Paris terrorunda şübhəli bilinən qadın Türkiyədən keçərək Suriyaya qaçdı
.jpg?v=1520254601)
Fransanın paytaxtı Parisdə iki gün əvvəl bir polisi öldürən və dünən də yəhudilərə aid bir marketə basqın edərək dörd adamın ölümünə yol açdıqdan sonra polis əməliyyatı nəticəsində ölü ələ keçirilən Amedi Kulibalinin (Amedy Coulibaly) polis tərəfindən axtarılan sevgilisi Fransanı tərk edib.
Baki-xeber.com xəbər verir ki, Fransanın beynəlxalq axtarışa verdiyi Hayat Bumeddyen (Hayat Boumeddiene) hazırda Parisdəki terror dalğası ilə bağlı ən çox maraq doğuran şəxsə çevrilib. Ancaq yayılan məlumatlara görə Hayat Bumeddyen Suriyaya qaçıb.
Hayat Bumeddyen Fransadakı hadisələr zamanı adı şübhəlilər arasında ən çox hallandıran 4 nəfərdən biridir. Digər 3 nəfər girov götürdükdən sonra polis tərəfindən öldürüldüyü halda, Hayat Bumeddyenin taleyi ilə bağlı müəmma davam edir.
Bumeddyen haqda yazırdılar ki, yanvarın 8-də Parisin cənubunda qadın polisin qətlində iştirak edib. Yanvarın 9-da isə Parisdəki supermarketə hücum zamanı xəbər verilirdi ki, onlarla adamın girov götürülməsində Amedi Kulibali ilə birlikdə o da iştirak edib. Hətta CNN xəbər verirdi ki, polis mağazaya hücum edəndə Bumeddyen aradan çıxa bilib.
BFM televiziya kanalı isə polisin hər yerdə axtardığı gənc qadının yanvarın 2-də ölkəni tərk etdiyini və Madriddən İstanbula, oradan da Suriyaya keçdiyini bildirir. Xəbərdə Türkiyə xüsusi xidmət orqanlarının gənc qadının yanvarın 8-də Türkiyədən Suriyaya keçməsi barədə Fransa rəsmilərini məlumatlandırdığı qeyd edilir.
Gənc qadın 9 yanvar tarixi üçün İstanbul-Madrid dönüş bileti olmasına baxmayaraq, bu təyyarəyə minməyib.
Fransız xüsusi xidmət orqanlarına görə, gənc qadın polis əməliyyatı ilə öldürülən sevgilisinə terror hücumu hazırlamağa kömək edib.
Fransız prokuror Fransua Molins yəhudi marketini ələ keçirən silahlının, «Charlie Hebdo» jurnalına silahlı hücum edən Səid və Şərif Kuaşi qardaşları arasında yaxın əlaqə olduğunu bildirib və polis tərəfindən axtarılan 26 yaşlı Hayat Bumeddyenin, yenə polis əməliyyatı ilə öldürülən Şərif Kuaşinin sevgilisi Izzana Hamid ilə keçən il təxminən 500 dəfə telefonla danışdığını qeyd edib.