Rusiya Dövlət Dumasında Liberal Demokratik Partiyasından millət vəkili Roman Hudyakov Avropa Parlamentinə Ukraynanın silahlı qüvvələri və könüllü batalyonlarının terror təşkilatı kimi tanınması ilə bağlı təklif verib.
Baki-xeber.com xəbər verir ki, Avroparlamentə göndərilən məlumatda Hudyakov Ukraynanın silahlı qüvvələri və könüllü batalyonları insanlığa qarşı cinayət, soyqırım və müharibə cinayəti törətməkdə günahlandırıb.
Bununla əlaqədar bəyanatın Rusiya xarici işlər naziri Sergey Lavrovun adına da göndərildiyi bildirilir.
Ukrayna torpaqlarını qeyri-qanuni olaraq işğal edən və ölkənin şərqindəki Rusiya tərəfdarı terrorçulara dəstək verən Rusiyanın millət vəkili Roman Hudyakov, "Gerçəkdə nələr olduğunu görürük, Parlament qrupumuzun üzvləri bir neçə dəfə Donbassa getdi. Yıxılmış evlər, öldürülən qadın və yaşlılar, uşaqlığından məhrum edilmiş və şikəst olmuş uşaqlar gördü. Donbassda nasistlərin istifadə etdiyi üsullar tətbiq edilir. Faşizmi yenməmizin 70-ci ildönümü ərəfəsində faşizm sərhədlərimizdə kök salır" - deyə bildirib.
Rusiya Liberal Demokratik Partiyasından olan millət vəkili dünya ictimaiyyətini Ukrayna silahlı qüvvələri və könüllü batalyonlarının komandirlərini müharibə günahkarı, strukturları isə terror təşkilatı kimi tanımağa çağırıb.
Terrorla mübarizə əməliyyatının davam etdiyi Ukraynanın Donbass bölgəsində strateji əhəmiyyətə sahib olan və ekraynalı əsgərlərin nəzarət etdiyi Donetsk hava limanına Rusiya Federasiyası Silahlı Qüvvələri dəniz piyadalarının hücum etdiyinə dair video-dəlil yayılıb.