Donald Tramp ABŞ-da ikinci müddətə prezident seçildikdən sonra daxili və xarici siyasətdə qəbul etdiyi sərt və dəmir yumruq xəttini tətbiq etməyə davam edir. Tramp bu dəfə “anonim mənbələrdən” istifadə edən media qurumlarını və yazıçıları hədəf alıb.
O, “anonim mənbələrdən” istifadə edən media qurumlarını və yazıçıları məhkəməyə verəcəyi ilə hədələyib. Tramp “Truth Social” hesabında verdiyi açıqlamada bildirib ki, son vaxtlar “anonim” və ya “qeyddən kənar” sitatlar olan saxta kitablar və hekayələr ortaya çıxıb.
Tramp deyib ki, sözügedən müəlliflər “uydurma”, “böhtan” və “açıq-aşkar fırıldaqçılığa” görə ağır bədəl ödəməlidir: “Bu anonim mənbələrin olub-olmadığını öyrənmək üçün nə vaxtsa bu fırıldaqçı müəlliflərdən və kitab nəşriyyatlarından bəzilərini, hətta ümumiyyətlə medianı məhkəməyə verəcəyəm”.
Tramp başqa bir paylaşımında isə “Wall Street Journal”ı (WSJ) hədəf alıb və qəzeti "yanlış" məlumatlara yaymaqda ittiham edib.
Bu arada, “Reuters”, “Associated Press” və “Bloomberg News” birgə bəyanat yayaraq, ABŞ hökumətinin "ABŞ prezidenti Donald Trampa çıxışı olan xəbər agentliklərinin sayını məhdudlaşdırmaq üçün atacağı mümkün addımları” tənqid ediblər.
TAHİR