Rusiyanın Qazprom şirkəti qış fəslində qaza görə, Ukraynaya edilən endirimin aprelin 1-də bitəcəyini deyir.
Şirkətin rəhbəri Aleksey Miller yanvarın 20-də baş nazir Dimitri Medvedyevlə görüşdə deyib ki, Ukraynaya verilən qazın qiyməti aprelin 1-dən köhnə müqaviləyə əsasən müəyyən ediləcək. Amma o konkret rəqəm göstərməyib.
Qazprom bundan əvvəl 2009-cu ilin müqaviləsinə əsasən qazın 1000 kubmetrini Ukraynaya 480 dollara satırdı. Kiyev isə qiymətin aşağı salınmasına çalışırdı.
Ötən ilin oktyabrında tərəflər arasında əldə olunmuş razılaşmaya görə, Kiyev 2014-cü ilin sonuna və 2015-ci ilin birinci rübünədək 365 dollar ödəməlidir.
Miller həmçinin, bildirib ki, hazırda Ukraynanın qaza görə, Rusiyaya 2.44 milyard dollar borcu var.