Cümə günü, 28 avqust 2026
     

Azərbaycan - Qazaxıstan Ali Dövlətlərarası Şuranın ilk iclası uğurla keçdi...

Image


İki prezident 7 min kilometr qət etmiş qatarın Bakıya gəlişini birgə müşahidə etdi...

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin martın 11-də rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qazaxıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Qazaxıstan Prezidentinə raport verdi.

Prezident Kasım-Jomart Tokayev Azərbaycan əsgərlərini salamladı.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Qazaxıstan Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Azərbaycan nümayəndə heyəti Qazaxıstan Prezidentinə, Qazaxıstan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

XXX

Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin məhdud tərkibdə görüşü olub.

XXX

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib.

İclasda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev dedi:

- Hörmətli Kasım-Jomart Kemeleviç.

Hörmətli qonaqlar.

Əziz dostlar.

Sizi Azərbaycanda bir daha səmimi-qəlbdən salamlayıram. Biz indi çox maraqlı söhbət etdik, gündəliyin ikitərəfli və regional problematikası üzrə bir çox məsələləri müzakirə etdik. İndi Dövlətlərarası Şuranın birinci iclasına başlayırıq. Şuranın yaradılması qərarı özlüyündə tarixidir. Bu, münasibətlərimizin yüksək səviyyəsini və hər iki tərəfin qarşılıqlı əməkdaşlıq potensialının möhkəmləndirilməsi istəyini bir daha sübut edir. Hesab edirik ki, səfərin nəticələri və Dövlətlərarası Şuranın iclası bir çox hallarda münasibətlərimizin gələcək gündəliyini müəyyən edəcək.

Qazaxıstan və Azərbaycan iki qardaş dövlətdir. Xalqlarımız ictimai-siyasi formasiyadan asılı olmayaraq, uzun əsrlər boyu sülh, qardaşlıq, əməkdaşlıq şəraitində yaşayır. İki müstəqil dövlət olaraq isə artıq 30 ildən çoxdur ki, həm beynəlxalq strukturlarda, həm də ikitərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstərir. Son vaxtlar qarşılıqlı səfərlərimizin dinamikası çox illüstrativdir və bu, münasibətlərə yeni dinamizm verildiyini göstərir.

Qazaxıstanın uğurları bizi sevindirir. Sizi və bütün qardaş Qazaxıstan xalqını sosial-iqtisadi inkişafda, innovativ tərəqqidə çox böyük nailiyyətlər münasibətilə təbrik etmək istərdim. Qazaxıstanın iqtisadi inkişafı və ümumi daxili məhsulun artması düzgün və düşünülmüş iqtisadi siyasətdən xəbər verir. Həmçinin Sizin ölkənin modernləşdirilməsinə, iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş və artıq bir çox nailiyyətlərin əldə edildiyi islahatlarınızı tam dəstəkləyirik.

Bu gün regional problematika məsələlərini ətraflı müzakirə etdik. Mən Kasım-Jomart Kemeleviçə Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları prosesi haqqında məlumat verdim və ümidvar olduğumu bildirdim ki, bu proses sülh sazişinin imzalanması, tariximizin bu ağır və qara səhifəsinin çevrilməsi ilə başa çatacaq.

Həmçinin bizi birləşdirən layihələrdən də ətraflı danışdıq. Mən Qazaxıstan Prezidentinə Qarabağın bərpasında göstərilən qardaş köməyinə, məhz qazax xalqının Azərbaycan xalqına hədiyyəsi və Prezident Tokayevin təşəbbüsü olan Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinə görə təşəkkürümü bildirdim. Sabah biz dostluğumuzun da mərkəzi olacaq bu Mərkəzin açılışını edəcəyik.

Azərbaycanın suverenliyinin bərpası məsələsində həmrəylik sözlərinə görə minnətdarıq. Əlbəttə, zənnimcə, Azərbaycanda hamı bilir ki, Qazaxıstan bizim etibarlı dostumuz və müttəfiqimizdir.

Bugünkü gündəliyimizdə çoxlu mövzular var. Nəqliyyat-logistika, energetika, rəqəmsallaşma, humanitar əməkdaşlıq sahələrində məsələləri aydınlaşdırmaq üçün nümayəndə heyətinin üzvlərinə söz verəcəyik. Bütün istiqamətlər üzrə işlər uğurla aparılır. Bu yaxınlarda Astanada keçirilmiş Hökumətlərarası Komissiyanın iclası Sizin dövlət səfərinizə hazırlıq xarakteri daşıyırdı. Bu səfəri məzmunca zənginləşdirmək və sonradan onların reallaşdırılmasına nəzarəti asanlaşdırmaq üçün ona çox ciddi hazırlaşırdıq. Zənnimcə, biz müvafiq tapşırıqlar verəcəyik və razılaşmalarımızın necə həyata keçirilməsi haqqında müntəzəm məlumat alacağıq.

Hörmətli Kasım-Jomart Kemeleviç, bir daha xoş gəlmisiniz. Sizi Azərbaycanda görməyimə çox şadam.

XXX

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dedi:

- İlham Heydər oğlu, Qazaxıstanın ünvanına xoş sözlər söylədiyinizə görə Sizə təşəkkür edirəm. Əvvəlcə, istərdim ki, bizə göstərilən qonaqpərvərliyə görə səmimi minnətdarlığımı bildirim və fürsətdən istifadə edərək, Sizi prezident seçkilərində çox böyük inamlı qələbə münasibətilə bir daha təbrik edim. Bu qələbə yüksək etimadın, Sizin strateji kursunuza ümumxalq dəstəyinin göstəricisidir. Siz Azərbaycan xalqının hər kəs tərəfindən qəbul olunan liderisiniz və Sizi beynəlxalq arenada məhz bu cür qəbul edirlər.

Eyni zamanda, Sizin də doğru qeyd etdiyiniz kimi, Azərbaycanın tarixi Qələbəsinə, öz əraziləri ilə bağlı suverenliyinin bərpa olunmasına səmimi-qəlbdən sevinirik. Bu Qələbə mahiyyət etibarilə tarixidir və şübhəsiz ki, həm Azərbaycanın, həm də ümumdünya tarixinin salnaməsinin səhifələrinə daxil olacaq.

