“Azərbaycanın dövlət müstəqilliyi bütün Azərbaycan xalqının milli sərvətidir”. Tarixə düşən bu məşhur kəlamın müəllifi mərhum prezident Heydər Əliyevdir. O Heydər Əliyev ki, müstəqil Azərbaycanın qurucusu və memarı olub.
O, hələ 1991-1993-cü illərdə Naxçıvan Ali Məclisinin sədri olduğu dövrlərdə bu istiqamətdə böyük işlər görüb. Xalqın tələbi ilə 1993-cü ilin iyununda ölkəyə rəhbərlik etməyə başlayandan sonra müstəqilliyin möhkəmləndirilməsi ilə məşğul oldu.
Heydər Əliyevin işlətdiyi bu məşhur kəlamda diqqəti çəkən məqam odur ki, o, müstəqilliyin xalqın milli sərvəti olduğunu qeyd edir. Demir ki, müstəqillik hansısa partiyanın, siyasi qüvvənin sərvətidir. Müstəqilliyin məhz bütün Azərbaycan xalqının milli sərvəti olduğunu deyib. Bu, doğrudan da çox dərin bir mənanı özündə əks etdirən bir fikirdir. O baxımdan Heydər Əliyevin bu fikrinin arxasındakı əsas hədəfləri, məqsədləri nədən ibarətdir?
“O baxımdan haqlı olaraq qeyd edib ki, müstəqillik bütün xalqın milli sərvətidir”
Məsələyə münasibət bildirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin fikrincə, Heydər Əliyevin bu kəlamının arxasında böyük məna dayanır: “Məsələ ondadır ki, dünyada çoxsaylı xalqlar var, amma müstəqil deyillər. Elə xalqlar var ki, onların sayı bizdən çoxdur. Lakin müstəqil dövlətləri yoxdur. Biz xoşbəxt xalqıq ki, müstəqil dövlətimiz var. Baxmayaraq ki, hələ də parçalanmış, ikiyə bölünmüş vəziyyətdəyik. Məhz bundan çıxış edərək mərhum prezident Heydər Əliyev hesab edirdi ki, müstəqilliyimiz xalqımızın milli sərvətidir. Nəzərə almalıyıq ki, müstəqilliyə gedən yol həddən artıq ağır və məşəqqətli olub. 80-ci illərin sonunda Azərbaycan xalqının genetik kodu qalxdı ayağa və ölkədəki bütün millət boyunduruq altında yaşamaq istəmədiyimizi nümayiş etdirdi. Yalın əllə rus tanklarının üzərinə getdik. Çünki biz xalq olaraq mübarizə aparıb müstəqillik əldə etdik və bunu kimsə bizə peşkəş etmədi. O baxımdan haqlı olaraq qeyd edib ki, müstəqillik bütün xalqın milli sərvətidir. Bəzən müstəqillik prosesində rolu, əməyi olmayan adamlar ona kölgə salmağa çalışırlar. Hesab edirəm ki, bu, qətiyyən yolverilməzdir. Bütövlükdə, müstəqillik qazanmağımızda Azərbaycan xalqının böyük rolu var. Azərbaycanda 20 Yanvar qətliamını törətdilər. Ancaq bizim müstəqillik iradəmizi sındıra bilmədilər. Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində rolu böyükdür. O imkan vermədi ki, Rusiya Azərbaycanda hərbi baza qursun. Bununla o, müstəqilliyimizi qorudu. O xalqlar azadlığa layiqdir ki, hər zaman bu barədə düşünür və vuruşur. İki yüz il ərzində Azərbaycan xalqının üzdə olan bütün başlarını kəsdilər, intellektualları yox etdilər. Ancaq genetik kod qalxdı ayağa və biz müstəqilliyimizi əldə etdik. İndi Azərbaycan ərazilərinin böyük hissəsini işğaldan azad edib. Çox az bir hissə qalıb, amma bütün dünya bizə qarşıdır. Buna rəğmən, Azərbaycan Qarabağın işğal altında qalan əraziləri ilə bağlı bir addım belə geri çəkilmir. Mübarizə aparırıq, müqavimət göstəririk. Bütün bunlar qiymətləndirilməlidir. Çünki xalqımız böyük xalqdır”.
Vidadi ORDAHALLI