"Sözə, ifadəyə görə cəza olmamalıdır, demokratik dünyanın son qənaəti budur”. APA-nın məlumatına görə, bu sözləri Müsavat Partiyasının sabiq Divan və Məclis üzvü, keçmiş səfir, politoloq Hikmət Hacızadə "Facebook” sosial şəbəkəsindəki qrupların birində yazıb.
H. Hacızadə Fransanın paytaxtı Parisdə baş verən hadisəni qınayaraq, bunu Müsavat Partiyası rəhbərliyinin partiya üzvlərinə qarşı cəzaları ilə müqayisə edib: "Az adam fikir verdi ki, Parisdəki bu hadisə ilə Müsavatda ifadə azadlığına görə cəzalar eyni mahiyyətdədir. Sözə, ifadəyə görə cəza olmamalıdır - budur demokratik dünyanın son qənaəti”.
"Bütün dünyanı heyrətə salan terror hadisəsi ilə Hikmət Hacızadənin sonsuz məhəbbət bəslədiyi Səxavət Əlisoya Müsavat Partiyasının Nizamnaməsi çərçivəsində cəza verilməsinin müqayisə edilməsi artıq əlavə şərhə ehtiyac yaratmır”.
Bunu isə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı partiyanın sabiq Divan və Məclis üzvü Hikmət Hacızadənin fikirlərinə münasibət bildirərkən deyib.
Qeyd edək ki, H.Hacızadə Fransanın paytaxtı Parisdə baş verən hadisənin Müsavatda ifadə azadlığına görə cəzalarla eyni mahiyyətdə olduğunu vurğulayıb.
G.Aslanlı isə H.Hacızadənin bu müqayisəsinə çox təəccübləndiyini qeyd edib. Onun sözlərinə görə, müqayisənin bu dərəcədə aparılması artıq bütün hədlərin aşılması deməkdir: "Kimsə Fransada baş verən terroru Müsavat Partiyasının hər hansı bir qərarı ilə müqayisə etmək səviyyəsindədirsə, mənim o adam haqqında söz deməyi lazım bilmirəm. Çünki Fransada baş verənlər bütün dünyanın qəbul etdiyi terror hadisəsidir və orada xeyli günahsız adam terrorun qurbanı olub”.
Xatırladaq ki, H.Hacızadə partiya tərəfindən bəzi üzvlərə verilən cəzalara etiraz əlaməti olaraq Müsavat sıralarından istefa verib.