Qazaxıstan-Azərbaycan münasibətlərinə gəldikdə, biz ilk dəfədir ki, Ali Dövlətlərarası Şuranın iclasını keçiririk. Ümumilikdə, bu da tarixi hadisədir. Elə indicə biz iqtisadi-ticari və investisiya əməkdaşlığımızla, beynəlxalq arenada qarşılıqlı fəaliyyətimizlə bağlı demək olar ki, bütün məsələlərin müfəssəl müzakirəsini apardıq və ümumi nəticələrə gəldik. Bu, onu göstərir ki, Qazaxıstan və Azərbaycan həqiqətən strateji tərəfdaşlardır, müttəfiq dövlətlərdir. Əməkdaşlığımızda baş verənlərin mühüm sirri də məhz buradadır. Perspektivlər çox yaxşıdır və təbii ki, hökumətlər bu gün imzalanmış sənədlər, sazişlər formasında əldə olunan razılaşmaların həyata keçirilməsi ilə məşğul olacaqlar.

Əməkdaşlığın və qarşılıqlı fəaliyyətin, təmasların səviyyəsi kifayət qədər yüksəkdir. Bu gün Sizin Şanxay Əməkdaşlıq Təşkilatının sammitində, Mərkəzi Asiya Dövlətləri liderlərinin Məşvərət görüşündə iştirakınızın nəzərdə tutulduğu və ya planlaşdırıldığı barədə danışdıq.

Türk Dövlətləri Təşkilatı liderlərinin qeyri-rəsmi sammitində iştirak etməyimlə bağlı dəvəti böyük ümidlə və minnətdarlıqla qəbul edirəm. Əlbəttə, COP29 sammiti – bu da ümumilikdə Azərbaycan dövlətinin və onun diplomatiyasının tarixi nailiyyətidir. Sammit mövcud iqlim problemlərinin nizamlanması nöqteyi-nəzərindən, həm də məhz bu sahədə qlobal əməkdaşlıq baxımından birinci dərəcəli əhəmiyyətə malikdir. Şübhəsiz ki, Bakı bu vəzifənin öhdəsindən gələcəkdir. Biz Dubayda keçirilən COP28 sammitində iştirak etdik və gördük ki, bu, həqiqətən çox mühüm forumdur. Sevinirik ki, belə mühüm qlobal forumun keçirilməsi məkanı qismində məhz Bakı seçilib.

Biz Qazaxıstanın və Azərbaycanın Xəzər dənizi üzrə qonşu dövlətlər olması və bunun, təbii ki, qarşılıqlı münasibətlərimizə xüsusi xarakter verməsi barədə danışdıq. 2020-ci ildən Qazaxıstan və Azərbaycan arasında əmtəə dövriyyəsi beş dəfə artıb. Əlbəttə, mütləq rəqəmlər o qədər də böyük təəssürat yaratmaya bilər. Bu sahədə işlər davam etdirilməlidir. Ölkələrimiz böyük iqtisadi potensiala malikdir və düşünürəm ki, növbəti uğurlar çox da uzaqda deyil. Biz bu gün nəqliyyat və logistikadan tutmuş rəqəmsallaşma məsələlərinə qədər, hələ neft və qaz və digərlərini demirəm, müxtəlif məsələlərdən danışdıq.

Məmnunam ki, biz beynəlxalq arenada da uğurla əməkdaşlıq edirik. İstər Birləşmiş Millətlər Təşkilatında, yaxud başqa beynəlxalq təşkilatlarda nümayəndə heyətlərimiz uğurlu qarşılıqlı fəaliyyət göstərirlər. Zənnimcə, bu xətt davam edəcəkdir.

Müqəddəs şəhərlər olan Türküstan və Şuşa, həmçinin Uralsk və Mingəçevir, Şımkent və Gəncə arasında qardaşlıq münasibətlərini müsbət nöqteyi-nəzərdən qeyd etmək istəyirəm.

Ümumilikdə, mən ölkələrimiz arasında mədəni əlaqələrə də böyük diqqət yetirirəm. Bu, xalqlarımızın yaxınlaşması nöqteyi-nəzərindən olduqca vacibdir. Sumqayıt şəhərində Axmet Baytursınovun xatirəsinin əbədiləşdirilməsi və onun adına küçənin açılışı, Astanada Heydər Əliyevin adının əbədiləşdirilməsi də ölkələrimiz üçün əlamətdar oldu, təşəkkür edirik.

Ötən il Azərbaycanda Mədəniyyət Günləri böyük uğurla keçirildi və Sizin də dediyiniz kimi sabah Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışını edəcəyik. Bu da qarşılıqlı fəaliyyətimizin və əməkdaşlığımızın rəmzi olacaq.

Daha, necə deyərlər, əlavə ediləcək heç nə yoxdur, çünki artıq həqiqətən də əməkdaşlığımızın gündəliyində mövcud olan bütün məsələlərdən danışdıq. Təklif edirəm ki, Şuranın iclasına başlayaq.

Prezident İlham Əliyev:

- Kasım-Jomart Kemeleviç, çox sağ olun. Gündəlikdə artıq bir neçə məsələmiz var. İqtisadi-ticari və investisiya əməkdaşlığının inkişafı, neft-qaz sahəsində əməkdaşlıq, bərpa olunan enerji mənbələri, nəqliyyat-logistika sahələrində, rəqəmsal kommunikasiyalar üzrə əməkdaşlıq, həmçinin mədəni-humanitar sahələrdə.

XXX

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Çinin Siyan terminalından Bakının Abşeron stansiyasına konteyner qatarının gəlişi mərasimini videobağlantı ilə izləyiblər.

Tədbirin aparıcısı dedi:

- Möhtərəm Kasım-Jomart Kemeleviç.

Möhtərəm İlham Heydər oğlu.

Bu gün Sian şəhərinin Qazaxıstan-Çin terminalından birinci konteyner qatarını qarşılayırıq. Qatar Bakı şəhərinədək məsafəni on bir günə qət edib. Diqqət yetirməyinizi xahiş edirəm.

Sonra qatarın gəlməsinə dair videokadrlar nümayiş etdirildi.

Qeyd edək ki, konteyner qatarının Çinin Sian şəhərində istismara verilmiş Qazaxıstana məxsus Nəqliyyat-Logistika Mərkəzi tərəfindən yola salınması Orta Dəhlizin bütün iştirakçıları üçün böyük əhəmiyyət kəsb edir. Altmış bir konteynerdən ibarət qatar uzunluğu 7 min kilometr olan marşrutu (Siandakı Qazaxıstan terminalı-Aktau-Abşeron stansiyası) 11 günə qət edib. Multimodal daşıma zamanı konteynerlər Qazaxıstan limanında yenidən yüklənərək Xəzər dənizi ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, oradan isə Abşeron stansiyasına çatdırılıb.

