İngiltərə, Danimarka, Litva və Estoniyanın tələbi ilə Avropa Birliyi Rusiyaya qarşı rusca televiziya kanalı açmaq variantını nəzərdən keçirir.
Baki-xeber.com xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə, Danimarka, Litva və Estoniya nümayəndələri Avropa Komissiyasından Rusiyanın Ukraynadakı hadisələrlə əlaqədar apardığı təbliğat kampaniyasına qarşı tədbirlər görülməsini tələb edib. Tələbə görə, Brüssel, bütün Avropa Birliyi üçün Moskvadan sürətli şəkildə yayılan yanlış məlumatlara qarşı mübarizə aparmaq üçün plan hazırlamalıdır.
Dörd ölkənin nümayəndələrinin ortaq məktubunda, "Rus təbliğatı Avropa Birliyi və Qərbin birliyinə maneə törədir. Rusiyadakı azad medialar qorxur və rəhbərliyin təzyiqi altındadır, xarici mətbuat isə təqib edilir və bağlanmaq məcburiyyətində qalır" – deyə bildirilir.
Bununla birlikdə, sözügedən ölkələr, yerli xəbər kanallarına alternativ olmağı qarşısına məqsəd qoyan «Russia Today» televiziya kanalının Avropada alman, ispan və ingilis dilində yayıldığını bildiriblər.