir sıra komple-dosyeləri açacaq – Fatih Altaylıdan şok iddialar

21.06.2026 / 12:32
Azərbaycana yay fəsli daxil oldu

21.06.2026 / 11:55
Prezident İlham Əliyev İordaniya Nümayəndələr Palatasının sədrini qəbul etdi - FOTO

21.06.2026 / 10:40
Tramp: "Hörmüz boğazından keçid 60 günlük danışıqlar müddətində pulsuz olaraq qalacaq"

21.06.2026 / 10:38
Canlı yayımda Kılıçdaroğlunun boğazını qurutdular...

21.06.2026 / 10:38
Şəriətmədari: “İran Bəhreyn xalqını hakimiyyətin əlindən xilas etməlidir”

21.06.2026 / 10:37
ABŞ və İran nümayəndələri İsveçrədə bir araya gələcək

21.06.2026 / 10:29
"...Sona qədər gedəcəm"-Gülnarə Dadaşova

21.06.2026 / 07:42
İrandan Vaşinqtona yeni təhdid - “Yaxın Şərqdə enerji axını dayandırılacaq”

21.06.2026 / 07:20
AB Türkiyədən Rusiya qazından imtina tələb etdi

21.06.2026 / 06:12
Britaniya baş nazirinin istefa verəcəyi xəbəri yayıldı

21.06.2026 / 05:56
Meloninin Trampa cavabı sərt oldu - “Sizin işiniz deyil…”

21.06.2026 / 05:40
Tramp Ukraynanı bu dəfə qadınlar prizmasından dəyərləndirdi - “…onlar istisnadır”…

20.06.2026 / 22:43
"Dünyadakı milyonlarla qaçqın və məcburi köçkünlə həmrəy olduğumuzu bildiririk" - Azərbaycan XİN

20.06.2026 / 22:16
Zelenski "Ağ Qartal"ı poçtla Varşavaya göndərdi, Kuçma və Yuşşenko da ordendən imtina etdi – “UPA gərginliyi” artır...

20.06.2026 / 21:29
İki lider İrana görə üz-üzə gəldi - Tramp yenə Melonini hədəf aldı, baş nazirin də cavabı gecikmədi...

20.06.2026 / 20:56
ŞOK... Bakıda gecə klubunda turistə 1270 manat "şot" gəldi...

20.06.2026 / 20:22
İran və ABŞ-dan Hörmüzlə bağlı ziddiyyətli açıqlama – SEPAH gəmilərə xəbərdarlıq etdi...

20.06.2026 / 19:06
Sabah Azərbaycandan Ermənistana 17 vaqon dizel göndəriləcək

20.06.2026 / 18:46
Tarixi “UPA mübahisəsi” Polşa ilə Ukrayna arasında ipləri qopardı – Varşava Kiyevin Aİ-yə üzvlüyünü bloklayacaq...

20.06.2026 / 18:10
Ceyhun Bayramovun özbəkistanlı həmkarı ilə telefon danışığı olub

20.06.2026 / 18:06
İran Hörmüzü yenidən bağlayır…

20.06.2026 / 17:56
Avropada Rusiya ilə Ukrayna danışıqlarına hazırlıqlar başladı - E5 formatı yaradılır...

20.06.2026 / 17:42
Aİ sammitindəki şam yeməyində Rusiya-Ukrayna danışıqları günün mövzusuna çevrilib - Moskva maraqlı görünmür…

20.06.2026 / 17:19
AB-nin 21-ci anti-Rusiya sanksiya paketi Vahid Ələkbərova görə dalana dirəndi...

20.06.2026 / 16:50
DİN-in Hərbi İnstitutunda buraxılışa həsr olunmuş mərasim keçirildi - FOTO

20.06.2026 / 16:11
Zelenski Lukaşenkoya ultimatum verdi - bir həftə vaxtınız var, əks halda...

20.06.2026 / 15:37
Məhkəmə hakimi anasının yas mərasimini Heydər məscidində verəcək

20.06.2026 / 15:18
Brüsseldən İrəvana "təcili" yardım - Aİ Rusiyanın təzyiqinə qarşı kisənin ağzını açdı...

