Ukrayna Ali Radasına son seçkilərdə mandat qazananlar arasında azərbaycanlı da var. Ukraynanın Azərbaycandakı səfirliyinin I katibi Sabir Rzayevin APA-ya verdiyi məlumata görə, bu şəxs əslən Azərbaycanın Naftalan rayonundan olan Roman Mikayıl oğlu (Mixayiloviç) Nəsirovdur. Yanvarın 14-də R. Nəsirov səfir Eynulla Mədətli ilə görüşüb.
Görüşdə Azərbaycanla Ukrayna arasında parlamentlərarası əlaqələrin inkişafı üçün səylərin artırılması, dostluq qrupunun fəaliyyətinin inkişafı, Ukrayna tərəfdən qrupun üzvlərinin formalaşdırılması, Azərbaycana səfərlərin təşkili kimi məsələlər müzakirə olunub. R. Nəsirova səfirlik tərəfindən Ukrayna dilində çap olunmuş Ramiz Mehdiyevin "Dağlıq Qarabağ: mənbələrdən oxunmuş tarix” kitabı, Aleksandr Merejkonun "Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq hüquq” kitabı, eləcə də Ukrayna-Azərbaycan danışıq kitabçaları hədiyyə edilib.