Ermənistanın Gümrü şəhər prokurorluğu binasının qarşısında polis qüvvələri və etirazçılar arasında toqquşmalar başlayıb, xəsarət alanlar var.
APA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, polis aksiyanın dağıdılması üçün xüsusi vasitələrdən – işıq-səs qumbaralarından istifadə edir. Məlumata görə, hər iki tərəfdən xəsarət alanlar var.
NEWS.am-ın məlumatına görə, gərgin vəziyyət həmçinin Rusiyanın Gümrüdəki konsulluğu qarşısında müşahidə olunur. Bina polis qüvvələri tərəfindən mühasirəyə alınıb. Gümrüdə 6 nəfərdən ibarət ailənin qətlində ittiham olunan Rusiya əsgəri Valeri Permyakovun işi üzrə istintaqın gedişatından narazı olan etirazçılar polis əməkdaşlarını daş-qalaq edərək binaya yaxınlaşmağa cəhd edirlər. Məlumata görə, saxlanılanlar var.
Prokurorluq daşa tutuldu
Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, Gümrüdə prokurorluq binası qarşısına da yüzlərlə insan toplaşıb. Toplaşanlar bir ailənin 6 üzvünü öldürən qatilin məhkəməsini məhz ölkə hüquq-mühafizə orqanlarının aparmasını tələb ediblər.
Etirazçılar prokurorluq binasına dəvət edilsələr də, bundan imtina ediblər.
Bu zaman polislə nümayişçilər arasında qarşıdurma yaranıb. Etirazçılar binanı daşa tutublar.