Orta Dəhlizin inkişaf etdirilməsi və yeni yüklərin cəlb edilməsi baxımından bu günlərdə Çində fəaliyyətə başlamış Qazaxıstanın Nəqliyyat-Logistika Mərkəzi marşrut üzrə yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artırılmasına hədəflənib. İlkin razılaşmaya əsasən, bu Mərkəz vasitəsilə Azərbaycana ayda 10 konteyner qatarının yola salınması planlaşdırılır.

Bununla yanaşı, Orta Dəhlizin inkişafı üçün birbaşa istehlakçılara yönəlmiş rəqəmsal DTC platforması yaradılıb, Azərbaycan və Qazaxıstan dəmir yolları "Track and Trace" ("Təqib və İzləmə") funksiyası vasitəsilə real vaxt rejimində marşrut boyunca yüklərin izlənməsi sisteminə inteqrasiya olunub. Vahid rəqəmsal ekosistemin yaradılması və inkişaf etdirilməsi Orta Dəhlizin şəffaflığını, cəlbediciliyini getdikcə artırır.

Azərbaycan və Qazaxıstan dəmir yolları idarələrinin birgə səyləri sayəsində 2024-cü ildə yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır. Cari ilin yanvar-fevral aylarında "Qazaxıstan Dəmir Yolları" Səhmdar Cəmiyyəti ilə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti arasında yükdaşımaların həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 25 faiz artaraq 539,5 min ton təşkil edib.

Xatırladaq ki, əvvəllər Çindən Orta Dəhliz vasitəsilə yüklərin Qara dəniz limanlarına çatdırılması təxminən 53 gün çəkirdisə, hazırda bu müddət 18 gün təşkil edir.

Aparıcı: Qatar gəldi. İcazə verin, mərasimə başlayaq.

Prezident İlham Əliyev dedi:

- Bu əlamətdar hadisə münasibətilə nəqliyyatçıları təbrik etmək istəyirəm. Bu gün Qazaxıstan Prezidentinin Azərbaycana dövlət səfəri çərçivəsində nəqliyyat-logistika sektoruna aid məsələlər ətraflı müzakirə olundu. Qəbul etdiyimiz qərarlar mahiyyətcə bu gözəl mərasimin keçirilməsinə kömək edir. Bu gün Qazaxıstan və Azərbaycan bütün istiqamətlər, o cümlədən tranzit nəqliyyat sahəsində - konnektivliklə bağlı sahədə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi istiqamətində aktiv fəaliyyət göstərirlər. Bizim ikitərəfli əməkdaşlığımız həm TransXəzər nəqliyyat marşrutu, həm də Orta Dəhliz layihələrinin həyata keçirilməsi çərçivəsində çoxtərəfli əməkdaşlığımızın bir hissəsidir. Bu gün müzakirə edilən planlar ölkələrimizin dəmir yollarının boş qalmaması, belə konteyner qatarlarının isə gündəlik həyatımızın bir parçası olmasına imkan verir.

Ölkələrimiz arasında müxtəlif istiqamətlərdə nə qədər çox yük daşınarsa, əməkdaşlığımız o qədər inkişaf edəcək, Qazaxıstanla Azərbaycan beynəlxalq nəqliyyat daşımalarında daha böyük rol oynayacaqlar.

Bir daha Qazaxıstan və Azərbaycanı, həmçinin Çindəki tərəfdaşlarımızı bu əlamətdar hadisə münasibətilə təbrik edirəm. Qatarın yolu açıq olsun.

x x x

Prezident Kasım-Jomart Tokayev dedi:

-Hörmətli həmkarlar, sizin hamınızı böyük əhəmiyyətə malik olan bu əlamətdar hadisə münasibətilə ürəkdən təbrik etmək istərdim. Əslində, Avrasiya kontinenti nəqliyyat-logistika karkası formalaşıb. Hesab edirəm ki, bugünkü tədbir Qazaxıstan ilə Azərbaycan arasında qarşılıqlı fəaliyyət və əməkdaşlıq tarixinə qızıl hərflərlə yazılacaq. Qazaxıstan və Azərbaycan təbii strateji müttəfiq və əməkdaşlığın bütün sahələrində, əlbəttə ki, nəqliyyat-logistika üzrə tərəfdaşdırlar. Bu gün danışıqlar əsnasında məhz təkcə bizim ölkələri deyil, həm də yaxınlıqdakı bir çox dövlətləri birləşdirən bu sahədən çox bəhs etdik.

Fürsətdən istifadə edərək, xoş niyyətə və əməkdaşlığa görə Çin Xalq Respublikasının hökumətinə minnətdarlığımı ifadə etmək istərdim. Azərbaycanın hörmətli Prezidenti İlham Heydər oğlu Əliyevin sözlərinə qoşuluram.

XXX

Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev "Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Ali Dövlətlərarası Şurasının 1-ci iclasının Qərarı"nı imzaladılar.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov və Qazaxıstan Respublikasının "Damu" Sahibkarlığın İnkişafı Fondunun idarə heyətinin sədri Qauxar Buribayeva "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə "Damu" Sahibkarlığın İnkişafı Fondu" Səhmdar Cəmiyyəti arasında Anlaşma Memorandumu"nu imzaladılar.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov və Qazaxıstan Respublikasının Prezidenti yanında "Mərkəzi Kommunikasiyalar Xidməti"nin direktoru Askar Umarov "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Qazaxıstan Respublikasının Prezidenti yanında "Mərkəzi Kommunikasiyalar Xidməti" Respublika Dövlət Müəssisəsi arasında Əməkdaşlığa dair Memorandum"u imzaladılar.

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və Qazaxıstan Respublikasının "KazMunayQaz" Milli Şirkəti"nin idarə heyətinin sədri Maqzum Mirzaqaliyev "Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə "KazMunayQaz" Milli Şirkəti" Səhmdar Cəmiyyəti arasında Qazaxıstan neftinin alqı-satqısı sahəsində strateji əməkdaşlıq haqqında Memorandum"u və "Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə "KazMunayQaz" Milli Şirkəti" Səhmdar Cəmiyyəti arasında Qazaxıstan neftinin Azərbaycan Respublikası ərazisindən tranzit edilən həcmlərinin mərhələli artırılması haqqında Saziş"i imzaladılar.

Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov və "Samruk Kazyna" Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri Nurlan Jakupov "Azərbaycan İnvestisiya Holdinqi və "Samruk Kazyna" Səhmdar Cəmiyyəti arasında strateji tərəfdaşlıq Sazişi"ni imzaladılar.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli və Qazaxıstan Respublikasının mədəniyyət və informasiya naziri Aida Balayeva "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi arasında 2024-2025-ci illər üçün Tədbirlər Planı"nı imzaladılar.

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qazaxıstan Respublikasının rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənaye naziri Baqdat Musin "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye Nazirliyi arasında kosmosun dinc məqsədlərlə tədqiq edilməsi və istifadəsi sahəsində Anlaşma Memorandumu"nu imzaladılar.

Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev və Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek "3 aprel 2017-ci il tarixli Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Sazişə dəyişikliklər edilməsi haqqında Protokol"u imzaladılar.

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qazaxıstan Respublikasının nəqliyyat naziri Marat Karabayev "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi arasında dəniz gəmilərinin heyətinin ixtisas diplomlarının qarşılıqlı tanınması haqqında Saziş"i imzaladılar.

XXX

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər.

Əvvəlcə dövlətimizin başçısı mətbuata bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

- Hörmətli Kasım-Jomart Kemeleviç.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Əziz qonağımız Qazaxıstan Prezidentini dövlət səfəri ilə qəbul etmək bizim üçün böyük şərəfdir. Kasım-Jomart Kemeleviç, xoş gəlmisiniz.

Bu gün qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi sahəsində artıq görülmüş işlərlə bağlı ətraflı diskussiyalar apardıq, həmçinin gələcək planlarımızı geniş müzakirə etdik. Bizim üçün qardaş ölkə, strateji tərəfdaş və müttəfiq olan Qazaxıstanın Prezidentinin dövlət səfərinə böyük əhəmiyyət veririk. Münasibətlərimizin dinamikası qarşılıqlı səfərlərimizin xronologiyasından aydın görünür. Son ilyarım ərzində mən Qazaxıstana dörd dəfə səfər etmişəm, həmçinin bu dövrdə Qazaxıstan Prezidenti üçüncü dəfədir ki, ölkəmizə gəlir. Bu gün, eyni zamanda, fikir mübadiləsi çərçivəsində cari ilin sonunadək qarşıdakı səfərlərlə bağlı razılıq əldə etdik. Yəni, belə dinamik qarşılıqlı fəaliyyət faktı özlüyündə mənzərəni aydın göstərir. Biz təkcə mühüm ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etmirik, həmçinin regional problematika, regionumuzda təhlükəsizlik sistemi ilə bağlı olan məsələlərə də toxunuruq.

İlk növbədə, istərdim ki, işğaldan azad olunmuş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşasına dair təşəbbüsünə görə Kasım-Jomart Kemeleviçə bir daha təşəkkürümü bildirim. Bu, Prezidentin şəxsi qərarıdır və bu qərardan həmin layihənin reallaşdırılmasına qədər çox az vaxt keçib. Sabah biz birlikdə bizim keçmiş məcburi köçkün uşaqların təhsil alacağı, həmçinin dostluğumuzun və qardaşlığımızın mərkəzi olacaq bu mərkəzi açacağıq. Bu, Qazaxıstanın Azərbaycana qardaş köməyidir, bu, Qazaxıstanın Azərbaycana hədiyyəsidir və azad edilmiş ərazilərin bərpasına dəstəyidir.

Həmçinin ərazi bütövlüyünü və suverenliyini bərpa etməkdə Azərbaycana göstərdiyi daimi dəstəyə görə Qazaxıstana minnətdarıq. Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsini də ətraflı müzakirə etdik. Mən həmkarıma danışıqlar prosesinin hazırkı mərhələsi, sülh sazişinin imzalanması perspektivləri haqqında məlumat verdim. Azərbaycan bu məsələdə maraqlıdır və əslində, məhz Azərbaycan sülh sazişinə dair danışıqlar prosesinin əvvəlindən təşəbbüskar olub.

Bununla yanaşı, biz, həmçinin qarşılıqlı fəaliyyətin digər məsələlərini, o cümlədən beynəlxalq strukturlarda, ilk növbədə BMT və Türk Dövlətləri Təşkilatında birgə fəaliyyətimizi müzakirə etdik. Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyəti gələcəkdə də möhkəmləndirməyin zəruri olmasına dair vahid fikrə gəldik. Çünki bu təşkilat yaxın, dost, doğma ölkələri birləşdirir, həmçinin böyük potensiala, ən başlıcası inkişaf potensialına malikdir.

İkitərəfli gündəliyə gəldikdə, bu gün Ali Dövlətlərarası Şuranın birinci iclası çərçivəsində qarşılıqlı fəaliyyətimizin müxtəlif aspektləri ətraflı müzakirə olunub. Qarşılıqlı iqtisadi-ticari fəaliyyət sahəsi böyük inkişaf potensialına malikdir. Nəqliyyat-tranzit məsələsi geniş müzakirə olunub, biz Qazaxıstandan keçməklə Çin Xalq Respublikasından Azərbaycana qədər yol qət edən konteyner qatarının rəmzi qarşılanması mərasimində iştirak etmişik. Bu, TransXəzər nəqliyyat dəhlizinin artıq reallığa çevrilməsi, onun özlüyündə böyük dərəcədə regional əməkdaşlığın səviyyəsini müəyyən etməsinin rəmzlərindən biridir, çünki qonşularla yaxşı münasibət olmadan tranzit ölkə olmaq mümkün deyil. Belə olan halda həm Qazaxıstan, həm də Azərbaycan bu istiqamətdə regional əməkdaşlığa, qonşularla münasibətlərin möhkəmləndirilməsinə sadiqliyini nümayiş etdirir.

Kasım-Jomart Kemeleviçlə bu gün apardığımız fikir mübadiləsi də göstərdi ki, biz də qonşularıq. Bizi təkcə Xəzər dənizi ayırır. Amma bu gün o da əngəl deyil, əksinə, Xəzər təkcə ölkələrimiz arasında yox, həm də bir çox ölkələr arasında körpüdür, çünki TransXəzər nəqliyyat dəhlizi bu gün öz potensialını tam şəkildə açır. Hökumət üzvlərinin bir çox istiqamətlər üzrə geniş məruzələri dinlənildi.

Qarşılıqlı fəaliyyətimizin və birgə işimizin nəticələri, ən başlıcası, gələcək planlarımız həqiqətən də böyükdür.

