Faiq Ələkbərli: "İranda illərdir türk xalqlarına, onun dilinə, ədəbiyyatına repressiya yaşadılır"
İran parlamenti fars olmayan etnik qrupların ana dilində ədəbiyyat fənninin məktəblərdə tədrisinə dair plana qarşı çıxış edib. Bildirilib ki, fevralın 26-da parlamentin açıq iclasında İran Konstitusiyasının 15-ci maddəsinə əsasən, məktəblərdə fars olmayan etnik qrupların ana dilində ədəbiyyat fənninin tədrisi planı müzakirə edilib. Bununla da İran konstitusiyasının 15-ci maddəsi pozulub.
Qeyd edək ki, İranda əhalinin 60%-i türkcə danışır. Buna baxmayaraq, İran fars olmayan etnik qrupların ana dilində ədəbiyyat fənninin məktəblərdə tədrisinə qarşı çıxıb.
Təbrizin İran parlamentindəki nümayəndəsi və parlamentin Təhsil Komissiyasının sədri Əlirza Munad İranda danışılan 84 yerli dilin 40-nın sıradan çıxdığına diqqət çəkərək, qeyri-fars dillərin qorunub saxlanılması üçün onların tədrisinin və inkişaf etdirilməsinin vacibliyini bildirib.
Fəlsəfə doktoru, siyasi ekspert Faiq Ələkbərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, İran adlanan ölkənin parlamenti onların ali dini rəhbərinin göstərişi əsasında hərəkət edir: "Bütün hallarda, İran adlanan ölkə digər xalqların dininə, dilinə, ədəbiyyatına qarşı mubarizə aparır. Bu hal 1925-cu ildən bugünə kimi davam edir. İndiki İran parlamenti ana dilində tədrisə və ədəbiyyata qarşı çıxır. Baxmayaraq, bu rejim özünü İslam adlandırır. Halbuki, İslam dininin özündə belə qeyd edilir ki, xalqların öz mədəniyyətlərini, dillərini ifadə etməsi şərt kimi ortaya qoyulub, Quranda da bu əks olunub. Ancaq İran adlanan ölkə yenə öz bildiyini edir, mahiyyətini dəyişmir. Ümid edilirdi ki, İranın yeni prezidentinin dönəmində irəliləyişlər olacaq. Hələ də bu istiqamətdə ümidlər var".
Həmsöhbətimiz onu da əlavə etdi ki, İranda illərdir türk xalqlarına, onun dilinə, ədəbiyyatına repressiya yaşadılır, lakin bu belə davam etməyəcək: "Ümid edirəm ki, yaxın zamanda İran faşizmi aradan qalxacaq".
Günel CƏLİLOVA