Ermənistanın baş naziri Nikol Paşinyan açıq şəkildə bəyan edib ki, rəsmi İrəvan Praqa razılaşmaları əsasında Azərbaycanla sülh sazişi imzalamağa hazırdır. Bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, baş nazir qeyd edib ki, regionda sabit vəziyyəti qorumağın ən yaxşı yolu problemlərin sülh yolu ilə həll yoludur.
Paşinyan qeyd edib ki, Ermənistan aktiv beynəlxalq siyasət yürütməli və sülh gündəmindən əl çəkməməlidir.
Paşinyan sülh istəyirsə niyə addım atmır, ona nə mane olur?
Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Paşinyanın sülh istiqamətində addım atmamasının bir sıra səbəbləri var: “O, əsasən Ermənistanın daxilindəki rusiyapərəst qüvvələrin tam zərərsizləşməsini gözləyir. Fikir verirsinizsə, son vaxtlar Ermənistanın daxilində anti-Rusiya təbliğatına da geniş vüsət verilib. 40 günə yaxındır bizim ekofəallarımızın keçirdiyi aksiya proseslərə tam başqa görkəm verib. Ermənistanın havadarları da gördülər ki, Azərbaycanı haqq yolundan çəkindirə bilmədilər. Dünya gördü ki, Azərbaycan Qarabağın qalan ərazilərində də öz suverenitetini təmin etməkdə israrlıdır. Ermənistan rəhbərliyi bu reallıqları gözəl anlayır. Ona görə də etapla bu işləri görmək istəyir. Sadəcə, daxili auditoriyanı buna hazır etmək istəyir. Azərbaycanın hərbi gücü və yumşaq diplomatiyası erməniləri bu yolu tutmağa vadar edir. Başqa yolları qalmayıb. ABŞ hər iki tərəflə ciddi təmaslara keçib. Sülh prosesinə töhfə vermək istəyir. Ermənistan tərəfinə son xənərdarlıq prosesi gedir. Prezident müsahibəsində dedi ki, istədiyimiz yerdən sərhədi çəkə bilərik. Ermənistan bu prosesin qarşısını almaq gücündə deyil. Prosesin tez bir zamanda başa çatması Paşinyanın özü üçün də lazımdır. Bu bəyanat göstərir ki, Ermənistan çox ciddi proseslərdən kənarda qala biləcəyini anlamağa başlayıb. Ermənistan həm də Türkiyə ilə sərhədlərini açmağa can atır. Qarabağla bağlı proseslərdən yaxasını kənara çəkib, bunu Rusiyanın üstünə atmaq istəyir ki, biz onlarla üz-üzə qalaq. Sanki Ermənistan Qarabağdakı ermənilərin yükünü çəkməkdən boyun qaçırır. Hesab edirəm ki, Paşinyan bu dəfə blef etmir. Doğrudan da sülhə getmək istəyir. Anlayır ki, Azərbaycan həm separatçıları öz ərazisindən çıxaracaq, həm də sərhədi lazım olan yerdən çəkəcək. Paşinyan yalnız bu cür addım atmaqla öz hakimiyyətini qoruya bilər. Görür ki, Azərbaycan Qərbi Azərbaycan kartını ortaya atır. Deməli, proseslərin Ermənistanın daxilinə qədər uzanacağının fərqindədir. Artıq prosesin Qarabağ kontekstindən çıxaraq daha geniş miqyas aldığını görür. Əllərində olan Ermənistanın indiki ərazisini saxlamaq üçün konstrutiv olmaqdan başqa yolları qalmayıb”.
Son günlər Ermənistanın baş naziri Nikol Paşinyan və bu ölkənin siyasi elitası Azərbaycanla sülh sazişinin imzalanması məsələsini gündəmə gətirərək, iki ölkə arasında razılaşmanın əldə olunmasının vacibliyini diqqətə çatdırır.
Siyasi şərhçilər hesab edirlər ki, qarşılıqlı anlaşma fonunda yaxın zamanlarda sülh sazişi imzalana bilər. Aydındır ki, sülh sazişi Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində qalan erməni silahlılarının ərazilərimizdən tamamilə çıxarılması və İrəvanın Bakının təkliflərini qəbul etməsindən sonra mümkün olacaq. Belə məqamda Azərbaycan ordusunun antiterror əməliyyatları keçirməsinə ehtiyac qalmayacaq və münasibətlər sülh sazişinin müddəaları əsasında tənzimlənəcək.
Məhəmmədəli QƏRİBLİ