Həmçinin neft-qaz sahəsində əməkdaşlıqla bağlı vəziyyət geniş təhlil edildi, yeni konkret layihələr müəyyənləşdirildi. Biz COP29 iqlim konfransına hazırlıq məsələlərini müzakirə etdik və qazaxıstanlı qardaşlarımıza bu çox mühüm beynəlxalq konfransa hazırlıq və onun keçirilməsi çərçivəsində əməkdaşlıq təklif etdik. Həmçinin humanitar əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu. Hər bir istiqamət geniş sahədir. Hökumət üzvlərinin məruzələrini dinləyəndə əyani şəkildə əmin olduq ki, artıq çoxlu iş görülüb, həm mədəniyyət günləri, həm müxtəlif tədbirlər, həm də xalqlarımızın görkəmli nümayəndələrinin xatirəsinin anılması, nəqliyyat, energetika əməkdaşlığı layihələrinin praktiki həlli, "yaşıl" enerji sahəsində əməkdaşlığın perspektivləri.

Biz paralel istiqamətlər üzrə irəliləyirik. Bu gün diskussiyalar çərçivəsində qeyd edildi ki, TransXəzər nəqliyyat marşrutunu meydana, deyərdim ki, dünya nəqliyyat-logistika spektrinə çıxaran indiki geosiyasi şərait möhkəm bazaya malikdir. Çünki həm Qazaxıstanda, həm də Azərbaycanda əvvəlki illərdə bu sahəyə böyük investisiyalar yatırılıb. Zəngin təbii ehtiyatlara malik olmağımıza baxmayaraq, biz nəqliyyat infrastrukturumuzun bu gün beynəlxalq standartlara tam uyğun gəlməsinə çalışdıq və buna nail olduq. Həm Qazaxıstanda, həm də Azərbaycanda dəmir yolları, aeroportlar, avtomobil yolları, dəniz limanları daxil olmaqla, irimiqyaslı nəqliyyat layihələri həyata keçirildi. Bu gün bunlara həmişəkindən daha çox ehtiyac var. Bu, bizi bir daha əmin edir ki, bütün işləri vaxtında görmək və yaxın perspektivdən bir az uzağa baxmaq lazımdır. Yalnız belə olan təqdirdə uğur qazanmaq mümkündür. Ona görə də əgər bu gün nəqliyyat infrastrukturuna investisiya qoymağa başlasaydıq, yəqin ki, indi həmin potensiala malik olmaq üçün onilliklər lazım gələrdi. İndi bu bünövrə üzərində biz nəqliyyat-tranzit imkanlarımızın, həm limanların, dəmir yollarının, həm də sinergiya yaradılmasının, vahid nəqliyyat kompleksinin qurulmasının genişləndirilməsini planlaşdırırıq. Bu kompleksdə rəqəmsallaşma ilə bağlı layihələr də dəstəklənəcək. Bu məsələlərdə biz paralel istiqamətlər üzrə hərəkət edirik. Həm Qazaxıstanda, həm də Azərbaycanda bu sahəyə çox böyük diqqət yetirilir.

Mən həmkarımı Qazaxıstanın sosial-iqtisadi inkişafda, iqtisadiyyatın davamlı artmasında, beynəlxalq məsələlərdə nüfuzunun daim yüksəlməsində əldə olunan nailiyyətlərə görə təbrik etdim. Bu, bizim üçün çox mühümdür, qardaş xalqla qürur duyuruq. Çünki bu gün Qazaxıstan beynəlxalq arenada müdrik siyasət, düzgün seçilmiş strategiya və dövlətin inkişafına yönəlmiş dəqiq, ölçülüb-biçilmiş addımlar, həmçinin beynəlxalq arenada qarşılıqlı fəaliyyət sayəsində çox böyük nüfuza malikdir. Biz buna ürəkdən sevinirik. Qazaxıstana hər səfərdə dəyişikliklərin şahidi olursan. Mən Kasım-Jomart Kemeleviçə dedim ki, müasir, gözəl meqapolis olan Astananın salınması dünya tarixində nadir nümunələrdən biridir. Mənim hər səfərimdə, - artıq dediyim kimi, son ilyarımda dörd dəfə orada olmuşam, – inkişafın şahidi oluram. Bütün bunlar Prezident Tokayevin öz xalqının, dövlətinin rifahı naminə və dostlarının sevincinə səbəb olan islahatlarını əks etdirir. Biz münasibətlərimizi daha böyük məzmunla zənginləşdirmək üçün səmimi səylər göstəririk. Dövlət səfəri münasibətlərin ən yüksək səviyyədə nümayişidir. Səfərə hazırlıq çərçivəsində onu ciddi məzmunla zənginləşdirməyə çalışırdıq.

Bu yaxınlarda Astanada hökumətlərarası komissiyanın iclası keçirildi, sənədlər hazırlandı, nümayəndə heyətlərinin iştirakı ilə ancaq sənədlərin bir hissəsi imzalandı, digərləri işgüzar qaydada imzalanır. Gündəlik həqiqətən də genişdir, ən başlıcası konkret nəticələrə istiqamətlənib.

Dəvətimi qəbul etdiyi və Azərbaycana gəldiyi üçün Qazaxıstan Prezidentinə bir daha təşəkkürümü bildirmək istəyirəm. Artıq dediyim kimi, bu dialoqu daim saxlamaq və qərara gəldiyimiz, imzaladıqlarımızı həyata keçirmək üçün komandaların bütün üzvlərinə daimi impuls vermək məqsədilə biz yaxın vaxtlarda yeni görüşlər keçirməyi razılaşdırdıq.

Bir daha xoş gəlmisiniz.

XXX

Sonra Qazaxıstan Prezidenti mətbuata bəyanatla çıxış etdi.

Prezident Kasım-Jomart Tokayevin bəyanatı

- Hörmətli İlham Heydər oğlu, göstərilən qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirirəm.

Müqəddəs Azərbaycan torpağında olduğumuz ilk dəqiqədən ev sahibinin səmimi münasibətini hiss etdik. Bu dövlət səfəri dövlətlərimiz arasında əməkdaşlığın inkişaf perspektivləri nöqteyi-nəzərindən çox mühümdür. Gördüyünüz kimi, məni çox böyük nümayəndə heyəti müşayiət edir. Bu, onu göstərir ki, biz belə mühüm tədbirin – qardaş Azərbaycana dövlət səfərinin bütün aspektlərinə geniş hazırlıq görmüşük.

