Ukrayna prezidenti Petro Poroşenko Mariupol şəhərinin bombardman edilməsinin təfərrüatlarını tam açıqlayacağını vəd edib və bildirib ki, şəhərdə hədəfləri separatçılara nişan verən agent həbs edilib.
Ukrayna hakimiyyət orqanları bildirirlər ki, nişançı şənbə günü yaxalanıb. Onun artıq dindirildiyi və ifadə verdiyi barədə məlumatı ölkənin Milli Təhlükəsizlik Şurasının müşavirəsində prezident bəyan edib.
Prezident bildirib ki, alınmış ifadələr bazar ertəsi rəsmən elan olunacaq. O həmçinin bildirib ki, bazar ertəsi Avropa İttifaqının xarici işlər nazirləri görüşərək Rusiyaya qarşı görülə biləcək növbəti tədbirləri müzakirə edəcəklər. Prezident deyib ki, hazırkı vəziyyətdə Minsk razılaşmalarına əsasən əldə edilmiş atəşkəsin alternativi yoxdur.
Poroşenko bəyan edib ki, Ukrayna münaqişənin dinc yolla həll olunmasının tərəfdarıdır.
Mariupolda artilleriya bombardmanı zamanı həlak olmuş sakinlər üçün matəm elan edilib.