“...Mən hər il regionlara təxminən 30-40 səfər edirəm və insanları hansı problemlərin narahat etdiyi, nələrin həll edilməli olması ilə, nə etməli olduğumuzla maraqlanıram. Bu, enerji təhlükəsizliyi, nəqliyyat kimi qlobal layihələrin bir hissəsidir, insanların gündəlik həyatıdır. Onların daha yaxşı yaşamaları üçün nəyə ehtiyacları var və bu daha yaxşı həyatı necə təmin etmək olar? Müxtəlif alətlər var. İlk növbədə, siz xalqınızla dürüst davranmalısınız və onda onlar sizi dəstəkləyəcəklər, sizə etibar edəcəklər. Başladığımız bütün proqramlarımıza gəlincə, onların hamısı icra olunub. Azərbaycanda heç kim deyə və sonra da sübut edə bilməz ki, nə vaxtsa proqram qəbul olunub, sonra isə icra olunmayıb”. Bunu Prezident İlham Əliyev yanvarın 17-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibə zamanı deyib.
Prezidentin bölgə səfərlərinin ümumi enerji təhlükəsizliyi və qlobal infrastruktur, nəqliyyat layihələri ilə bağlılığı nədən ibarətdir?
Bu əlaqəni necə izah etmək olar?
“Azərbaycan dövləti də məhz bu rasional düşüncədən irəli gələrək...”
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, əhalinin, insanların enerji resursları ilə effektiv təmin edilməsi bütövlükdə enerji təhlükəsizliyinin vacib komponentlərindən biridir. “Cənab prezidentin də Çin televiziyasına müsahibədə toxunduğu məqamlara məhz bu kontekstdə yanaşılmalıdır. Öz vətəndaşının, insanlarının enerjiyə olan tələbatını təmin edə bilməyən dövlət necə qlobal enerji təhlükəsizliyinin təmin olmasında iştirak edə bilər?! Azərbaycan dövləti də məhz bu rasional düşüncədən irəli gələrək regionlarla bağlı bu amilə hər zaman önəm verib. Bu gün Azərbaycanın elə bir bölgəsi, yeri yoxdur ki, onun enerji təminatında ciddi problemləri olsun. Son illərdə regionların sosial iqtisadi inkişafı ilə bağlı bir sıra vacib dövlət proqramları qəbul edilib və həyata keçirilib. Bu proqramlar hazırlananda da, həyata keçiriləndə də, təsadüfi deyil ki, əhalinin enerji təminatı prioritetlərdən biri kimi qəbul edilir” - deyə M.Məmmədli qeyd etdi.
İradə SARIYEVA