Əvvəllər təbii qazı ən təsirli geosiyasi silaha çevirən Rusiya prezidenti Vladimir Putin Kiyev və ya Brüssellə əlaqələrdə ortaya çıxan problemlərə görə Ukrayna və Avropa Birliyinə qaz ixracını dayandırırdı, və ya dayandıracağı ilə təhdid edirdi.
Baki-xeber.com xəbər verir ki, Almaniyanın «Focus» jurnalı indiki vəziyyətdə artıq Putinin qazdan silah kimi istifadə etmək variantının öz təsirini itirməyə başladığını yazıb.
Son vaxtlar Putinin Qərbdən yalnız pis xəbərlər aldığını yazan «Focus», neft qiymətlərinin enişi və Qərb ölkələrinin tətbiq etdiyi sanksiyaların Rusiya iqtisadiyyatına ciddi təsir etdiyini bildirir. Rusiya iqtisadi inkişaf naziri Aleksey Vedevin mart ayında ölkədəki inflyasiyanın 15-17 faiz artacağı ilə bağlı açıqlamalarına diqqət çəkən jurnal yazır ki, indiki çətin vəziyyətdə Kreml əlində saxladığı ən əhəmiyyətli geosiyasi təsir rıçaqlarından birini də itirir.
Ukrayna və AB ölkələrinin enerji bazarlarının şaxələndirilməsi üzərində aktiv işə başladığını yazan müəllif, 2014-ci ildə Rusiyadan Avropa Birliyinə qaz ixracının son 10 ildə ən aşağı səviyyəyə endiyini, «Qazprom»un Avropaya yalnız 195 milyard kubmetr qaz verdiyini, bu rəqəmin də 10 faiz azaldığını yazır.
«Focus» Rusiyanın artıq Avropada qaz alıcıları tapmaqda da çətinlik çəkdiyini iddia edir. Jurnal buna sübut kimi Cənub Axını layihəsinin ləğv edilməsini göstərir.
Ukrayna 2014-cü ildə Rusiyadan qaz idxalını iki qat aşağı salıb, AB-dən qaz idxalını artırıb.