Ermənistan və Azərbaycan arasında suverenliyin qarşılıqlı tanınması məsələsi həll edildikdən sonra Rusiya sülhməramlı qoşunları Cənubi Qafqazda etimadın möhkəmlənməsinə töhfə verməyə hazır olacaq.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov geniş məqaləsində bu məsələyə toxunub: “BMT Nizamnaməsinin prinsiplərinə bütövlükdə və qarşılıqlı əlaqədə riayət olunması beynəlxalq sülh və sabitliyin açarıdır. İndi İrəvan və Bakı liderləri iki ölkənin suverenliyinin qarşılıqlı tanınması məsələsini həll etdikdən sonra dinc həyat qurmağın və etimadın möhkəmləndirilməsinin vaxtı çatıb. Rusiya sülhməramlı kontingenti buna hər cür töhfə verməyə hazırdır”.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Aİ-yə istinad edərək qeyd edib: “İndi Brüssel öz geosiyasi ambisiyalarının qayğısına qalaraq, Vaşinqtonla birlikdə Cənubi Qafqazda sabitliyin pozulmasına gətirib çıxararaq, Azərbaycan və Ermənistana “vasitəçilik xidmətlərini” tətbiq edir”.
Göründüyü kimi, Lavrov deyir Ermənistan və Azərbaycan bir-birinin süverenliyini tanıyıblarsa, deməli, Cənubi Qafqazda qarşılıqlı etimad yaratmağın vaxtıdır və Rusiya sülhməramlıları bu prosesə öz töhfəsini verməyə hazırdı. Azərbaycan və Ermənistanın bir -birinin süverenliyini tanımasına nail olmaq üçün Rusiya lazım olanı etdimi? Əgər Rusiya bunu etmədisə, qarşılıqlı etimadın yaradılmasına necə töhfə verə bilər?
Politiloq Amid Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, məsələyə bir qədər başqa kontekstdən yanaşmaq lazımdır: “Əvvəlcə vurğulamaq lazımdır ki, bu fikri ilk olaraq ölkə başçısı Gürcüstana son səfəri zamanı səsləndirib. Lavrov sadəcə olaraq bu fikirləri təkrar edir və təsdiqləyir. Nəzərə almaq lazımdır ki, ötən 3 il ərzində 10 noyabr Bəyanatına əsasən Rusiya və onun bölgədə xidmət aparan SMQ bir sıra vacib işləri görməli idi. Ötən zaman ərzində əlində real imkanlar olduğu bir vaxtda RF və SMQ bu istiqamətdə heç bir iş görmədilər. Əksinə, əraziyə silah daşınması baş verdi, 3- cü ölkənin diversantları əraziyə daxil oldu, təmas xəttində qarşıdurmalar yarandı. Azərbaycanın təbii sərvətləri qarət olundu və Azərbaycana qarşı separatçı rejimin bəyanatlar səsləndirməsinə, erməni əhalinin girov saxlanılmasına və yeni təxribatların baş tutmasına şərait yaradıldı. Rusiya imkan olduğu halda iki icma arasında proseslərin sülh istiqamətində getməsini təmin edə bilmədi, reinteqrasiya proseslərinin başlanmasını yubandırdı.
İndi isə Azərbaycan son lokal antiterror əməliyyatlarından sonra bütün Qarabağ üzərində suverenliyi və nəzarəti təmin edibsə, RF-nin bu istiqamətdə edə biləcəyi bir şey var - kənardan prosesləri izləmək. Məsələnin mühüm tərəfi isə ondan ibarətdir ki, Ermənistan artıq RF platformasında istənilən məsələ ilə bağlı görüşdə iştirak etmək istəmir. Məsələn, Bişkek görüşündə iştirakdan artıq imtina edilib. Məsələnin məzmunu odur ki, Azərbaycan sülhün şərtlərini müəyyən edən tərəf kimi bu prosesdə hansısa vasitəçinin və tərəfin olmasının tərəfdarı deyil. Artıq Azərbaycana bu məsələdə təzyiq göstərilə biləcək bütün məqamlar aradan qalxıb. Ötən həftə Ermənistan İspaniyada Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiq etdi. İndi növbəti addım bu bəyanatın kağız üzərində təsdiqlənməsidir ki, bu istiqamətdə müvafiq işlər aparılır. RF-nin hazırkı vəziyyətdə canfəşanlığı yalnız və yalnız özünün siyasi dividendlərinə hesablanıb və Ermənistanı nəzarətdə saxlamaq istəyindən irəli gəlir”.
Məhəmmədəli QƏRİBLİ