Əvvəlcə, öz səfərimə qiymət vermək istərdim. Həqiqətən səfər tam uğurlu oldu. Bu gün müvafiq sənədlərin, sazişlərin imzalanmasında iştirak etdik. Amma ən başlıcası odur ki, razılaşdığımız kimi, hökumətlərin və digər müvafiq idarələrin səyləri yüksək səviyyədə görüşlər zamanı əldə olunmuş bütün razılaşmaların tam şəkildə reallaşmasına yönəldiləcək.

Fürsətdən istifadə edərək, - mən artıq bunu Ali Dövlətlərarası Şuranın birinci iclasında da söyləmişəm, - hörmətli İlham Heydər oğlu, Sizi bir daha Prezident seçkilərində çox inamlı qələbə münasibətilə təbrik etmək istərdim. Bu, Azərbaycan xalqının Sizin strateji kursunuza tam dəstəyinin göstəricisidir. Heç şübhə etmirəm ki, belə mühüm ölkəyə bu prezidentlik fəaliyyətində də bütün sahələrdə - həm siyasətdə, həm də iqtisadiyyatda böyük uğurlar qazanılacaq.

Azərbaycan Sizin rəhbərliyinizlə böyük tarixi qələbə əldə edib. Bu, dövlət suverenliyinin bərpa olunmasıdır. Qazaxıstan xalqı bununla bağlı böyük sevinc hissi keçirib. Biz bu mövzuda danışmışıq. Mən Sizə təbrik məktubu ünvanlamışam. Zənnimcə, bu, uzun illər ərzində Sizin dövlət suverenliyinin bərpasına yönəlmiş və son nəticədə tarixi həqiqətin bərpası ilə nəticələnən səylərinizin qanunauyğun yekunudur.

Daha bir uğuru – qlobal iqlim konfransının keçirilməsini qeyd etmək istərdim. Bu mühüm tədbirin məhz Bakıda keçirilməsi faktı bir çox məqamlardan xəbər verir. Hər şeydən əvvəl, Sizin ölkənizin sosial-iqtisadi inkişaf sahəsində, həmçinin beynəlxalq arenada nailiyyətlərinin qəbul edilməsi amilidir. Həqiqətən, Azərbaycanın nüfuzu durmadan artır, bu, həm iqtisadiyyatda, həm də beynəlxalq siyasətdə baş verir. Əlbəttə, Qazaxıstan COP29-un müvafiq səviyyədə keçirilməsini dəstəkləyir və bu son məqsədə nail olmaq üçün lazımi səylər göstərəcəkdir. Hər halda mən Sizin dəvətinizlə həmin tədbirdə şəxsən iştirak etməyi planlaşdırıram.

Həqiqətən son vaxtlar yüksək səviyyədə təmaslar artıb və bu, çox müsbət məqamdır. Cari il də istisna olmayacaq. Biz yüksək səviyyəli beynəlxalq tədbirlərdə iştirak etmək üçün Sizi azı iki dəfə Qazaxıstanda gözləyirik. Mən özüm də Türk dövlətləri liderlərinin qeyri-rəsmi sammitində iştirak etmək üçün Azərbaycana yenidən səfər etməyi planlaşdırıram. Düşünürəm ki, bu təmaslar strateji tərəfdaşlığı və hətta Qazaxıstanla Azərbaycan arasında müttəfiqliyi möhkəmləndirmək üçün çox faydalıdır. Strateji tərəfdaşlıqdan danışdıqda, biz bunu sadəcə gözəl ifadə və ya diplomatik nəzakət kimi qəbul etmirik. Əslində, əməkdaşlığımızın mahiyyəti qarşılıqlı fəaliyyətimizin strateji xarakterini ehtiva edir.

Bu gün Ali Dövlətlərarası Şuranın birinci iclası əsnasında elə mühüm məsələlər müzakirə olundu ki, onların reallaşdırılması, nəzərdə tutulan planların yerinə yetirilməsi üzrə bu məsələlərin strateji istiqamətindən danışmaq həqiqətən yerinə düşür.

Nəqliyyat-logistika sahəsinə gəldikdə, bu gün qeyd etdik ki, hazırda dünyada məhz nəqliyyat-logistika imkanlarına çıxış uğrunda mübarizə kəskinləşir. Bu, strateji sahədir. Sevindirici haldır ki, həm Qazaxıstan, həm də Azərbaycan təbii tərəfdaşlar kimi bu sahədə sıx qarşılıqlı fəaliyyət göstərirlər. Sian limanından Qazaxıstan ərazisindən Azərbaycana dəmir yolu marşrutu üzrə bugünkü mərasim də çox mətləblərdən xəbər verir. Bu, həqiqətən çox mühüm tədbirdir və mənim dövlət səfərim zamanı keçirildi. Buna çox şadam.

Biz rəqəmsallaşma, süni intellektin yaradılması, Xəzərin dibi ilə optik-lif rabitə xəttinin qurulması sahələrində birgə səylər göstərilməsindən də danışdıq. Bu layihələr unikaldır. Zənnimcə, uğurlar çox da uzaqda deyil.

Strateji tərəfdaşlığımızın mədəni-humanitar tərkibi üzrə əməkdaşlığımızı da xüsusi qeyd etmək istəyirəm. Bu, xalqlarımızın yaxınlaşması baxımından çox mühümdür. Biz Azərbaycan tərəfinə Qazaxıstan mədəniyyəti günlərinin yüksək səviyyədə keçirilməsinə yaradılan lazımi şəraitə və səmimi qəbula görə minnətdarıq. Biz də Azərbaycan mədəniyyət xadimlərini ölkəmizdə səbirsizliklə gözləyirik və bu tədbirin uğurla keçəcəyi heç bir şübhə doğurmur, çünki Azərbaycan mədəniyyətinə maraq hər zaman vardır. Düzünü söyləmək lazımdır ki, Qazaxıstan xalqı sizin mədəniyyətinizdən ötrü darıxıb və Azərbaycan mədəniyyət xadimlərini böyük məmnunluqla qarşılayacaq.

Həmçinin çox mötəbər təşkilatlarda qarşılıqlı fəaliyyətimizi xüsusi qeyd etmək istəyirəm. Bu, Birləşmiş Millətlər Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT, AQEM, SPECA, MDB kimi təşkilatlardır. Zənnimcə, bu, beynəlxalq qarşılıqlı fəaliyyətin çox böyük spektridir və sözügedən beynəlxalq əməkdaşlıq davam edəcək. Strateji tərəfdaşlıqdan danışırıqsa, bu da çox əhəmiyyətlidir.

