Çeçenistan lideri Ramzan Kadırov deyir ki, İslam Dövləti (İD) qrupu üzvlərinin Şimali Qafqazdakı yaraqlılara qoşula biləcəyindən narahat olmağa dəyməz. "Belə bir təhlükə yoxdur," - Kadırov yanvarın 4-də İnterfax xəbər agentliyinə bildirib.
"Özümüzü İŞİD-çilərlə qorxutmamalıyıq," - Kadırov deyib. İŞİD, İraq və Suriyada böyük ərazilər ələ keçirmiş İD silahlı qruplaşmasının əvvəlki adıdır. Hazırda bu qruplaşma ABŞ koalisiyasının hədəfindədir.
"Bu terrorçu qruplar içində yaxşı casus şəbəkəmiz var və bu da bizə maraqlı olanların hərəkətini izləməyimizə imkan verir," - Kadırov söyləyib.
Kadırov İD yaraqlılarının Rusiyaya kiçik təhlükə yaratdığını desə də, sözlərinə bunları da əlavə edib: "Birləşmiş Ştatlar və Qərb dövlətlərinin Yaxın Şərqi böyük bir terrorçu təlimi səhnəsinə çevirməsi Rusiya və bütün dünyaya təhlükədir".