Parisdə "Charlie Hebdo” satirik jurnalının redaksiyasına basqın edərək 12 nəfəri qətlə yetirmiş qardaşlardan biri - Səid Kuaşi adsız məzarda dəfn edilib. Səid Kuaşi ötən cümə günü gecə saatlarında, vaxtilə yaşadığı Reims şəhərində məxfi qaydada torpağa tapşırılıb.
Reims şəhərinin meri Arnaud Robinet deyib ki, o, məzarın "fanatiklərin ziyarətgahına” çevrilə biləcəyindən ehtiyat etdiyinə görə bu dəfnə etirazını bildiribmiş, lakin sonradan qanun qarşısında geri çəkilməli olub.
Şəhər bələdiyyəsinin yaydığı bəyanatda deyilir ki, "asayişin pozulması risqini aradan qaldırmaq və bu faciəli səhifəni mümkün qədər tez çevirmək üçün” dəfn prosesi son dərəcə qısa olub.
Səid Kuaşinin vəkili bildirib ki, onun dul xanımı dəfn mərasiminə gəlməyib, beləki jurnalistlərin onu izləyəcəyindən və beləliklə, məzarın harada yerləşdiyinin aşkar olunacağından ehtiyat edib.
Jurnalın redaksiyasına basqından iki gün sonra, yanvarın 9-da Səid Kuaşi və onun kiçik qardaşı Şərif Parisin şimalındakı sənaye məhəlləsində polis tərəfindən öldürülüblər.
Şərif Kuaşinin isə Paris ətrafında yerləşən Jenevilyers şəhərində dəfn ediləcəyi gözlənilir.
Elə həmin gün Parisin yəhudi supermarketində 4 nəfəri öldürmüş üçüncü yaraqlı - Amedi Kolibalinin harada və nə vaxt dəfn ediləcəyi barədə məlumat verilmir. Kolibali həmçinin polis qadının öldürülməsində şübhəli bilinir.