ABŞ Konqresi Ağ Evə xəbər vermədən İsrail baş naziri Binyamin Netanyahunu paytaxta dəvət edib. Netanyahu 3 martda İranla bağlı Konqresin ortaq iclasında çıxış edəcək.
Baki-xeber.com xəbər verir ki, ABŞ Nümayəndələr Palatasının başçısı Con Bonerin İsrail Baş nazirini Vaşinqtona dəvət etməsi, Konqreslə Ağ Ev arasında gərginliyə səbəb olub. Nümayəndələr Palatasının Respublikaçı başçısı Boner Netanyahunu İran mövzusunda Konqresin ortaq iclasına xitab etməsi üçün Vaşinqtona dəvət etdiyini, ancaq bununla bağlı Ağ Evlə məsləhətləşmədiyini bildirib və Konqresin bu qərarı özünün verə biləcəyini deyib.
Nümayəndələr Palatasının başçısının Netanyahunu ABŞ-a dəvət etməsi Obamaya qarşı gediş kimi dəyərləndirilir. İran mövzusunda İsrailin tezislərinə daha yaxın olan Konqres, müzakirələrə soyuq yanaşır və Tehrana yeni sanksiya tətbiq olunmasını istəyir. Prezident Barak Obama isə müzakirələri sonuna qədər aparacağını və Konqresdən gələcək hər hansı bir sanksiya qərarını veto edəcəyini bildirir.
Ağ Ev sözçüsü Coş Ernest Netanyahunun ziyarətindən Bonerin açıqlamasından əvvəl məlumatlandırıldıqlarını qeyd edərək, Ağ Evlə məsləhətləşmədən edilmiş dəvəti normal diplomatik protokolun pozulması kimi xarakterizə edib.
Daha sonra isə Ağ Ev Obamanın Netanyahu ilə görüşməyəcəyini açıqlayıb. Obamanın görüşməməsinin səbəbi isə, xarici bir ölkədəki seçkilərə təsir görüntüsü yaratmamaqdır.
Prezident Obamanın ardından ABŞ dövlət katibi Con Kerri də Netanyahu ilə görüşməyəcəyini açıqlayıb. Dövlət Departamentinin sözçüsü Cen Psaki buna səbəb olaraq Obama kimi İsraildə yaxınlaşan seçkiləri göstərib.
İsrail baş naziri Binyamin Netanyahu isə Nümayəndələr Palatasının başçısı Bonerin dəvətilə Konqresə xitab etmək üçün mart ayında Vaşinqtona gedəcəyini açıqlayıb. Netanyahu İsrail baş naziri olaraq, İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün əlindən gələni etməyin vəzifəsi olduğunu bildirib: "İsrailin gələcəyini təminat altına almaq üçün dəvət edildiyim hər yerə gedəcəyəm".
İranla keçirilən nüvə müzakirələrə toxunan Netanyahu bildirir ki, önümüzdəki həftələrdə böyük dövlətlərlə İran arasında imzalanması ehtimal edilən çərçivə razılaşması, bu ölkənin nüvə silah əldə etməsini asanlaşdıracaq: «Bu da ilk olaraq İsrailin təhlükəsizliyini təhlükəyə atır».
Netanyahu daha sonra bildirib: "Livan və Suriyaya müdaxilə edən İran indi də eyni şeyi Yəməndə edir. İran, indi də Golan Təpələrində bizə qarşı fəaliyyət göstərir".
Onu da qeyd edək ki, ABŞ Konqresi müzakirələrlə əlaqədar iki fərqli layihə üzərində çalışır. Netanyahunun dəstəklədiyi Kirk-Menendez layihəsi Tehranla 30 iyuna qədər razılaşma əldə edilməyəcəyi halda ağır sanksiyaları nəzərdə tutur, Corker layihəsi isə əldə ediləcək hər hansı bir anlaşmanın Senat tərəfindən təsdiqini tələb edir.