Ukraynanın zəngin təbii ehtiyatları Avropa və ABŞ arasında yeni geosiyasi rəqabətin mərkəzinə çevrilib. Fransa da Ukraynanın zəngin mineral ehtiyatlarını hədəfə alıb. Paris administrasiyası müdafiə sənayesini gücləndirmək məqsədilə mühüm xammal təmin etmək üçün Kiyevlə danışıqlara başlayıb.
Bu barədə Fransanın müdafiə naziri Sebastien Lekornu açıqlama verib. O, deyib ki, Fransa Ukraynanın mineral ehtiyatlarına çıxış əldə etmək üçün Kiyevlə danışıqlar aparır.
“Mən yaxın illərdə müəyyən xammala çıxışa ehtiyacı olacaq müdafiə sənayesini idarə edirəm. Müdafiə sənayemizin təkcə 2026-cı ildə deyil, yaxın 30-40 ildə əsas xammala ehtiyacı olacaq və biz resurslarımızı şaxələndirməliyik” – Lekornu deyib.
Lekornu, Fransanın Ukraynada təbii sərvətlər əldə etmək səylərinin ABŞ-ın Kiyevlə mədən sövdələşmələri ilə bağlı olmadığını vurğulasa da, Avropanın Vaşinqtonun təsirini balanslaşdırmağa çalışdığı aydın müşahidə edilir. “Le Figaro” qəzeti də yazır ki, Aİ ölkələri ABŞ-dan asılı olmayaraq, Ukraynadan nadir torpaq metallarının istismarı üçün Kiyevlə danışıqlara başlayıb.
Lekornu qeyd edib ki, Ukrayna prezidenti Zelenski ötən ilin payızında Parisdə keçirilən “Qələbə planı” görüşündə təbii ehtiyatlar məsələsini şəxsən qaldırıb.
Bundan başqa, Zelenskinin Qərb müttəfiqlərinin Ukraynaya maliyyə dəstəyini yüngülləşdirmək üçün sövdələşmə vasitəsi kimi mineral ehtiyatlardan istifadə etdiyi iddia edilir. Bildirilir ki, Vaşinqton Kiyevə təbii sərvətlərlə bağlı sazişi imzalaması üçün təzyiq edir, Zelenski isə prosesi ləngidir və əlavə təhlükəsizlik zəmanəti əldə etməyə çalışır.
TAHİR