Dekabrın sonunda 3 il yarım müddətinə şərti cəzaya məhkum edilmiş Rusiya müxalifət lideri məhkəmənin ev həbsi barədə hökmünə tabe olmayacağını bildirib.
Baki-xeber.com BBC-yə istinadən xəbər verir ki, Aleksey Navalnıy ev həbsi barədə qərarın "qeyri-qanuni” olduğunu deyib. "Mən qanunla tələb olunan 5 sutka və ondan da artıq müddət ərzində vicdanla gözlədim. Hökm indiyədək yoxdur... Mən heç bir kağız olmadan, məhkəmənin hökm hissəsi olmadan həbsdə qalıram”, - müxalifət lideri öz bloqunda yazıb.
Qanuna görə, hökmün çıxarılmasından sonra 5 gün ərzində onun nüsxələri mühakimə edilən şəxsə, onun vəkili və ittihamçıya təqdim olunur.
"Mən ev həbsində saxlanma barədə qeyri-qanuni tələbi yerinə yetirməkdən imtina edirəm”, - Navalnıy bildirib.
Dekabrın 30-da Navalnıyın qardaşı Oleqə üç il yarım müddətinə həbs cəzası, onun özünə isə üç il yarımlıq şərti cəza kəsilərək ev həbsi uzadılıb.
Zamoskvoretsk məhkəməsinin qarşısında çıxış edən müxalifət lideri ona qarşı irəli sürülmüş ittihamların siyasi motivli olduğunu deyib.
Hökmün çıxarılmasından sonra Oleq Navalnıy "Butırka” istintaq təcridxanasına, Aleksey Navalnıy isə ev həbsinə qaytarılıb.
"Bununla öyünmək səfehlikdir. Lakin mən Rusiya məhkəmələri tarixində hökmün çıxarılmasından sonra ev həbsində qalan yeganə adamam. Cinayət məcəlləsinin 107 -ci maddəsi birmənalı göstərir ki, belə bir həbs qətimkan tədbiri yalnız şübhəli və ittiham olunan şəxslərə qarşı tətbiq olunur”.
Cinayət məcəlləsinin 311-ci maddəsinə əsasən "azadlıqdan məhrum etməni” nəzərdə tutmayan hökmün çıxarılması və yaxud da şərti cəzanın kəsilməsi təqdirində mühakimə edilən şəxs məhkəmə zalında azad olunmalıdır.
Onun vəkilləri hökmün qüvvəyə minməsinədək müxalifət liderinin ev həbsində saxlanılması ilə bağlı qərara qarşı apellyasiya iddiası ilə çıxış ediblər.
Advokat Vadim Kobzev hökmü qeyri-qanuni və əsassız kimi dəyərləndirib. Məhkəmə çox qəribə qərar çıxarıb: adama şərti cəza kəsərək ev həbsində saxlamaq", - Vadim Kobzev İnterfax agentliyinə deyib.
Cəzaların icrasına nəzarət edən dövlət qurumu (FSİN) dekabrın 30-da etiraz mitinqinə qatılmaq üçün evini tərk etmiş müxalifət liderinin ev həbsi şərtlərini pozduğunu deyərək məhkəməyə müraciət edib. Məhkəmə işi icraata götürmək iddiasını rədd edərək, müvafiq sənədləri geri qaytarıb. "Beləlilklə, Zamoskvoretsk məhkəməsinin özü də etiraf edib ki, hökmdən sonra hər hansı bir ev həbsi ola bilməz və FSİN-in mənə qarşə verdiyi şikayətini geri qaytarıb”, - Aleksey Navalnıy deyib.