"Avropanın İslamlaşması”na qarşı kampaniya aparan qrupun tərəfdərları ilə əleyhdarları Almaniya boyunca keçirilən yürüşlərə qatılıblar. PEGİDA - "Vətənpərvər Avropalılar Qərbin İslamlaşması Əleyhinə” qrupu ötən ilin oktyabr ayından bəri Drezden şəhərində hər həftə bu kimi çıxışlar təşkil etməkdədir.
Baki-xeber.com BBC-yə istinadən xəbər verir ki, eyni zamanda aparıcı siyasətçilərin tənqidinə məruz qalan PEGİDA əleyhinə də bir sıra mitinqlər təşkil olunub, Berlin, Köln və Drezden şəhərlərində keçirilən mitinqlər minlərlə iştirakçını cəlb edib.
DPS agentliyi Ştutqart, Münster və Hamburq şəhərlərindəki anti-PEGİDA nümayişlərinə 22 min adamın qatıldığını bildirir. Berlində isə PEGİDA əleyhdarlarının 5 min fəalı təşkilatın yürüşünə müdaxilə ediblər.
Bazar ertəsi Drezdendə PEGİDA yürüşünə gələnlərin sayı rekord sayılan 18 minə çatıb. Polis eyni zamanda keçən anti-PEGİDA mitinqində 3 min adamın iştirak etdiyini bildirib.
Kölndə anti-İslam yürüşlər əleyhinə etiraz əlaməti olaraq şəhərin əsas kilsəsi ilə yanaşı mərkəzdəki bir sıra binalar və Reyn çayı üzərindən keçən körpüdəki işıqlar söndürülüb.
Avtomobil istehsalı üzrə Volkswagen şirkəti Drezdendəki avtomobil zavodunda işıqları söndürməklə "açıq, azad və demokratik cəmiyyətə dəstək” göstərdiyini bəyan edib. Almaniya kansleri Angela Merkel Yeni il müraciətində təşkilatı tənqid edərkən onun liderlərini "qərəzçilik, soyuqluq və hətta nifaqda" suçlayıb.
PEGİDA-nın təsisçilərindən biri Drezdendə keçən yürüş vaxtı Almaniyada "siyasi təqiblərin” baş qaldırdığını deyib. "Bəs necə olur ki, siyasi sığınacaq və immiqrasiya üzrə Almaniyanın mövcud olmayan siyasətinin ədalətli tənqidinə görə biz aparıcı siyasi partiya və media tərəfindən açıq təhqir olunur, irqçi və nasist adlandırılıq?”, - Kathrin Oertel deyib.
BBC-ə danışan almaniyalı jurnalist Sigrun Rottman PEGİDA mitiqnlərində müxtəlif qüvvələrlə yanaşı sağçı və irqçi qrupların iştirak etdiyini deyib. Onun sözlərinə görə, başqa şəhərlərlə müqayisədə Drezdenin çox az immiqrant və müsəlman sakininə malik olduğunu qeyd etmək önəmlidir.
Mövzu ilə bağlı sorğu keçirən Stern jurnalı 1000-dən artıq respondentin fikrilə maraqlanıb. Sorğuda iştirak edən 8 nəfərdən anti-İslam yürüşünün evlərinə yaxın yerdə keçirildiyi təqdirdə ona qatılmaq niyyətində olduğunu deyib.
Almaniya Avropa İttifaqına üzv ölkələr arasında ən çox qaçqın və sığınacaq qəbul edən dövlətdir. Almaniyada qaçğın və sığınacaq istəyənlərin əksəriyyətini Suriya vətəndaşları təşkil edir.
PEGİDA nədir?
Təşkilat 2014-cü ilin oktyabr ayında fəal Lutz Bachmann tərəfindən Drezdendə təsis olunub. Sağ təmayüllü qrupların çətir təşkilatı olan PEGİDA mühafizəkarlardan tutmuş neo-nasist və futbol xuliqanları kimi müxtəlif qrupların dəstəyini qazanır. Qrup Avropa boyu İslamın "təhlükəli nüfuzunun” artması əleyhinə küçə çıxışları təşkil edir.
PEGİDA nasist meyllər və ksenofobiyaya yol verməsilə bağlı ittihamları rədd edir.