Fransa Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsini müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb.
Nəticədə Nyu Yorkda BMT Təhlükəsizlik Şurasının Azərbaycan-Ermənistan sərhədində yaranmış vəziyyətlə əlaqədar fövqəladə iclası keçirilib.
İclasda BMT Baş katibinin Avropa, Mərkəzi Asiya və Amerika məsələləri üzrə köməkçisi Miroslav Yença, Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev, Ermənistanın BMT yanında Daimi Nümayəndəsi Mqer Marqaryan, həmçinin bir sıra ölkələrin, o cümlədən Çin, Hindistan, İrlandiya, Meksika, Qana, Braziliya, BƏƏ, Albaniya, Böyük Britaniya, ABŞ, Fransa, Rusiya və sair dövlətlərin nümayəndələri iştirak ediblər. İclasda çıxış edən ölkələrin nümayəndələri Ermənistan-Azərbaycan sərhədində artan gərginlikdən və hər iki tərəfdən itkilər barədə məlumatlardan ciddi narahat olduqlarını bildiriblər. Bundan başqa, sərhəddə gərginliyin azaldılmasına kömək etmək üçün səylərin gücləndirilməsinin vacibliyi qeyd edilib. İrəvan və Bakı gərginliyi azaltmaq üçün siyasi iradə nümayiş etdirməyə çağırılıb. İclasda çıxış edən ölkələrin nümayəndələri qeyd ediblər ki, beynəlxalq ictimaiyyət bu cür hadisələrin təkrarlanmaması üçün səy göstərməlidir.
Çox maraqlıdır, Fransanın bu canfəşanlıqda hansı məqsədi var? BMT-yə belə güvənirsə, niyə TŞ-nin daimi üzvü kimi özünün də qəbulunda iştirak etdiyi Ermənistanla bağlı 4 qətnamənin icrasına niyə çalışmırdı?
Təhlükəsizlik üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə bildirdi ki, Fransa hər yerdə, hər zaman Ermənistanı müdafiə edir: “BMT TŞ-nin 5 daimi üzvü var. Bu 5 üzvdən heç biri Fransanın təqdim etdiyi layihənin müzakirəsinə etiraz etmədiyi üçün məsələ gündəliyə salınıb. Əgər hər hansı TŞ üzvü buna etiraz edərsə, məsələ ümumiyyətlə, müzakirəyə çıxarılmır. Fransa bu addımı heç də haqq-ədalətin bərpası məqsədilə atmayıb. Həmin ölkə ATƏT-in Minsk qrupunun həmsədri olub. Eyni zamanda, BMT TŞ-nın beş daimi üzvündən biridir. Heç vaxt da həmin təsisatlarda obyektiv mövqe ortaya qoymayıb. Belə münasibət onu göstərir ki, Bakı Minsk qrupunun vasitəçiliyindən haqlı olaraq imtina edib. Digər tərəfdən BMT TŞ qəbul etdiyi 4 qətnaməni Ermənistana icra etdirə bilmədi. Azərbaycan öz gücünə bunu təmin etdisə, belə təsisatın bu cür müzakirələri aparmağa mənəvi haqqı çatmır. Bəlliydi ki, digər daimi üzvlər Böyük Brtitaniya, Çin bə Rusiya Fransanın təklif etdiyi layihəni dəstəkləməyəcəydi. Adətən, TŞ-də belə məsələrdə birlik nümayiş etdirmək mümkün olmur. Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan Rusiyanın istər ABŞ, istərsə də Fransa ilə ciddi problemləri mövcuddur. Bu amil Parisin təqdim etdiyi layihənin müzakirəyə çıxarılmasına və qərarların qəbul olunmasına öz təsirini göstərdi.
Əslində son 30 il ərzində BMT Təhlükəsizlik Şurasının tələblərinin yerinə yetirilməsinə lazımınca diqqət yetirilməməsi və məqsədyönlü tədbirlər görülməməsi Ermənistanı Azərbaycana qarşı hüquqazidd qüvvə tətbiqinin nəticələrini möhkəmləndirməyə sövq edib. Beləliklə, təcavüzün nəticələri aradan qaldırılmayıb və daha da kəskinləşib. Məhz 30 ilə yaxın müddət ərzində dövlət sərhədinin bir hissəsinin işğal olunması delimitasiyanı və demarkasiyanı qeyri-mümkün edib. Əgər bu addımlar vaxtında atılsaydı, sonuncu eskalasiyanın qarşısı alına bilərdi. Ermənistan hələ də öz beynəlxalq öhdəliklərini yerinə yetirməyib, o, regionda sülh və sabitliyin tərəfdarı deyil.
Azərbaycan regional sülhün, sabitliyin və inkişafın tərəfdarıdır. Yaxşı olardı ki, Ermənistanın əzəli dostu olan Fransa İrəvanı sülhə meyilləndirsin. Fransa bütün bu addımları həmin ölkədə olan güclü erməni diasporunun təsiri altında edir”.
Məhəmmədəli QƏRİBLİ