Ukrayna böhranına görə, Qərbin sanksiyaları ilə üzləşən Rusiyada hakimiyyətlə oliqarxlar arasında münasibətlər pisləşməyə başlayıb. Məlumata görə, Rusiya prezidenti Vladimir Putin, rublun dəyər itirməsindən zərər görən və Ukraynada böhranın davam etməsinə qarşı çıxan oliqarxları yaxın ətrafından uzaqlaşdırır.
Baki-xeber.com xəbər verir ki, bu barədə məşhur «Bloomberg» agentliyi yazır. Agentlik iddia edir ki, Putin yalnız bir neçə güc rəsmiləri istisna olmaqla, əvvəllər ətrafında olan oliqarxları özündən kənarlaşdırır. Agentlik mənbələrə istinadən yazır ki, Putin böhrana görə rublun dəyər itkisindən zərər görən və Kremlin Ukrayna siyasətinə qarşı çıxan milyarderlərə arxasını çevirir.
«Bloomberg», Vladimir Putinin zənginliyini ona borclu olan və Qərbin sanksiyalarından daha çox zərər görən oliqarxlara şübhə ilə yanaşdığını qeyd edir. Mənbələr Putinə yaxın olan iş adamlarının ona borclu olduğunu anlayaraq onu açıq tənqid etmirlər, amma bununla yanaşı Putinin sərt siyasətinin sərvətlərini yox etməsilə də barışmaq istəmirlər.
Rus mütəxəssislər bildirir ki, "Putin üçün çətin bir dövr başlayıb. Həm liberallar həm də sərt siyasət tərəfdarları tərəfindən tənqid olunur. Kreml isə daha sərt siyasətə üstünlük verir".
Siyasi mütəxəssis Sergey Markov əvvəllər Putinə yaxın olan iş adamlarının indi mərkəzdən uzaqlaşdırıldığını, Putinin ən yaxın ətrafının isə Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev, Federal Təhlükəsizlik Xidmətinin (FSB) sədri Aleksandr Bortnikov, Rusiya Xarici Kəşfiyyat Xidmətinin başçısı Mixail Fradkov və Rusiya müdafiə naziri Sergey Şoyqudan formalaşdığını bildirir.
«Bloomberg» həmçinin, noyabr ayında nazirlər və Rusiya iqtisadiyyatının hazırkı ağır vəziyyətdən çıxmasında maraqlı olan digər rəsmilərin təkliflərini bövlət başçısına çatdırmaq üçün aylarla gözləmək məcburiyyətində qalmalarından şikayətçi olduğunu yazır.
Məlumata görə, 2014-ci ilin sonunda Rusiyanın ən zəngin 21 oliqarxı 61 milyard dollar, yəni sərvətlərinin dörddə birini itirib. Putinin dostları kimi tanınan Gennadi Timçenko və qardaşlar Arkadiy və Boris Rotenberq də zərər görən oliqarxlar arasında yer alır.
Korrupsiya ittihamlarına görə, Londona qaçan bankir, Rusiya Federasiya Şurasının keçmiş üzvü Sergey Puqaçev Putinin 2014-ci ilin may ayında Prezident Administrasiyasının şöbə müdiri Vladimir Kojini vəzifədən kənarlaşdıraraq "şahmat taxtasında daşları təmizləməyə" başladığını bildirir: "İndiki vaxtda dostluq və sədaqətin heç dəyəri yoxdur. Rusyalıların 85 faizinin dəstəyini alan Putinə yoldaş lazımdırmı?".
Bununla bağlı «Bloomberg»ə açıqlama verən Rusiya prezidentinin sözçüsü Dmitri Peskov, Putinin ətrafında Ukraynaya qarşı həyata keçirilən mövcud siyasətdən narazılıq olması barədə xəbərlərə malik olmadığını deyib.
Digər tərəfdən Davos zirvəsində danışan baş nazir müavini İqor Şuvalov isə Qərbin təzyiqlərinin Putinə dəstəyi daha da artıracağını bildirir: "Ruslar liderlərinə qarşı savaş açılarsa onun ətrafında daha sıx birləşəcək. Bütün çətinliklərə dözəcəklər, amma ondan imtina etməyəcəklər".