Fransa prezidenti Fransua Olland 2013-cü ildə Suriyaya müdaxilə etmədiklərinə görə peşman olduqlarını bildirib. Baki-xeber.com xəbər verir ki, bununla bağlı «France Inter» radiosuna danışan Olland Fransanın İŞİD-lə mübarizədə Suriya prezidenti Bəşər Əsədlə əməkdaşlıq etmək fikrində olmadığını deyib: "Bu cür əlaqələrdən qaçmaq daha yaxşı olur. Şeytanla birlikdə getdiyinizdə, Allahın köməyinizə çatması qeyri-mümkündür".
Olland İranın "İraq və Suriyada sabitliyin davamı üçün əhəmiyyətli bir ortaq" olduğunu bildirib. O, həmçinin Suriyada müxalifəti dəstəkləmək məcburiyyətində olduqlarını bildirib: "Suriyaya 2013-cü ildə kimyəvi silahdan istifadə edildiyi vaxt müdaxilə etmədiyimiz üçün peşmanam. Müdaxilə reallaşmadı və indi qarşımızda İŞİD var".
2013-cü il avqustun 21-də Dəməşqin Şərqi Guta bölgəsində zəhərli qazdan istifadə edilməsi nəticəsində 1400-dən çox adam ölmüşdü. Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndələri də həmin vaxt Suriyada kimyəvi silahdan istifadə edildiyini təsdiqləyirdi.
Hücumun ardından ABŞ rəhbərliyi və beynəlxalq ictimaiyyət Əsəd rejimini günahlandırdı. Bu hadisədən əvvəl isə ABŞ prezidenti Barak Obama Suriya rejiminə xəbərdarlıq edərək kimyəvi silahdan istifadənin «qırmızı xətt» oldubunu və bunun hərbi müdaxiləyə gətirəcəyini açıqlamışdı. Ancaq bu baş vermədi. Ortaya Rusiya girdi, Moskvanın təşəbbüsü ilə Suriya rejimi kimyəvi silahların ölkədən çıxarılması və məhv edilməsi ilə əlaqədar müqaviləni qəbul etdi.