ABŞ Suriya və Bəşər Əsədlə bağlı siyasətində dəyişiklik edir. Bu iddia ilə «New York Times» qəzeti çıxış edib. Qəzet iddia edir ki, ABŞ İŞİD-ə görə, Əsədlə bağlı siyasətində dəyişikliyə gedir.
Baki-xeber.com xəbər verir ki, ABŞ rəhbərliyinin uzun müddətli sabitlik üçün Əsədin iqtidardan getməsi fikrində qaldığını yazan qəzet bildirir ki, Vaşinqton bununla birlikdə xüsusilə İŞİD təhdidinə görə, artıq Suriyada hakimiyyət dəyişikliyinin mərhələli bir şəkildə aparılması qənaətinə gəlib.
ABŞ bu fikirdədir ki, indiki dövrdə Əsəd devriləcəyi halda, mövcud xaos mühitinin kökündə dayanan radikal qrupların qarşısını heç bir güc ala bilməyəcək. Buna görə də ABŞ Əsəd siyasətini təkrar gözdən keçirib və hələlik Əsədin hakimiyyətdə qalmasının bölgədəki sabitlik baxımından daha faydalı olacağı qənaətinə gəlib.
Burada diqqət çəkən bir məqam da var. Qəzetin yazdıqlarından belə qənaətə gəlmək olar ki, ABŞ-la Əsəd rejimi arasında bir anlaşma da var. Qəzet yazır: «ABŞ təyyarələri İŞİD-i bombalayır. Amerikalı rəsmilər vasitəçilər vasitəsilə Əsədə ordusunu hədəf almadıqlarını çatdırırlar. ABŞ üsyançılara təlim keçir, amma Əsədə qarşı deyil, İŞİD-ə qarşı savaşssınlar deyə».
ABŞ-ın Əsəd siyasətində dəyişikliyə getdiyini göstərən başqa bir fakt isə Əsədlə bağlı sərt sözləri ilə gündəmdən düşməyən dövlət katibi Con Kerrinin son açıqlamalarında Suriya rejimi ilə bağlı danışıq tərzi göstərilir. ABŞ mətbuatı yazır ki, əvvəllər rejimə qarşə sərt sözlərlə diqqət çəkən Kerri keçən həftə açıqlamasında Əsədin «siyasətini dəyişdirməsi lazım olduğunu» deməklə kifayətləndi.