Həftəlik yumor jurnalı «Charlie Hebdo»nun qurucularından Henri Roussel, jurnalın ofisinə edilən hücumda həyatını itirən baş redaktor Patrik Charbonnieri məsuliyyətsizlikdə günahlandırıb.
Jurnalın qurucularından olan 80 yaşlı jurnalist Roussel, 7 yanvar hücumunda həyatını itirən jurnalın baş redaktoru "Charb" ləqəbli Patrik Charbonnierin provokasiya xarakterli karikaturalarla özü də daxil olmaqla 12 adamın ölümünə səbəb olduğunu deyib.
«Nouvel Observatuer» jurnalına açıqlama verən Roussel, 2011-ci ildə Məhəmməd peyğəmbəri təsvir etdiyi karikaturanın verilməsindən sonra jurnalın bir çox təhdidlər aldığını, hətta internet saytının belə hücuma məruz qaldığını bildirib. O, «Charb»ın bu gərginliyi bildiyi halda provokativ şəkilləri davam etdiyini, öz qrupunu də arxasınca sürüdüyünü deyib.
"Delfeil də Ton" adı ilə də tanınan Roussel 1970-ci illərdə o dövrdə adı «Hara-Kiri Hebdo» olan jurnala əhəmiyyətli dəstək verib.
Din əleyhdarı və sol fikirli olması ilə tanınan «Charlie Hebdo» jurnalında katolik xristianlıq, İslam, yəhudilik, siyasət və mədəniyyətlə əlaqədar karikaturalar və xəbərlə yer verilir.
Son illərdə isə Məhəmməd peyğəmbərin karikaturalarına görə «Charlie Hebdo» yumor jurnalı əleyhinə Fransadakı müsəlman dərnəkləri tərəfindən bir neçə dəfə iddia qaldırılıb. 2006 və 2007-ci ildə jurnal əleyhinə açılan iddiaların ardından, keçən il Fransadakı bəzi ərəb müsəlman dərnəkləri "xalq arasında kin və nifrəti qızışdırdığına" görə jurnala qarşı iddia qaldırmışdı.