İspaniya Daxili İşlər Nazirliyinin ötən həftə Fransada 17 adamın ölümünə səbəb olan qanlı hücumlardan sonra təhlükəsizlik qurumlarına göndərdiyi tədbirlər paketinin mətni mətbuata sızıb.
Baki-xeber.com xarici KİV-ə istinadən xəbər verir ki, paketdə irqçiliyi xatırladan çox sayda qalmaqallı maddə yer alıb. Paketə İraq, Səudiyyə Ərəbistanı, Küveyt, Suriya, Livan və Türkiyədən bu ölkəyə gələnlərin lazım gələrsə təqib edilməsilə bağlı maddə var.
Təhlükəsizlik tədbirlərinin ən qalmaqallı maddəsi isə müsəlman və ərəblərə qarşı yönəlib. İspan polisi ölkənin xüsusilə turizim bölgələrində və ya hava limanı, metro və avtobus terminalları kimi yerlərdə video çəkilişi aparan ərəbləri saxlaya bilər. Axtarışlar zamanı üzərində kompüter olan müsəlmanlar isə bunu nə üçün istifadə etdiyini polisə izah etmək məcburiyyətində qalacaq.
Polis ayrıca ərəblərin və müsəlmanların cibində nə qədər pul daşıdığını da sorğulaya bilər. Əgər üzərində 1000 avrodan çox nağd pul tapılarsa bu pulu nə üçün istifadə etmək istədiyini polisə açıqlamaq məcburiyyətindədirlər.
Bununla yanaşı İspaniya Daxili İşlər Nazirliyi Əlcəzair xalqını daha pis vəziyyətdə qoyan bir maddəyə də imza atıb. Əlcəzairli vətəndaşlar ərəblər içində ən təhlükəli xalq kimi göstərilir və polis bu ölkə vətəndaşlarına qarşı xüsusilə diqqətli olmağa çağırılır.