Noyabrın 24-də Almaniya və İslandiyanın müraciəti əsasında BMT-nin İnsan Hüquqları Şurası “İranda insan hüquqları ilə bağlı vəziyyətin pisləşməsi” mövzusunda xüsusi sessiya keçirəcək. Bu təşəbbüsü hazırda 44 dövlət dəstəkləyib.
Məlumdur ki, İran adlanan ölkədə fundamental insan hüquq və azadlıqlarının kobud pozulması adi hala çevrilib və Tehran rejimi hər addımda bunu büruzə verir. Heç şübhəsiz ki, BMT-də müzakirələr zamanı azərbaycanlılara qarşı ayrıseçkilik və təqiblər də geniş şəkildə müzakirə olunmalıdır. Urmiya gölü problemi, azərbaycanlılara məxsus təbii sərvətlərə qarşı fars rejiminin düşmən münasibəti, təbii ki, kəskin olmalıdır. Azərbaycanlılara qarşı assimilyasiya siyasətinin yürüdülməsi, azərbaycanlıların ana dilində təhsil almaq hüququnun pozulması və s. məsələlər BMT tərəfindən ciddi müzakirə edilməlidir.
Bu gün azərbaycanlıların tarixdən izinin silinməsi, assimilyasiyası çox kəskin formada aparılır. Azərbaycanlıların milli-mənəvi xüsusiyyətlərinin əllərindən alınması, təqib olunması, onlara qarşı ayrıseçkilik siyasətinin həyata keçirilməsi adi hal alıb. Rejim azərbaycanlıların öz milli-mənəvi xüsusiyyətlərini qoruyub saxlamaları yolunda hər cür maneələr törədir, ana dilində təhsilə imkan verilmir. Əlbəttə, bunlar BMT-nin sessiyasında xüsusi, geniş müzakirə olunmalıdır. Çünki burda söhbət 40 milyondan artıq əhalidən gedir ki, İran adlanan ölkənin 60-65 milyonluq əhalisinin 40 milyonunu azərbaycanlılar təşkil edir. Amma təəssüf ki, 40 ildən çoxdur soydaşlarımız bu cür zillətə məruz qalıb. Ekspertlər qeyd edirlər ki, BMT-nin sessiyasında Cənubi Azərbaycan məsələsi və soydaşlarımızın vəziyyəti xüsusi müzakirə olunmalıdır. Bu gün irticaçı rejim minlərlə soydaşlarımızı zindanlarda çürüdür. Onlar ana dilində təhsil və başqa hüquqları uğrunda mübarizə apardıqları üçün Tehran rejimi tərəfindən hər cür repressiyalara məruz qalıblar.
“Molla rejimi tərəfindən soydaşlarımızın öz ata-baba yurdlarından deportasiya edilməsi ilə bağlı da çox ciddi işlər aparılır”
Müstəqil siyasətçi Bünyamin Qəmbərli “Bakı Xəbər”ə açıqlamaslnda bildirdi ki, BMT İranda insan hüquq və azadlıqlarının vəziyyətinə dair sessiya keçirmək məsələsində çox gecikib. Soydaşlarımızın hüquqlarının hər addımbaşı pozulduğunu deyən B.Qəmbərlinin sözlərinə görə, bu müzakirədə molla rejiminə qarşı sərt qətnamələr qəbul edilməlidir. “BMT bu məsələdə artıq çox yubanıb, Güney Azərbaycanla bağlı məsələləri müzakirəyə çıxarmağa çox gecikib. 40 milyonluq Azərbaycan türkünün təxminən üçdə biri assimilyasiya olunub. Bu dəqiqdir, faktdır. Zəncanda, Qəzvində, Həmədanda demək olar ki, Azərbaycan türklərinin böyük əksəriyyəti artıq dilini unudub, mədəniyyətinə yadlaşıb. Burada BMT çox gecikib. Mütləq və mütləq Azərbaycan türklərinin hüquqları ilə bağlı ciddi qətnamələr qəbul olunmalı və bu qətnamələrin yerinə yetirilməsi üçün İrana konkret vaxt verilməlidir. Sizə xatırladım ki, orada sadəcə olaraq Azərbaycan türklərinin ana dilində məktəbinin olmasının, milli-mənəvi, mədəni dəyərlərin qorunmasının qarşısının alınması sahəsində işlər getmir, eyni zamanda molla rejimi tərəfindən soydaşlarımızın öz ata-baba yurdlarından deportasiya edilməsi ilə bağlı da çox ciddi işlər aparılır. Tehran rejimi bilərəkdən Urmiya gölünün qurumasına çalışır”.
B.Qəmbərlinin sözlərinə görə, çünki rejim bilir ki, Urmiya gölünün quruması ilə o bölgədə yaşayan əhali orada yaşamaq imkanlarından məhrum olacaq və məcburən oradan köçəcək, yaxud köçürüləcək. “Urmiya gölünün qurudulması sadəcə ekoloji problem deyil, bu baş verərsə, həm də çox böyük demoqrafik problem olacaq. Bununla yanaşı, BMT İranda olan digər türk və qeyri-türk xalqların da hüquqları ilə bağlı ciddi qərarlar verməli, İranın ən yaxşı halda federativ dövlətə çevrilməsi üçün xüsusi planlar, proqramlar hazırlanmalıdır. Əks halda yaxın müddətdə İrandakı etnik qrupların bir çoxunun sadəcə adı qalacaq” - deyə B.Qəmbərli bildirdi.
B.Qəmbərli hesab edir ki, BMT bu problemə ciddi yanaşmalı və İrana qarşı sərt sanksiyalar qəbul etməli, soydaşlarımızın pozulan hüquqlarının bərpasına töhfə verməlidir.
İradə SARIYEVA