Ermənistanın Gümrü şəhərində həftənin əvvəli öldürülən Avetisyan ailəsinin qətlində ittiham olunan rus əsgəri ilə bağlı gərginlik davam edir. Yanvarın 14-də minlərlə şəhər sakini 102-ci Rusiya hərbi bazasının qarşısına yürüş keçirib bazada saxlanan əsgərin Ermənistan tərəfinə təhvil verilməsi üçün bu gün saat 5-ə qədər onlara vaxt vermişdilər. Yanvarın 15-də şəhər sakinləri artıq şəhər prokurorluğunun da qarşısına yığışıblar, İrəvan və Gümrüdə polislə toqquşmalar olub. Vəziyyət hələ də gərgin olaraq qalır.
Qeyd edək ki, yanvarın 12-də Gümrüdə, Masnikyan küçəsi 188 ünvanında həyət evində yaşayan Serj Avetisyanın özü və 5 ailə üzvü - arvadı, qızı, oğlu və gəlini, üstəgəl 2 yaşındakı nəvəsi güllənib. 6 aylıq nəvəsi isə süngü ilə ağır yaralanıb. Körpəni bir neçə dəfə əməliyyat etsələr də, hələ də vəziyyəti ağırdır.
Maraqlıdır ki, bu zaman qonşulardan heç biri atəş səsləri eşitməyib. Cəsədləri və yaralı uşağı səhər 10 radələrində qətlə yetirilən ev yiyəsinin bacısı aşkarlayıb.
Hadisə yerində əsgər çəkmələri, əsgər çantası və Kalaşnikov avtomatı və 5x45 çaplı güllə gilizləri aşkarlanıb. Ayaqqabıların üzərində yazılmış addan yola çıxan polis və şəhərdəki 102 saylı Rusiya Hərbi bazasının əsgələri burada çağırışçı kimi xidmət edən Valery Pavlovic Perçyakovun axtarışlarına başlayıblar. Onun eyni gündə xidməti silahını da götürüb hərbi hissəni səhər 4-də özbaşına tərk etdiyi müəyyən olunub. Permyakovu 13 saatlıq axtarışlardan sonra Ermənistan-Türkiyə sərhədi yaxınlığında rus əsgələri həbs edib, hərbi bazaya gətiriblər və burada dindiriblər.
Ancaq Gümrüdə olayı duyan yerli sakinlər təcili olraq əsgərin Ermənistana təhvil verilməsi üçün yürüşlər keçiriblər. Gümrüdə şəhər sakinləri inanırlar ki, polis özü qəsdən rus əsgərini tutmayıb ki, onu Türkiyə ilə sərhəddə Rusiya sərhədçiləri tutub bazaya gətirsinlər.
Hadisənin motivi ilə bağlı hələlik yayılan versiyaya görə, əsgər qaçandan sonra şəhəri gəzibmiş və evə gizlənmək üçün girəndə orada kimlərinsə yaşadığından xəbərdar olmayıb və sonra da şahidləri aradan götürmək üçün onları öldürüb. Ancaq nə yerli əhali, nə də hadisəni xəbərləyən jurnalistlər bu versiyaya inanmır.
Üstəlik burada güman edirlər ki, hadisə bir yox, bir neçə nəfər tərəfindən törədilib və ya hansısa başqa şəkildə baş verib və indi Ermənistan rəhbərliyi Rusiya bazası və Moskvadan gələn nümayəndə heyəti ilə birgə baş verənləri ört-basdır etməyə çalışır.
Ermənistanın hüquq-müdafiəçiləri və bəzi siyasi partiyaları isə əsgərin Rusiya hərbçilərinə təhvil verilməsi və ona qarşı Rusiya Cİnayət məcəlləsinin dezertirlik və qətl maddələri ilə ittiham irəli sürülməsini ölkənin suverenliyinin faktiki olaraq qurban verilməsi kimi qiymətləndirirlər. Ermənistan Helsinki Assosiasiyasının rəhbəri Zhanna Aleksaniyan isə bildirib ki, baş verənlər Rusiyanın ağa, Ermənistanın qul rolunda çıxış etdiyini və ağanın istəyinə uyğun məsələnin qulun alçaldılması ilə ört-bas edildiyi təəssüratı yaradır.