Ukrayna parlamentində Xocalı soyqırımına dair qərarın qəbul edilməsi üçün bütün səylər birləşdirilməlidir. Trend-in məlumatına görə, bunu Ukrayna Ali Radasının Gömrük və vergi siyasəti komitəsinin sədri, milliyyətcə azərbaycanlı olan deputat Roman Nəsirovla görüşündə Ukrayna-Azərbaycan Beynəlxalq Alyansının sədri Elmar Məmmədov deyib.
E.Məmmədov bildirib ki, artıq bir neçə ölkə parlamenti Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımına dair qərar qəbul edib: "Bu gün Azərbaycan və Ukrayna arasında dost, qardaş münasibətlər mövcuddur. Ukraynada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Ukrayna parlamentində də Xocalı soyqırımına dair qərarın qəbul edilməsinə nail olmalıdırlar".
Diaspor rəhbərinin sözlərinə görə, Xocalı soyqırımına dair sənəd hazırlanaraq Ukrayna parlamentində təsdiq edilməlidir.
R.Nəsirov, öz növbəsində, bu istiqamətdə işlərin aparıldığını vurğulayıb.