Yeni il ərəfəsində uzunmüddətli atəşkəs ümidlərinin yarandığı Şərq Ukraynada son bir neçə gündə artan qarşıdurmalar vəziyyəti dəyişəcək yeni bir mərhələyə qədəm qoydu.
Baki-xeber.com xəbər verir ki, belə ki, Rusiya tərəfdarı separatçı qüvvələr müharibənin əvvəlindən bəri Ukrayna ordusunun əlində olan Donbass əyalətinin Donetsk şəhəri aeroportunu bu gün ələ keçirib.
Rusiyanın dövlət kanalları axşam ana xəbər bülletenlərində, separatçıların strateji əhəmiyyətə malik hava limanında nəzarəti tamamilə ələ aldığını bildirib və bununla bağlı görüntülər də yayıb. Ancaq 2012-ci il Avropa Futbol Çempionatı ərəfəsində yenilənən hava limanı tamamilə yararsız vəziyyətə düşüb.
Bu hadisənin, bundan sonra həm döyüşün gedişatına, həm də Qərbin Rusiyaya qarşı sanksiya müddətinə ciddi təsir edəcəyi gözlənilir. Bununla yanaşı separatçı qüvvələri dəstəkləmək və Ukrayna torpaqlarına əsgər göndərməkdə günahlandırılan Rusiyanın Qərbdən gələcək daha sərt reaksiyalara hədəf olacağı gözlənilir.
Gün boyu Donetsk hava limanı ətrafında davam edən qarşıdurmalarda hər iki tərəfdən itkilərin olduğu xəbər verilir.
Belarusun paytaxtı Minskdə keçirilməsi gözlənilən Ukrayna dövlət nümayəndələri ilə separatçılar arasında atəşkəs danışıqları da təxirə salınıb.