ABŞ Senatının Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) işgəncə üsulları ilə bağlı hesabatından sonra Amnesty International hüquq müdafiə təşkilatı bu işgəncələrdə Avropa ölkələrinin rolunu ortaya qoyan bir hesabat yayıb.
Baki-xeber.com xəbər verir ki, Amnesty International CIA-nın Avropanın müxtəlif ölkələrində qurduğu gizli həbsxanalarla bağlı hesabat açıqlayıb.
Hesabatda gizli həbsxanaların qurulduğu Avropa ölkələrinin adları açıqlanır. Bunlar Polşa, Rumıniya, Litva, Makedoniya və İngiltərədir. Avropanın köməyi olmadan ABŞ-ın uzun illər boyunca insanları gizli həbsxanalarında saxlamasının mümkün olmadığına diqqət çəkilən hesabatda, bunlarla bağlı istintaq başladılması tələb edilir.
Amnesty International mütəxəssisi Julia Hall, milli təhlükəsizliyi bəhanə edərək gerçəklərin üstünü daha çox örtməməyə çağırıb.
Təşkilatın hesabatında Almaniya da tənqid olundu. Xüsusilə Alman Federal Məclisində 2009-ci ildə qurulan Araşdırma Komissiyasının da mövzunu tamamilə işıqlandırmaqdan uzaq qaldığına diqqət çəkilir. Komissiya, CIA-nın işgəncə proqramı ilə alman gizli xidmətinin əlaqəsini araşdırmaq üçün qurulmuşdu.