«Al Jazeera» Yəmənin keçmiş lideri Əli Abdullah Saleh ilə ölkənin paytaxtını ələ keçirən üsyançıların lideri arasındakı danışıqların səs yazısını ələ keçirib. Salehin şiə üsyançıların siyasi və hərbi manevrlərini koordinasiya etdiyi bildirilir.
Baki-xeber.com xəbər verir ki, Əli Abdullah Saleh ilə Husilərin lideri Abdülvahit Əbu Ras arasındakı danışığın ötən ilin oktyabr ayına təsadüf etdiyi bildirilir, yəni Husilərin Sananı ələ keçirməsindən təxminən bir ay sonraya. Ələ keçirilən səs yazısından aydın olur ki, Saleh Husilərin siyasi və hərbi addımlarını birbaşa koordinasiya edir. Saleh danışıq zamanı Yəmən hökumətinin başına gələ biləcək şəxslərin adlarını da təklif edir.
Saleh hazırkı Yəmən prezidentinin oğlu Cəlal Mənsur Hadini də, Sanada Husilərə qarşı bombalı hücum təşkil etməkdə suçlayır.
Yəməndə nə baş verir?
Çərşənbə axşamı paytaxt Sanadakı prezident sarayını ələ keçirən Husilər prezident Mansur Hadinin hakimiyyətdə kadr dəyişikliyi etməsini tələb edir. Onlar prezident köməkçisinin Husi olmasını istəyirlər.
Husilər, mövcud rəhbərliyi qrupun sentyabr ayında paytaxtı ələ keçirməsindən sonra imzalanan Barış və Milli Tərəfdaşlıq sazişini həyata keçirməməkdə günahlandırır.
Aylar sürən qarşıdurmaların ardından sentyabrda paytaxtı, çərşənbə axşamı isə prezident sarayını ələ keçirən Husilər ölkənin idarəçiliyini faktiki ələ almış vəziyyətdədir. Prezident Hadi ilə bağlı isə ziddiyyətli xəbərlər yayılır.
Saraydakı rəsmilərdən biri Hadinin çərşənbə axşamı baş verən qarşıdurmalarda xəsarət almadığını və hazırda ev həbsində olduğuna işarə edib. Husilərdən biri isə prezidentinin evində olduğunu və istədiyi vaxt buradan ayrıla biləcəyini bildirib.
Salehin toxunulmazlığı
Ölkəni 33 il idarə edən Əli Abdullah Saleh etiraz aksiyalarının ardından 2011-ci ilin noyabrında vəzifəsindən uzaqlaşdırılıb. 2012-ci ilin yanvarında isə Yəmən parlamenti Salehə toxunulmazlıq tanıyan qanunu təsdiqləyib. Salehin vəzifəsini köməkçisi Mansur Hadi öz üzərinə götürüb.
Əli Abdullah Saleh prezident sarayının işğal edilməsindən sonra çərşənbə günü erkən seçki çağırışı edib və prezident və parlament seçkisinin siyasi böhranın həll edilməsinə kömək edəcəyini deyib.