ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi İrəvan səfəri zamanı yalnız qeyri-obyektiv, qarışdırıcı, anti-sülh, anti-Azərbaycan və anti-Türkiyə bəyanatları ilə yadda qalmadı, o həm də öz savadsızlığını, tarixlə bağlı bilgisizliyini ifşa etdi.
İrəvandakı Ermənistan İncəsənət Muzeyində çıxış edən ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi Avarayr döyüşünü əks etdirən rəsmə “istinad” edib. Nensi Pelosinin Ermənistana səfəri zamanı erməni rəssam Q.Xancanyanın “Avarayr” rəsminə baxarkən guya 451-ci ildə ermənilərin Sasanilərə qalib gəldiyini deyib. Təbii, Nensi xanım yalan deyib və o dövrdə ermənilər bizim bölgədə nə yaşayıblar, nə də döyüşüblər. Onların bu coğrafiyaya köçürüldükləri tarix bəllidir, saxtakarlığa lüzum yoxdur.
Bu coğrafiyada o dövrdə ermənilər nə gəzirdi ki o belə danışıb? Avarayr döyüşü doğurudanmı ermənilərlə Sasanilər arasında baş verib? Bu döyüşdə doğurudanmı ermənilər qalib gəlib?
“Döyüş albanlarla Sasanilər arasında olub, bunu araşdırmadan, erməni saxtakarlığını həqiqət kimi qələmə vermək olmaz!”
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, politoloq Zaur Əliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ümumiyyətlə Avarayr döyüşünə yanaşmada Azərbaycan tarixçilərinin özləri də səhvə yol verirlər, əvvəlcə o səhvi aradan qaldırmaq lazımdır: “Mən tarixçilərimizdən xahiş edirəm ki, bir tarixi araşdırma aparanda rus və fars mənbələrindən istifadə etməsinlər. Reallığı olduğu kimi yazsınlar. Qədim dünya tarixinə baxsınlar ki, görəcəklər ki, Avarayr döyüşü zamanı Qafqazda erməni olmayıb. Biz Azərbaycan dövləti olaraq rəsmi mövqeyimiz bəllidir və cənab Prezident də dəfələrlə bildirib ki, ermənilər bu ərazilərə XVII əsrdə gəlmədirlər. Bəzi mətbuat orqanları, bəzi politoloqlar və tarixçilər elə qələmə verirlər ki, guya onlar burada olublar. Günah onlarda deyil. Çünki bizim dərsliklərimiz bərbad gündədir. Bizim orta məktəb dərslikləri bərbad gündədir ki, bu fikir orada var. VIII sinif tarix dərsliyində ermənilər barədə yazılıb. XI sinif tarix dərsliyində yazırlar ki, ermənilər bura gəlmədir, amma VIII sinif tarix dərsliyində yazırlar ki, 451-ci ildə burada ermənilər yaşayıb. O vaxt burada erməni vardı?”
Z.Əliyevin qeyd etdiyinə görə, N.Pelosinin Ermənistana səfəri zamanı erməni rəssam Q.Xancanyanın “Avarayr” rəsmi önündə guya 451-ci ildə ermənilərin Sasanilərə qalib gəlməsini onların tarixinin "şərəfli" hissəsi kimi, qələmə verməsini bizim media da elə paylaşır ki, kənardan baxan doğurdan da bu coğrafiyada o dövrdə ermənilər yaşadığını düşünəcək. “
Avarayr döyüşü zamanı ermənilər Qafqazda nə gəzirdi? Erməni var idi o dövrdə burda?
Ermənilər bizim Alban tariximizi oğurlayıb! Döyüş albanlarla Sasanilər arasında olub, bunu araşdırmadan, erməni saxtakarlığını həqiqət kimi qələmə vermək olmaz!
Bu tarixi döyüş albanların Sasanilərə qarşı apardığı mübarizənin nəticəsi olaraq Maku və Xoy arasında yerləşən ərazidə baş verib.
O dövrdə Sasanilərin apardığı siyasət Azərbaycanda və ona qonşu olan ölkələrdə tez-tez üsyanların baş verməsinə səbəb olmuşdu. Albanların digər Qafqaz xalqları ilə (iberlər, tərəkəmələr, Şahdağ xalqları) birlikdə Sasanilərə qarşı yönəlmiş 450-ci il üsyanına Alban katalikosu başçılıq edirdi. 450-ci il Xalxal döyüşündə üsyançılar Sasanilərə qalib gəlsələr də, 451-ci il Avarayr düzündə baş vermiş döyüşdə ağır məğlubiyyətə uğramışdılar.
Bütün qədim qaynaqlar və mənbələr bu döyüşün albanlar və Sasanilər arasında baş verdiyini yazır. Rus və ermənilərin tariximizi, xüsusilə albanları erməniləşdirmək cəhdinə qətiyyən dəstək vermək olmaz.
Alban hökmdarlarının adına baxın! Albaniyanı idarə edən hökmdarların adları sıra üzrə belədir: I Cəsur Vaçaqan, Vaçe, Urnayr, II Vaçaqan, Mihravan, Satay, Asay, Yesuagen, Vaçe və nəhayət, III Mömin Vaçaqan.
Burda erməni adı görürsüz? Guya üsyana Vardan Mamikonyan başçılıq edirdi. “Yan” soyadı var idi o dövrdə? “Yan” soyad sonluğunu Qafqaza köçürülən ermənilər Rusiyanın himayəsinə keçəndən sonra götürüb. Üsyan zamanı Vardan adı heç bir mənbədə çəkilmir. Bizim tarix kitablarında varsa da, ruslardan köçürülən kitablardır ki, onlar da dövlətimizin birbaşa təhlükəsizliyinə qarşıdır.
100 erməni müəllifdən sitat gətirərəm, özləri etiraf edirlər ki, Qafqaza 17-ci əsrdən köçməyə başlayıblar. Bəs siz niyə erməni dəyirmanına su töküb, guya onların 451-ci ildə bu ərazilərdə yaşadığı saxta tarixini yayırsınız?”
İradə SARIYEVA