Roma Papası Fransisk Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh müqaviləsi haqqında danışıb. Bu barədə Ermənistanın Vatikandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb. Fransisk bu mövzuya xarici ölkələrin diplomatik nümayəndəliklərinin təmsilçiləri ilə görüşü zamanı toxunub.
O bildirib ki, Cənubi Qafqaz haqqında düşünür və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinə çatmaq üçün vacib addımlardan biri atəşin dayanması ilə bağlı əldə olunmuş razılaşmalara, xüsusilə də hərbi əsirlərin geri qaytarılmasına əməl etməkdir.
Göründüyü kimi, Roma Papası müharibədən sonra yaranan anlaşılmazlıqlar sırasında cəmi 33 erməni terrorçusunun azad edilməsi ilə bağlı tələbi önə çəkir. Ancaq nədənsə, Ermənistanın sülhü sabotaj etməsindən qətiyyən söz açmır. Roma Papasının bu çağırışını, humanizm prinsipindən daha çox, xristian həmrəyliyinin ifadəsi kimi dəyərləndirmək olar. Roma Katolik Kilsəsinin qədimdən başlayaraq bu gün də dünya siyasətinə təsir mexanizmləri mövcuddur. Ancaq torpaqlarımız işğal altında qaldığı 30 ildə bir dəfə də olsun onlardan istifadə etmədi.
Roma Papası bundan əvvəl də açıq ermənipərəst mövqe sərgiləyib. Müqəddəs Pyotr kilsəsində çıxışı zamanı Türkiyədə 1915-ci ildə baş verən hadisələri "soyqırımı" kimi təqdim edib.
İlahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bunun mənası Ermənistanın ümumiyyətlə həmişə dünyada hiyləgər siyasət yürütməsi hesab olunur: “Keşişin dediyi sözlər həqiqəti əks etdirmir. Biz dövlət səviyyəsində bizdə ümumiyyətlə hərbi əsirin olmadığını qeyd etmişik. Quldurlar, qanunsuz dəstələr onları hərbçi adlandırır. Rəsmən və bizim qanunlarımıza görə isə onlar hərbçi deyillər. Əgər onlar da həbs olunursa, onlar hərbi əsir hesab oluna bilməz. İkinci tərəfdən, doğru qeyd olunur ki, bu məsələlərdən əvvəl sərhədlərin uyğunlaşdırılması məsələsi var. Bizim qaytarılmamış bəzi torpaqlarımız var. Qazax rayonunun 7 kəndi, Naxçıvanda Sədərək rayonunun Kərki kəndi bunlara aiddir. Eyni zamanda sərhədlərin demarkasiya və delimitasiya edilməməsi böyük bir kobud boşluqdur. Bütün bunlar düzələndən sonra sülhdən və başqa məsələlərdən danışmaq olar. Biz onlara təklif etmişik, onlar bu işlərə getsin ki, sonra da sülh olsun. Sərhədlərin uyğunlaşdırılması, digər yarımçıq qalmış məsələlər, eyni zamanda Xankəndi yolunda olan problemlərin aradan qaldırılması vacibdir. Ekologiyanın qorunması, sərhədlərimizin tanınması kimi vacib məsələlər həll olunmalıdır. Din baxımından da ermənilərin siyasəti eynidir. Necə ki, İran peyğəmbər əhli-beytinin şiəliyini əlində əsas tutub Azərbaycana qarşı, dünya müsəlmanlarına qarşı bu cür murdar siyasətlə məşğuldur, eyni zamanda ermənilər də xristianlıq pərdəsi altında bu addımları atırlar. Ona görə də ermənilərlə İranın münasibəti yaxşı tutur. Erməni-müsəlman davalarının əksəriyyətində bütün fətvaları erməni keşişləri verib. Fətva verənlərin hamısı onların keşişləri, baş din ruhaniləri olub. Bu baxımdan onların din xadiminin Vatikanda riyakarcasına danışması qətiyyən həqiqəti əks etdirmir. Dini cəhətdən də Qafqaz regionunda dini tolerantlığın pozulması deməkdir. Eyni zamanda, dini abidələrə təcavüz, siyasətə dini qarışdırmaq deməkdir. Əvvəla, din xadimi siyasətə qarışmamalıdır. Yox əgər qarışırsa, gərək sülhə çağırsın, qan tökülməsinin qarşısını alsın. Mən təəssüflə qeyd etməliyəm ki, ermənilərin din xadimləri belə mənfur hərəkətlər edirlər. Siyasilərə dövlət başçımız layiqli cavablarını versə də, din xadimlərinin atdığı addımlara dövlət rəhbərinin və digər siyasilərin cavab verməsi uyğun gəlmir. Bunu bizim din rəhbərlərimiz, Şeyxlüslam Paşazadə etməlidir. Onlar da etmirlər. Mən dəfələrlə demişəm ki, 30 illik Qarabağ məsələsində həddindən artıq boşluqlara yol verilib. Dünyaya bunlar din xadimi tərəfindən çatdırılmalı idi. Məscidlərin dağılması da bir şans idi. Bu şəkillərin hamısını bütün dini konfranslarda Allaşükür Paşazadə çıxış edib göstərməli idi. Bugünkü gündə dağıdılan ərazilərimiz dünyanın hər yerində göstərilməli, Vatikanın özündə də nümayiş etdirilməli idi. Yoxsa özünə bütün Qafqazın şeyxi adını qoyub boş - boş oturmaqla iş həll olmur. Görünür, İran bütün bunları Ermənistana görə etmir, mövqeyi tam başqadır. Yəni demək istəyirəm ki, Azərbaycanın da öz din xadimi olmalıdır ki, ermənilərin bu hərəkətlərinə dərhal reaksiya versin və əsl həqiqəti ortaya qoysun. Şeyxlüslam bunu etmirsə, başqa bir din xadiminə bu tapşırılmalıdır. Din adamına din adamının cavab verməsi daha yerinə düşər”.
Məhəmmədəli QƏRİBLİ