Hörmətli Prezident İlham Heydər oğlu Əliyevə göstərilən qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm. Sizin torpağınızda özümüzü çox rahat hiss edirik. Gözəl Bakı şəhərinə Sizin dəvətinizlə böyük maraq və ümidlərlə gəldik. İndi isə təbii ki, Qazaxıstana qayıtdıqda dərhal müvafiq qərarların qəbul edilməsinə başlayacağıq və əldə olunmuş bütün razılaşmaların həyata keçirilməsi üçün lazımi səylər göstərəcəyik.

Təşəkkür edirəm.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Paşinyan dəmiryolları üçün Rusiyaya 400 milyon dollar geri - satış qiyməti qoydu...

Problemli bank kreditləri sürətlə artır - ciddi səbəb olduğu deyilir...

Bakı Slavyan Universitetində erməni dilinin tədrisi hansı zərurətə söykən(m)ir?...

SON XƏBƏRLƏR

28.08.2026 / 20:07
Nepalda sel fəlakətində ölənlərin sayı 500-ü keçdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

28.08.2026 / 19:58
Polşa səfiri XİN-ə çağırıldı - Rəsmi Bakı Varşavaya nota verdi...

28.08.2026 / 19:42
ABŞ-ın MKİ şefinin gizli Moskva görüşlərinin əsil səbəbi sonadək aydınlaşmadı...

28.08.2026 / 19:22
İspaniyanın Seuta şəhərindəki vəziyyət yenidən gərginləşdi - etirazçılar miqrant düşərgəsini yandırdılar...

28.08.2026 / 19:04
Paytaxtda oğurluq edən şəxslər saxlandı

28.08.2026 / 18:47
Türkiyə Şimali Kiprlə bağlı güzəştə gedir? - Şimal və Cənub prezidentləri razılaşdı...

28.08.2026 / 18:30
Şaraa Rusiyanın hərbi bazalarını Suriyadan niyə çıxarmadı – Əsədin özü yox, sərvəti iş gördü...

28.08.2026 / 18:14
Avropa Birliyi Rusiyanın pullarının müsadirəsi üçün yeni plan tələb edir...

28.08.2026 / 17:58
Klinton Tramp barədə ŞOK şeylər açıqladı - “Putinə heyrandır, qazandığı pulların kökü Moskvaya çıxır”...

28.08.2026 / 17:41
Bakı istintaq təcridxanasına ayaqqabının içərisində telefon keçirmək istədi...

28.08.2026 / 17:34
600-dən yuxarı bal yığmış savadlı abituriyent adicə texniki səhvin qurbanı olur - Çıxış yolu yoxmu?...

28.08.2026 / 17:20
Rusiyada yanacaq böhranı Moskvaya da çatdı – YDM-də uzun növbələr yenidən yaranıb...

28.08.2026 / 17:07
Qara dənizdə naməlum PUA Bolqarıstan ordusunu ayağa qaldırdı...

28.08.2026 / 16:55
Əli İsa Cabbarov istefa verdi, Şəfiqə Məmmədova AKİ sədrliyinə yeganə namizəd oldu...

28.08.2026 / 16:41
Rusiya hökumətindən İrəvana mesaj – “təcili 3 şeyi etməlisiniz", TRIPP İran raketlərinin hədəfi ola bilər...

28.08.2026 / 16:25
İran CNN-nin yalanlarına uysaydı, Naxçıvana zərbələr daha dağıdıcı ola bilərdi...

28.08.2026 / 16:12
Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək

28.08.2026 / 16:06
Tramp Ontario gölünün adını dəyişdi, Demokratlar hərəkətə keçdi – qərarı ləğv edəcəklər...

28.08.2026 / 15:51
Avropaya üzv qəbulu siyahısında Gürcüstanla Türkiyənin adı çəkilmədi... İşlər qəlizləşir...

28.08.2026 / 15:37
Kiberpolsi onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfəri saxladı - VİDEO

28.08.2026 / 15:24
Paşinyan Azərbaycanla sülhü pozan daxili və xarici qüvvələrdən danışdı...

28.08.2026 / 15:08
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

28.08.2026 / 14:53
Putin hakimiyyəti Moskvada antiAzərbaycançı kütləvi aksiyalara start verdi...

28.08.2026 / 14:27
Baltikyanıdan olan Avropa komissarlarının Rusiya təcavüzündən bəhs edən qorxunc məktubu...

28.08.2026 / 14:10
Paşinyan – “hüquq sistemində Köçəryan-Sarkisyan mafiyası var, axtarışdan əvvəl məlumat sızdırıblar"...

28.08.2026 / 13:41
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə səkkizinci dəfə zərbə endirdi...

28.08.2026 / 13:23
Baş Prokurorluq tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı araşdırmalara başladı

28.08.2026 / 13:08
ABŞ kəşfiyyat şefinin Moskva səfərinin pərdəarxası açılır – “vəziyyətiniz pisləşməmiş müharibəni dayandırın”…

28.08.2026 / 12:50
Nepalda daşqınlarda ölənlərin sayı 475-ə çatdı... Yeni təhlükə - çinli xilasedicilər axtarışları dayandırdı…

28.08.2026 / 12:37
Bakıda iki qeyri-yaşayış obyekti və məsciddə qanunsuz müdaxilə - xəbərdarlıq edildi

28.08.2026 / 12:25
Bir vaxtlar Vüsaldan incidiyim üçün özümü bərk-bərk qınayıram...

28.08.2026 / 12:10
Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

28.08.2026 / 12:09
Qara dənizin Rumıniya sahillərində ticarət gəmisi vurularaq batırıldı...

28.08.2026 / 11:42
Nepalda ard-arda fəlakət yaşanır… İndi də su bəndi partladı – əhaliyə təcili çağırış edildi…

28.08.2026 / 11:25
Norveç kralı V Harald vəfat etdi…

28.08.2026 / 11:14
İran ABŞ-ı ikiqat zərbə ilə hədələdi - hər hansı bir addım atsa...

28.08.2026 / 11:01
Kirayə ev axtaran tələbələrə DİN-dən TƏCİLİ XƏBƏRDARLIQ - "Təcili beh göndərin" ifadələrinə inanmayın...

