İslam dövləti qurmaq məqsədilə İraq və Suriyada bir çox bölgəni işğal edən terror təşkilatı İŞİD, 2 milyard dollar olan illik büdcəsini 2015-ci ildə 250 milyon dollar artırmağı planlaşdırır. 62 banka əl qoyan İŞİD, yalnız neftdən gündə bir milyon dollar pul qazanır. Neft xaricində ən böyük gəliri isə zəkat və girovlar qarşılığında ölkələrdən aldığı pullardır.
Baki-xeber.com xəbər verir ki, İraq və Suriyada neft quyuları və zavodların olduğu bölgələr də daxil strateji əhəmiyyətli bir çox şəhər və qəsəbəni ələ keçirən İŞİD, burada şəriət qaydalarına söykənən idarəçilik qurub. Təşkilat Suriyanın Rakka şəhərində tətbiq etdiyi sistemi, işğal etdiyi digər şəhərlərdə də tətbiq edir. Təşkilat gəlirləri ilə də diqqət çəkir. Qaçaq neft satışı, adam oğurluğuna görə əldə edilən pullar, zəkat gəlirindən əlavə, varlılardan aldığı böyük miqdarda vergi ilə iqtisadi infrastrukturunu quran təşkilatın İraq və Suriyadakı illik büdcəsinin 2 milyard dollar olduğu bildirilir.
"Rudaw”ın məlumatına görə, İŞİD 2 milyard dollarlıq 2015-ci il büdcəsində 250 milyon dollarlıq artım nəzərdə tutur. İŞİD tərəfdarı bəzi tayfa başçılarına görə, şəhərlərin inkişaf etdirilməsindən başqa təşkilat kasıblara, dullara və uşaqları hücumlarda ölənlərə də maaş verir.
Ən əhəmiyyətli gəlir qaynağı
Bu il 250 milyon dollar artırılacağı açıqlanan büdcə təşkilatın İraq və Suriyada nəzarətindəki bölgələri əhatə edir. ABŞ Maliyyə Nazirliyi Terrorizm və Maliyyə Kəşfiyyat müşaviri David Cohen İŞİD-in təxminən neftdən gündə 1 milyon dollar civarında gəlir əldə etdiyini bildirib. Cohen təşkilatın bir başqa gəlir mənbəyinin günahsız insanların qaçırılması ilə əldə edilən pullar, tutduğu jurnalistlər və avropalı girovlar üçün milyonlarla dollarlıq ödənişlər olduğunu deyir: "Nəticədə, təkcə bu yolla İŞİD bu il ən az 20 milyon dollar alıb".
"Financial Times” qəzeti isə təşkilatın gündəlik gəlirinin 1-5 milyon dollar arasında olduğunu yazır.
İŞİD-in gəliri neft satışı, adam oğurluğu və zəkat toplanmasından başqa, şirkət və varlılardan toplanan vergilərdən ibarətdir. İraqda neft şəhəri Tikrit, Mosul, Fəllucə də daxil 13 şəhəri işğal edən İŞİD, bu bölgələrdə 62 banka da əl qoyub.
İŞİD 3 ildə həkim yetişdirəcək
Bu arada İŞİD-in Suriyanın Rakka şəhərində "tibb fakültəsi" açacağı bildirilir. "Rudaw”ın yerli mənbələrdən aldığı məlumata görə, şəhər mərkəzində bildiriş paylayan təşkilat, qurulacaq tibb fakültəsinə daxil olmaq üçün şagirdləri hazırlaşmağa çağırıb. "İŞİD səhiyyə Divanı" imzalı məlumatda, tələbələrin 3 illik təhsilin ardından "həkim" olacağı, 18-30 yaş arasında olanların bir ay içində fakültəyə daxil ola biləcəyi bildirilib.