Avropa İttifaqı Rusiyanı Ukraynanın şərqində cərəyan edən münaqişənin dayandırılmasında öz öhdəliklərini tam həcmdə etiraf etməyə çağırıb.
"Ukraynanın şərqində sülh axtarışına qalan zaman müddəti daralmaqdadır. Döyüşlərin şiddətlənməsi hər iki tərəfdən həm dinc əhali, həm hərbçilər arasında ölənlərin sayını artırıb", - Avropa İttifaqı Xarici İşlər və Təhlükəsizlik Siyasəti nümayəndəsi Federica Mogherini bəyanatında bildirib.
Federica Mogherininin bəyanatı cümə axşamı dərc edilib. Bu bəyanat tanınmamış "Donetsk Xalq Respublikası" lideri Aleksandr Zaxarçenkonun bəyanatından bir neçə saat sonraya təsadüf edib.
A.Zaxarçenko separatçıların daha Kiyevlə barış barədə danışıq aparmayacaqlarını bəyan edib.
Eyni zamanda Rusiya prezidenti Vladimir Putin Ukrayna rəsmilərini barışıq şərtlərini pozaraq Donbassda irimiqyaslı hərbi əməliyyata başlamaqda ittiham edib.