Erməni saytları yazır ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan BMT-nin baş katibi Antonio Quterreşlə söhbətində “Dağlıq Qarabağa və Laçın dəhlizinə faktaraşdırıcı missiya göndərməyi vacib saydığını bəyan edib.
Ararat Mirzoyan həmsöhbətinə Laçın yolunun guya “bağlanması” ilə bağlı Qarabağda yaranmış “humanitar böhran”ın “təfərrüatlarını” təqdim edərək, beynəlxalq strukturların, xüsusən də BMT-nin məqsədyönlü reaksiyasının və effektiv addımlarının vacibliyini vurğulayıb. Mirzoyan iddia edib ki, Azərbaycan noyabrın 9-da üçtərəfli bəyanatın müddəalarını və beynəlxalq humanitar hüququn prinsiplərini kobud şəkildə pozur.
Qabaq sərhədi deyirdilər, indi də Laçın yoluna müşahidəçi gətirmək istəyirlər. Təbii ki, absurd fikirdi. Ancaq maraqlıdır, rus sülhməramlılarının nəyi bunları qane etmir ki, belə mövqe ortaya qoyurlar?
Hərbi-siyasi ekspert Emin Həsənli “Bakı-Xəbər”ə bildirdi ki, ermənilər Rusiya sülhməramlılarından narazı olmamalıdır; “Onlar gələn kimi avtobuslarla erməniləri Ermənistandan yığıb gətirdilər Qarabağa. Onlara hər cür humanitar yardım göstərdilər. Rusiyanın özündə iqtisadi çətinliklərinə baxmayaraq, onlara hər cür maddi dəstək oldular. İkinci tərəfdən də, 10 noyabr Bəyanatına uyğun olaraq buradan sülhməramlılar erməni silahlılarını çıxartmalı idilər. Heç birini çıxartmadı. Araik Arutunyan da oturub yerində və onlara hər yolla dəstək olunur. Ermənistan keçən ilin sonu beynəlxalq birliyin qarşısında öhdəlik götürmüşdü ki, sülh müqaviləsi imzalanacaq, Azərbaycanın ərazi bütövlüyünü taniyacaq. Bunu yerinə yetirmədi. İndi də mövzunu dəyişmək istəyir və məqsədləri budur ki, yeni-yeni mövzularla bu məsələni uzatsınlar. Onlara hələ də Fransa, Amerika, Rusiyanın özü, İran ümid verir ki, nəsə olacaq. Müharibədən sonra dəmir yumruq onların başlarına elə dəymişdi ki, ağılları başlarına gəlmişdi. Başa düşürdülər ki, Türkiyə və Azərbaycanla normal münasibət qurmasalar, mövcudluqları sual altındadır. Sonradan yenə onları belə yollara çəkirlər ki, nəsə olacaq. Heç nə də olası deyil. Bu münaqişə uzun müddət davam edə bilməz. Ermənistan birdəfəlik sülh müqaviləsini imzalamasa vəziyyəti daha da ağır olacaq. Necə ki, əvvəl öhdəliklər götürdülər, sonra sülh yolu ilə torpaqları boşaltmadılar. Azərbaycan ordusu özü torpaqlarını azad etdi. Ermənistan böyük itkilər verdi. Həm əsgərlərini, həm silahlarını itirdi, onların qalıqları Bakıdakı Qənimətlər Parkına gətirildi. Həm də iqtisadiyyatına böyük zərbə dəydi. Bu dəfə isə Ermənistanın özünün mövcudluğu sual altında olacaq. Ermənilər heç kimə güvənməsinlər. Necə ki, vaxtında Amerikaya, Fransaya, Rusiyaya, İrana və erməni lobbisinə arxayın olub müəyyən işlər görürdülər ki, onların da nəticələri məlumdur. İndi də Azərbaycanın şərtlərini qəbul etməsələr daha ağır olacaq. Belə yollarla gündəmi dəyişmək istəyirlər. Onlar istəyirlər ki, məsələ sülh müqaviləsinin imzalanmasından müşahidəçilərin gəlib prosesi izləməsinə keçsin. Ancaq zaman bütün mənalarda Ermənistanın ziyanına işləyir. Bunu Ermənistan bilməlidi. Necə ki, zamanında doğru-düzgün addımlar atmadılar və böyük məğlubiyyətlə üzləşdilər. İndi ondan da daha böyük məğlubiyyətlə üzləşəcəklər”.
Məhəmmədəli QƏRİBLİ