Məlum olduğu kimi, Avropa təsisatlarının Azərbaycanla bağlı qərəzli mövqeyi, qətnamələri səngimək bilmir. Bu günlərdə Avropa Parlamentinin məlum sərt xarakterli qətnaməsi bir daha bu qurumların Azərbaycana münasibətdə necə ədalətsiz, obyektivlikdən uzaq təsisatlar olduğunu ortaya qoydu.
İndi də “Dağlıq Qarabağda humanitar vəziyyət” mövzusunda debat keçirilməsi gündəmə salınıb. Belə ki, Avropa Şurası Parlament Assambleyasının Strasburqda bazar ertəsi təsdiq edilmiş payız sessiyasının gündəliyinə “Dağlıq Qarabağda humanitar vəziyyət” məsələsi daxil edilib. Bununla bağlı debat oktyabrın 12-də keçiriləcək. Bəlli məsələdir ki, müzakirələrdə Azərbaycan hədəf alınacaq. Guya Azərbaycanın günahı üzündən humanitar vəziyyət pisləşib.
Bütövlükdə, Qarabağda humanitar vəziyyətin AŞPA-ya nə dəxli var?
“Azərbaycanda 1 milyon nəfərə yaxın məcburi köçkün və qaçqın olmazın iztirablara məruz qalanda bunlar harada idi?”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlı hesab edir ki, bütün bunlar Azərbaycana qarşı aparılan kampaniyanın tərkib hissəsidir: “Avropa İttifaqı, Avropa Şurası, ATƏT - bunların hamısı Avropada yaranmış təsisatlardır. Bu təşkilatlardan yalnız birində - ATƏT-də ABŞ iştirak edir. Digərləri isə sırf Avropa dövlətləridir. Bu təşkilatlar ona görə yaranıb ki, insan haqlarının qorunmasını, müharibənin qarşısının alınmasını, demokratik seçkilərin keçirilməsini təmin etsinlər. Hər bir ölkə bu təsisatlara daxil olarkən öhdəliklər götürür. Azərbaycan, Gürcüstan, Ermənistan Avropa Şurasına daxil olarkən bir sıra öhdəliklər götürüblər. Bunlar ümumi məsələlərdir. Ancaq konkret yanaşanda müəyyən məqamlar ortaya çıxır. Məsələn, AŞ-nin 2016-cı ildə “Sərsəng” su anbarı ilə bağlı 2035 saylı qətnaməsi var. Bunun da müəllifi AVCİYA-nın prezidenti, sabiq millət vəkili Elxan Süleymanovdur. Belə bir qətnaməni qəbul edən AŞ bunun həyata keçirilməsi üçün bir addım belə atmadı. O vaxt yadımdadır ki, AŞ-nin məruzəçisi su anbarı ilə bağlı gəlmişdi. Ancaq ermənilər onu nə Qarabağa, nə də Ermənistana buraxdılar. Halbuki, bu layihəni həyata keçirmək üçün 3 ərazidə monitorinq aparılmalı idi. AŞ bununla bağlı özünü zərrə qədər narahat etmədi. Ancaq indi Qarabağ ermənilərinə görə bütün Avropa qurumları əl-ayağa düşüblər. Ancaq 30 il bunlar Azərbaycan ərazilərinin işğal altında qalmasını görməzdən gəldilər. İndi də AŞPA ermənilərə həyan olmağa başlayıb. Bəs Azərbaycanda 1milyon nəfərə yaxın məcburi köçkün və qaçqın olmazın iztirablara məruz qalanda bunlar harada idilər? Niyə onların pozulan hüquqları yada düşmürdü? Çünki bu təsisatlar Ermənistanın işğalçılıq siyasətini pisləmək istəmirdilər. Hətta həyasızcasına deyirdilər ki, Azərbaycan ərazilərini Ermənistan yox, Qarabağ erməniləri işğal edib. Ona görə də bu gün Avropa qurumlarının ədalətdən danışmağa haqqı yoxdur. Üstəlik, Avropa təsisatlarının Qarabağ məsələsi ilə bağlı məlumatları çox cüzidir. Bunlar əsasən erməni lobbisinin sifarişi ilə öz rəylərini formalaşdırırlar. Ərazilərimiz işğal altında olanda bizə deyirdilər ki, Ermənistan qalib tərəfdir, reallıqla barışın. Bəs niyə bunu bu gün ermənilərə demirlər? Çünki onların mənafeyinə uyğun deyil. Bunlar yalnız öz mənafelərini güdürlər”.
Vidadi ORDAHALLI