20.06.2026 / 15:02
Romanın “Casa del Cinema” mərkəzində “Tağıyev: Neft” filminin premyerası keçirilib

20.06.2026 / 14:44
"Şişirdilmiş başlıqlar cəmiyyətdə süni ajiotaj yaratmaq cəhdi kimi qəbuledilməzdir" - MEDİA

20.06.2026 / 14:28
Özünü prokurorluq əməkdaşı kimi təqdim edən dələduz tutuldu...

20.06.2026 / 14:03
Rusiya Azərbaycan vasitəsilə Ermənistana 7 vaqon buğda göndərdi

20.06.2026 / 13:47
Tramp xüsusi nümayəndəsini İranla danışıqlar üçün İsveçrəyə göndərdi...

20.06.2026 / 13:09
Qərbi Azərbaycanda milli-mədəni irsin məhv edilməsi və saxtalaşdırılması faktları araşdırılıb

20.06.2026 / 12:14
Dünya Çempionatını izləmənin ən cazibədar ünvanı - Antiphellos Teatrı…

20.06.2026 / 12:01
Kitabxana işçiləri ilə attestasiya prosesi üzrə ilk məlumatlandırıcı görüş keçirilib

20.06.2026 / 11:59
“Bizim Maqsud müəllim” tamaşası nümayiş olub

20.06.2026 / 11:56
Tramp Süleymaninin öldürülməsinin səbəbini açıqladı

20.06.2026 / 11:54
ABŞ-İran danışıqları: Uitkoff İsveçrəyə səfər edəcək

20.06.2026 / 11:23
Kılıçdaroğlu “Dəmirtaşın həbsinə səs verdiyimə peşman deyiləm” dedi - cavab sərt oldu…

20.06.2026 / 10:43
ABŞ kəşfiyyatından Trampa Netanyahu xəbərdarlığı – bu ehtimal çox yüksəkdir...

20.06.2026 / 10:19
ABŞ Prezidentindən şok İsrail açıqlaması - “…mən nə deyirəmsə onu edirlər”

20.06.2026 / 10:13
Reuters: “Sanksiyaların ləğvi ilə SEPAH-ın biznes imperiyası böyük qazanc əldə edəcək”

20.06.2026 / 10:10
Tramp: “İran razılaşmasa, onları xoşbəxt etməyəcək addımlar atacağıq”

20.06.2026 / 09:58
Tramp Xameneyinin yaralanmasına görə təəssüfləndiyini dedi...

20.06.2026 / 09:20
DYP həftəsonu ilə bağlı sürücülərə müraciət etdi

20.06.2026 / 08:02
Kılıçdaroğlu canlı yayımda təqdimatına etiraz etdi, studiyada gərginlik yaşandı

20.06.2026 / 07:47
“Başladığımız yerə döndük” - Barak Obama

20.06.2026 / 07:35
Ukrayna XİN rəhbəri Polşa Komandir Xaçından imtina etdi - Gərginlik artır…

20.06.2026 / 07:13
Kuba rəhbərini də Maduronun aqibəti gözləyir? - Heqset mümkün sayır…

20.06.2026 / 07:03
Polşa Prezidenti Zelenskini ən yüksək dövlət mükafatından məhrum etdi - Tuskun reaksiyası gündəmdə…

19.06.2026 / 23:12
İran ABŞ-ı açıq təhdid etdi - bu dəfə daha sərt şillə yeyəcəklər...

19.06.2026 / 22:50
Vətənə tuşlanan düşmən gülləsinə sinəsini sipər etdi – Elvin Şahmarlı

19.06.2026 / 22:37
İlham Əliyev 3 super dövlətin birgə keçmiş siyasətini cəsarətlə ifşa etdi...

19.06.2026 / 22:15
AB edamlara görə İranı tənqid etdi

19.06.2026 / 21:54
Bir gündə onlarla gəmi: Hörmüz boğazında canlanma müşahidə olunub

19.06.2026 / 21:30
Azərbaycanın üstündən daşınan yük 15-dən 30 milyon tona çatdırılacaq...

19.06.2026 / 21:06
Qarabağ münaqişəsinin bu qədər uzanmasının unikal səbəbi... dünya eşitdi...

Prezidentin aqrar müşavirəsi liberal iqtisadiyyat yolunda yeni mərhələ açır...

XƏBƏR ARXİVİ