Prezident sarayını Husilərin mühasirəyə aldığı Yəməndə prezident Abd Rabbuh Mansur Hadi istefa verib. Mənsurdan əvvəl də hökumət istefa verdiyini açıqlayıb.
Baki-xeber.com xəbər verir ki, «Al Jazeera»nin prezident qaynaqlarından əldə etdiyi məlumata görə, prezident Abd Rabbuh Mansur Hadi istefa verib. Ancaq, istefa xəbərilə əlaqədar hələ rəsmi bir açıqlama verilməyib.
«Al Jazeera»nin əldə etdiyi istefa ərizəsində Mansur Hadi, «artıq ölkəni idarə etmədiyini, vəzifəsinin icrasının mümkünsüz olduğunu» bildirib. «Yaranmış vəziyyətə görə Yəmən xalqından üzr diləyirəm. Yəməndə bəzi siyasi tərəflər səylərimizi boşa çıxardı" deyən Hadi, 21 sentyabr hadisələri ilə Husilərin hücumlarının ölkədəki vəziyyətə pis təsir etdiyini vurğulayıb.
Yəmən hökuməti sözçüsü Racih Badi isə baş nazir Halit Bahhahın hökumətin istefa qərarını prezident Abd Rabbuh Mansur Hadiyə təqdim etdiyini bildirib: "Hökumət yaşanan böhranla bacara bilmədi. Yəmən xalqına verməyə çalışdığı təhlükəsizliyi təmin edə bilmədi".
Hökumət isə, yazılı açıqlama yayaraq, ölkədə davam edən böhran zamanı tərəf olmaq istəmədiyini, fərqli səbəblərdən vəzifəsini yerinə yetirə bilmədiyini bildirib.