Ermənistan paytaxtında Rusiya səfirliyi qarşısına toplaşan etirazçılar Gümrü şəhərində bir ailənin 6 üzvünü öldürməkdə ittiham olunan Rusiya əsgərinin Ermənistana təhvil verilməsini tələb ediblər. Bundan əvvəl Ermənistan rəsmiləri Gümrü bazasında saxlanılan Valeri Permyakovun işinin Ermənistan prokuroluğu tərəfindən araşdırılacağını və onun Ermənistan ərazisində məsuliyyətə cəlb olunacağını barədə daha əvvəl səslənən bəyanatı təkzib ediblər.
İrəvanda Prezident Administrasiyası qarşısında da aksiya keçirilib. Aksiya iştirakçıları bəyan ediblər ki, onların rus xalqına qarşı heç bir narazılıqları yoxdur, bu səbəbdən də Rusiya səfirliyi deyil, prezidentin iqamətgahı qarşısına toplaşıblar. İştirakçıların əsas şüarları "Permyakov Ermənistanda mühakimə edilsin!” olub.
Valeri Permyakov bazar ertəsi İrəvandan qərbə doğru 120 kilometr aralıqda yerləşən Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvünü öldürməkdə ittiham olunur.
Olaydan bir gün keçmiş Gümrü şəhəri yaxınlğındakı 102 saylı Rusiya hərbi bazasında xidmət edən əsgər Ermənistan-Türkiyə sərhəddini keçməyə cəhd edərkən Rusiya sərhədçiləri tərəfindən yaxalanıb. Hazırda Permyakov Rusiya hərbi bazasının ərazisində saxlanılır. Ermənistan polisinin məlumatına görə o, Gümrü şəhərindəki hadisə ilə bağlı günahını boynuna alıb.
Ötən gün Rusiya hərbi bazasında Rusiya nümayəndələri ilə görüşlərdən sonra Ermənistanın Baş Prokurorluğu Valeri Permyakovun Ermənistana təhvil verilməyəcəyini bəyan edib. "Şübhəli bilinən şəxs Valeri Permyakov Rusiya Federasiyası vətəndaşıdır və hazırda RF hüquq-mühafizə orqanlarının nəzarəti altındadır; bu isə, onun faktiki RF yurisdiksiyası tabeliyində olması deməkdir. Rusiya Konstitusiyasının 61-ci maddəsinin 1-ci bəndinə əsasən, RF vətəndaşı başqa ölkəyə təhvil verilə bilməz, bunun əsasında Permyakovun Ermənistan hüquq-mühafizəçilərinə ötürülməsi məsələsi müzakirə olunmur", - çərşənbə axşamı prokurluğun verdiyi açıqlamasında deyilir.
Ermənistan və Rusiya prokurorluqlarının bəyanatında günahkarların "cəzalandırılmasının labüdlüyü" vurğulanılır. Lakin Ermənistanda geniş reaksiya doğuran hadisədən sonra şübhəli bilinən hərbçinin Ermənistana təhvil verilməsi barədə çağırışlar səslənməkdədir.
Çərşənbə axşamı belə bir tələblə Rusiya səfirliyi qarşısında etiraz aksiyasına qatılan fəallar Rusiya bazasının rəhbərliyini məsuliyyətə cəlb etməyə səsləyiblər. Vəkil Yervand Varosyan hesab edir ki, erməni ailəsinin qətlə yetirilməsi işi Ermənistanda baxılmalıdır.
Ermənistanla Rusiya arasında sazişin 4-cü və 5-ci maddələrinə əsasən, hərbi baza ərazisindən kənarda törədilən cinayət işini Ermənistan tərəfi araşdırmalıdır, yalnız baza hərbçisinə və ya onun ailə üzvünə qarşı cinayətlər işi istisna olaraq, RF orqanlarına verilə bilər.