28.08.2026 / 10:46
"Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir" - XİN

28.08.2026 / 10:24
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs yaxalandı

28.08.2026 / 10:08
Suriya prezidenti kürd lideri özünə müşavir təyin etdi...

28.08.2026 / 09:57
DİN kiberdələduzların yeni üsulları ilə bağlı əhaliyə müraciət etdi - diqqətli olun...

28.08.2026 / 09:50
Bakı aeroportunda “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verildi

28.08.2026 / 09:31
İran müharibəsi ABŞ-ı vurdu – “Patriot” ehtiyatı tükənir... Avropa mümkün hücum qarşısında müdafiəsiz qalacaq...

28.08.2026 / 09:08
Tramp İranla əməkdaşlıq edən Çin banklarına niyə sanksiya tətbiq etmir? – “Hər şeyi açıqlamağa məcbur deyiləm”...

28.08.2026 / 08:43
Sankt-Peterburqda bombalı hücum - Rusiya HHQ-nin zabiti öldürüldü...

27.08.2026 / 23:36
İşğalın ideoloji cəhətdən əsaslandırılması: fəhlə sinfinin hüquqları və insan haqları, bir medalın iki üzü - Professor Məhərrəm ZÜLFÜQARLI yazır...

27.08.2026 / 23:04
“Qarabağ” avrokuboklarda mübarizəni dayandırdı

27.08.2026 / 22:01
Kreml dəmiryolunu Ermənistana qaytarmaq istəmir - “Qərb Paşinyanı şantaj edir” dedi...

27.08.2026 / 21:27
Türkiyə və İsrail müharibə ərəfəsində - Kəşfiyyat rəhbərləri yenidən Bakıda görüşəcəklər...

27.08.2026 / 21:05
Azərbaycanda nağd pul dövriyyəsinə meyl hələ də güclü olaraq qalır...

27.08.2026 / 20:43
Paşinyan “erməni soyqırımını” alətə çevirən Netanyahuya ağır sözlər dedi - “son qoyulsun”...

27.08.2026 / 20:18
Paşinyan ən qatı müxalif deputatı dövlətin ən strateji postuna təyin etdi...Niyə?

27.08.2026 / 19:55
Polad Bülbüloğlu evlilik xəbərini təkzib etdi

27.08.2026 / 19:28
Paşinyan dəmiryolları üçün Rusiyaya 400 milyon dollar geri - satış qiyməti qoydu...

27.08.2026 / 19:04
ABŞ Özbəkistanı Çinlə qanunsuz tranzit ticarət edənlərin siyahısına saldı... Azərbaycanla nə əlaqəsi...

27.08.2026 / 18:49
ABŞ-ın baş kəşfiyyatçısı Moskvada Ermənistanı da müzakirə edib...

27.08.2026 / 18:33
Putin Paşinyandan “Avrasiya referendumu” tələb edir - Ermənistan ittifaqa referendumsuz daxil olmuşdu...

27.08.2026 / 18:02
Kriminal submədəniyyət, söyüş Ermənistan ordusunun axırına çıxır...

27.08.2026 / 17:47
Şimali Kipr Türk Cümhuriyyəti və Cənubi Kipr prezidentləri razılıq əldə etdilər...

27.08.2026 / 17:34
“Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib

27.08.2026 / 17:23
“Azərbaycanın sifarişi ilə Ermənistanda tuthatutdur...” - müxalifət həm də “ideya istehsal edir”...

27.08.2026 / 17:05
Problemli bank kreditləri sürətlə artır - ciddi səbəb olduğu deyilir...

27.08.2026 / 16:48
İranla maliyyə-ticarət əlaqəsi olan ölkələrə Trampın sanksiya hədəsi etiraz doğurdu - Azərbaycanın cavabı...

27.08.2026 / 16:33
Plüralizmin inkişafı geniş beynəlxalq əlaqələr sayəsində daha dinamik xarakter alır - Azərbaycanla-Özbəkistanın timsalında...

27.08.2026 / 16:19
Türk Müdafiə Qurşağı - İlham Əliyevin birgə türk təlimləri təklifi daha da aktuallaşdı...

27.08.2026 / 16:02
Bakı Slavyan Universitetində erməni dilinin tədrisi hansı zərurətə söykən(m)ir?...

27.08.2026 / 15:50
XİN Rusiyanı Azərbaycan səfirliyinin qonaq evi qarşısındakı təxribatla bağlı tədbirlər görməyə çağırdı

27.08.2026 / 15:42
Prezident “Sabah” futbol klubuna 5 milyon manat ayrılması barədə Sərəncam imzaladı

27.08.2026 / 15:39
Bu axşam “Qarabağ”ın oyununa görə metronun iş rejimi dəyişəcək - AÇIQLAMA

27.08.2026 / 15:20
"Barselona" “Fənərbağça”nın 31 yaşlı qapıçısını transfer etdi

27.08.2026 / 15:13
Paşinyan kimin əlinə “oynayır”?

27.08.2026 / 15:04
Ərtegin Salamzadə yaradıcılığında milli ruh

27.08.2026 / 14:46
Ukraynadan Rusiyaya ağır zərbə - "Lukoil"un bütün zavodları dayandı…

27.08.2026 / 14:28
Moskva Buxarestə nota verdi, bir rumın diplomatı da ölkədən qovdu…

27.08.2026 / 14:07
Nepalda daşqınlarda ölənlərin sayı 270-ə çatdı…

27.08.2026 / 13:51
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

27.08.2026 / 13:34
Məktəbli geyimlərinin YENİ QİYMƏTLƏRİ açıqlandı...

27.08.2026 / 13:23
ABŞ-ın kəşfiyyat şefinin gizli Rusiya səfərinin səbəbi ortaya çıxdı - Moskvaya xəbərdarlıq edildi…

27.08.2026 / 13:11
Ceyhun Bayramov Avstriyanın yeni səfirini qəbul etdi

27.08.2026 / 12:57
Rusiya ballistik raketlərində Amerika komponentləri aşkarlandı - Ukrayna danışıqlar üçün ABŞ-a nümayəndə göndərir…

27.08.2026 / 12:41
ABŞ-dan bütün Avropanı silkələyəcək ŞOK İDDİA - Rusiya Ukraynada nüvə silahından istifadə edəcək…

Plüralizmin inkişafı geniş beynəlxalq əlaqələr sayəsində daha dinamik xarakter alır - Azərbaycanla-Özbəkistanın timsalında...

XƏBƏR ARXİVİ