Ukrayna hökumətinin nəzarətində olan strateji liman Mariupola Rusiya tərəfdarı separatçıların raket hücumları nəticəsində 30 nəfərin ölümü ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası hər hansı yekdil bir qərar qəbul edə bilməyib.
Baki-xeber.com xəbər verir ki, kimin tərəfindən reallaşdırıldığı dəqiq bilinməyən olayın ardından Ukraynanın tələbilə toplanan Təhlükəsizlik Şurası yenə sərt müzakirələrə səhnə olub. Şuranın daimi üzvlərindən Rusiya və İngiltərənin qınama mətni üzərində anlaşamamasına görə yekdil qərar qəbul edilməyib. İngiltərənin qınama mətnində hadisəni Şərq Ukraynada müstəqillik elan edən Rusiya tərəfdarı separatçıların üzərinə qoymaqda israr etməsinə qarşı Rusiya veto hüququndan istifadə edərək qərarın qəbul edilməsinə imkan verməyib.
Rusiya tərəfi ortada dəlil olmadan separatçıları günahlandırıb, Kiyev rəhbərliyinə əvvəlcədən bəraət verilməsinin doğru olmadığı bildirib.
Digər tərəfdən bölgədəki ATƏT-in nümayəndələri Mariupola şimal-şərq və şərq istiqamətlərindən "Grad" və "Uragan" raketlərile atəş açıldığını açıqlayıb. Ukrayna rəhbərliyi, bu bölgələrin separatçıların nəzarəti altında olduğunu deyərək, hadisənin məsuliyyətini də terrorçuların üzərinə qoyur.
Ukraynanın şərq bölgəsi Mariupol şəhərinə ağır silahlarla edilən hücum nəticəsində 2-si uşaq 30 nəfər ölüb, 102 nəfər isə yaralanıb. Ukrayna Mili Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov hücumun separatçılar tərəfindən edildiyini açıqlayıb, separatçılar isə iddiaları təkzib edib və bunun bir təxribat cəhdi olduğunu bildiriblər.
Turçinov hadisə ilə bağlı yaydığı açıqlamada daha sonra bildirir: "Bu gün, 24 yanvar tarixində rus-terrorçu qrupları, ukraynalı əsgərlərin müdafiəsini yarmağa cəhd etdilər, ancaq müvəffəqiyyətsiz oldular. Bunun ardından raketlərlə Mariupol şəhərinə atəş açdılar. Barbarcasına atəş açılması nəticəsində Mariupolda Ukrayna vətəndaşları öldürüldü və yaralandı. Ukraynalı əsgərlər Mariupol şəhərini təcavüzkarın hücumundan etibarlı şəkildə qoruyur. Bu gün rus əsgərləri və onların nəzarəti altında olan terrorçular tərəfindən gerçəkləşdirilən hücum insanlığa qarşı işlənən qanlı cinayətdir, bu Rusiya Federasiyasının prezidenti Vladimir Putinin dünən keçirdiyi Təhlükəsizlik Şurasının toplantısında verilmiş tapşırığın birbaşa yerinə yetirilməsidir. Buna görə də ukraynalıların ölümü, qanı və iztirabları üçün məsuliyyət də Putinin üzərindədir. Düşmən qanlı cinayətləri üçün layiq bir cavab alacaq".