Birləşmiş Ştatlar Qarabağı Ermənistanla birləşdirən dəhlizin açılmasına bir daha çağırış edib. Belə ki, sözügedən məsələ ilə bağlı ABŞ-ın ATƏT-dəki səfiri bəyanat yayaraq Azərbaycandan Laçın yolunun açılmasını tələb edib.
Səfirlik belə bir vəziyyətdə lazımi dəstəyi verdiyinə görə Beynəlxalq Qırmızı Xaç Komitəsinə təşəkkürünü bildirib və Azərbaycanı və Rusiyanı yolun dərhal açılmasına çağırıb: “Birləşmiş Ştatlar Laçın dəhlizinin artıq üç həftədən çox müddətdə bağlı olmasından və bunun ağır humanitar vəziyyət yaratmasından narahat olaraq qalır”.
ATƏT səfirinin bu çağırışına ABŞ-ın İrəvandakı səfirliyi də qoşulub. Səfirlik ABŞ Dövlət Departamentinin dəhlizin açılmasına çağırışlarını təkrar edib və bildirib ki, Azərbaycanın hərəkəti “sülh prosesini əngəlləyir və beynəlxalq etimadı sarsıdır”.
Bu qədər subyektivlik olar? Yolda gediş-gəliş ola-ola bunlar hansı “ağır humanitar vəziyyət”dən dəm vururlar? Ən azından, əgər Xankəndi və ətrafında “humanitar fəlakət” yaşanırsa Qarabağdakı bir neçə min qanunsuz erməni silahlı qüvvələri bir aydır nə yeyib-içirlər?
“Laçın yolu ilə bağlı heç bir problem yoxdur və Birləşmiş Ştatlar diplomatları həqiqəti erməni gözü ilə görürlər”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, ABŞ tərəfinin yanaşması subyektivliyə söykənir və reallığı əks etdirmir: “ABŞ səfirləri tərəfindən Laçın yolu ilə bağlı qeyri-konstruktiv açıqlamalar verilməsi ilk növbədə onların bunu erməni lobbisinin təsiri ilə dediyinin bariz nümunəsidir. Artıq neçənci dəfədir ki, belə yanaşmaların şahidi oluruq. Halbuki, onlar da yaxşı bilir ki, Laçın yolu humanitar məqsədlər üçün istifadə edilir və burada tam qapadılmadan söhbət getmir. Əslində səfirlər neytral qalmalıdır, çünki bu kimi açıqlamalar öz dövlətinə başucalığı gətirmir. Dövlət Departamentinin mövqeyinə gəldikdə isə, bəzi hallarda bizim regionla bağlı ikili standartlardan çıxış edirlər. Faktiki olaraq prosesləri təhrif edirlər. Bu da təəssüf doğurmaqla yanaşı, iki ölkə münasibətlərinin ruhuna ziddir. Yaxşı olardı ki, Dövlət Departamenti Ermənistana təzyiq göstərsin. Çünki sülhlə bağlı prosesləri tormozlayan Azərbaycan yox, Ermənistandır. Üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gecikdirir və sülhdən yayınır. Laçın yolu ilə bağlı heç bir problem yoxdur və Birləşmiş Ştatlar diplomatları həqiqəti erməni gözü ilə görürlər. Düşünürəm ki, onlarin bu mövqeyi vəziyyəti daha da çətinləşdirir. Bu isə, prinsipcə, heç də Ermənistana xidmət etmir. Yaxşı olar ki, diplomatlar əldə edilən razılaşmaların rəsmi İrəvan tərəfindən necə icra edildiyinə baxsınlar. Onlardan bu kimi qeyri-ciddi mövqelər görəcəyik. Əsas odur ki, biz öz mövqeyimizdə prinsipiallıq göstəririk və beynəlxalq hüquqa uyğun hərəkət edirik. Kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilməyəcək”.
Vidadi ORDAHALLI