Bəhreyn milli neft və qaz təşkilatı idarə heyətinin üzvü Mohammed Sayed, neft qiymətlərinin düşdüyü bu dövrdə, Neft İxrac Edən Ölkələr Birliyilə (OPEK) Rusiya arasında «soyuq müharibə» yaşandığını bildirib.
Baki-xeber.com xəbər verir ki, neft qiymətlərində son aylardakı enişi dəyərləndirən Sayed bildirib ki, düşən qiymətlər fonunda baş verən proseslər bazar payı uğrunda yaşanan bir döyüşü xatırladır: «OPEK neft istehsalını azaldarsa, bu OPEK-in bazardan çəkildiyi mənasını verər. OPEK-in bazardan çəkilməsilə də, yerini OPEK üzvü olmayan digər ölkələr tutar. Bir sözlə, Səudiyyə Ərəbistanı kimi OPEK ölkələri və OPEK üzvü olmayan ən böyük neft istehsalçısı Rusiya arasında bir növ «soyuq müharibə» yaşanır».
Neft qiymətlərindəki enişi Avropa Birliyi və Çinin xam neftə olan asılılığını və tələbini azaltması ilə bağlayan Bəhreyn rəsmisi, qiymətlərin daha çox düşməyəcəyini deyib. Onun sözlərinə görə, OPEK ölkələri ilə digər ölkələr neft istehsalının azaldılması mövzusunda razılığa gəlməlidir.