Bu arada Rusiya prezidenti Vladimir Putinin ötən həftə Ukrayna prezidenti Petro Poroşrenkoya məktub göndərdiyi məlum olub. Baki-xeber.com xəbər verir ki, məktubda Moskva Kiyevə sülh planını təklif edib - məlumatlara əsasən, prezident Putin qarşıduran tərəflərə ağır silahları təmas xəttindən uzaqlaşdırmağı məsləhət görüb.
Ancaq Putinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, rəsmi Kiyev bu plandan imtina edib.
Ukrayna isə Rusiyaya yanvarın 19-dan Donbassda atəşkəs rejiminə keçməyi təklif edib. Ukrayna XİN-in bəyanatında qeyd olunduğu kimi, rəsmi Kiyev Donbassda atəşkəs rejiminin qurulmasını ötən ilin noyabrında Minskdə razılaşdırılmış prinsiplər əsasında həyata keçirməyi təklif edir. Bu təklifə cavabında Rusiya XİN-i rəsmi Kiyevi Ukraynanın şərqindəki konflikt zonasından tank və topları çıxarmağa çağırıb.
Donetskdə isə Ukrayna ordusu və Rusiyapərəst separatçılar aeroport uğrunda mübarizə aparır. Ötən bazar tərəflər tez-tez hava limanının kimin nəzarətində olması barədə bəyanatlar verib.
Ukrayna qüvvələrinin rəhbəri Andrey Lsenko bildirib ki, "dünən bizimkilər hava limanı ərazisini tamamilə azad edib". "Donetsk Xalq Respublikasının Müdafiə Nazirliyi" də məlumat yayıb ki, "bizim qüvvələrin heç biri nəzarət etdikləri ərazidən tərpədilməyib, eləcə də hava limanı ərazisindən".
Hava limanına kimin nəzarət etdiyi bilinmir.