"Mən əminəm ki, insanlar Fransadakı hadisənin İslam dini və ya müsəlmanlıqla əlaqəsi olmadığını anlayacaq. Bu hadisə cinayətkar radikallar tərəfindən törədilib. Onların törətdiyi dəhşətli cinayət İslam dininin bütün prinsiplərinin əksinədir". Bu sözləri APA-ya açıqlamasında Fələstinin Azərbaycandakı səfiri Nasir Abdulkərim deyib.
Parisdə "Charlie Hebdo” jurnalının redaksiyasına terror hücumunu şərh edən diplomat bildirib ki, belə bir cinayət xristianlar, yəhudilər, buddistlər tərəfindən də törədilə bilərdi: "Bu əməl dini təmsil etmir, çünki bütün dinlər ləyaqət prinsipinə əsaslanır, xüsusilə İslam. Təbii ki, belə bir hadisə qınanacaq, insanlar düşünəndə ki, bu vəhşilikləri müsəlmanlar törədib, onların fikirləri qarışacaq. Əminəm ki, Avropanın siyasi liderləri müxtəlif icmaların birləşməsi məsələsi üzərində işləyəcəklər".